Ülvi Almaz

Fədakar alim

Bir yarpaq söz


Onda üçüncü sinifdə oxuyurduq. Bir yaş bizdən böyük, həm də qonşumuz olan İlqar ağır xəstələnmişdi. Xeyli vaxtdan sonra məktəbə xəbər yayıldı ki, İlqar daha məktəbimizdə oxumayacaq. Onun ürəyi anadangəlmə ağır xəstədir, daim həkim nəzarətində olsa, sağ qala bilər. Ona görə o, Bakıda qohumlarıgildə qalacaq, bir az yaxşılaşandan sonra orada da məktəbə gedəcəkdir. Müalicəsi çox gecikdiyindən, gündəlik müalicə qəbul etməlidir. Əgər 25-30 yaşınacan bu müalicənin şərtlərinə dəqiqliklə əməl və nəzarət olunsa, İlqar sağalacaq və ürəyi sapsağlam olacaqdır. Həkimi professor Adilə Namazova belə qənaətə gəlibdir.
Uşaq marağıyla, yaşdaşımız İlqara olan ehtiramımızla bu həkimin adını hər dəfə radio-televiziyada eşitdikcə ona diqqət kəsildik. Az sonra hamımız öyrəndik ki, sən demə, bu həkim dünya şöhrətli pediatr Adilə xanım Namazovadır. İlqar, təbii ki, bu xeyirxah insanın qayğı və diqqəti ilə sağlam oldu. İndi 48 yaşı, gözəl ailəsi və övladları var. Hər söhbətində həyatı üçün müqəddəs olan bu insanın — böyük şəxsiyyətin adını ürəkdolusu məhəbbətlə çəkir, ondan söz açır. Bu, professor Adilə Namazova ilə “ilk görüşümüz” idi. “İkinci görüşümüz” isə redaksiyamızda oldu.
Sevimli və istedadlı bəstəkarımız Mehriban Əhmədova onun haqqında — 80 illiyinə mahnı bəstələyərək redaksiyamıza gəlmiş, həmin mahnısının ilk variantını bizə verərək kövrəkcəsinə, qəlbdolusu ehtiramla “Adilə xanım, inanın ki, çox böyük alim, gözəl insandır. Onu bütün dünya tanıyır, nə olar, bu mahnının orijinal mətnini oxucularınıza təqdim edin”.
Mehriban Əhmədovanın adı illər bundan qabaq — hələ 14-15 yaşlarından məşhur “Ana” mahnısına görə dildə-ağızda gəzirdi. O mahnı uzun illər hamının kövrək zümzüməsinə çevrilmişdi. Doğrudan da, əsl istedad sahibləri çox saf, uşaq qəlbli olurlar. Hiss olundu ki, bəstəkar Mehriban xanım öz mahnısından əvvəl Adilə xanımın adının üstündə əsir, onun üçün narahatçılıq keçirir. Bu mübarək günündə onun sevincinə sevinc qatmağa tələsir.
Görkəmli alim, ictimai xadim, mahir həkim, istedadlı pedaqoq, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, Azərbaycan Uşaq Fondunun həmsədri, Dünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü, “SOS Uşaq kəndləri Azərbaycan” Assosiasiyası İdarə Heyətinin üzvü, Azərbaycan Səhiyyə Nazirliyi Uşaq Həkimləri Cəmiyyətinin sədri, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri Adilə xanım Namazovanın 80 illiyini respublikamızın elmi ictimaiyyəti böyük ehtiramla qeyd edir.
Akademik Adilə Namazova Azərbaycan elmi pediatriya məktəbinin əsasını qoymuş, inkişaf etdirmiş dünya şöhrətli alimdir. O, bütün Şərq dünyasında ilk qadındır ki, iki nüfuzlu akademiyanın üzvüdür. Onun tədqiqat işləri uzun illərdir ki, dünya səhiyyə elminin diqqət mərkəzindədir. Ali təhsilini Bakıda alsa da, elmi fəaliyyətə Moskvada aspiranturada oxuduğu illərdə başlamışdır. Cəmi bir neçə il ötəcək, o, elmi işini yüksək səviyyədə yazıb elmi rəhbərinə – dünyada tanınan, akademik G.N.Speranskiyə rəy üçün təqdim edəcəkdi. O isə əsəri oxuyarkən heyrətini gizləyə bilməyəcək və gənc alim haqqında ürək sözlərini belə yazacaqdı: “A.Ə.Namazova bacarıqlı, yüksək intellektə malik, perspektivli, ümidverici gələcəyə, elmi və kliniki təfəkkürə malik pediatr, alim, istedadlı pedaqoqdur”. Sonralar gənc alim Bakıya qayıtsa da, doktorluq işini də Moskvada – SSRİ Tibb Elmləri Akademiyasında müdafiə etmişdir. Onda 1965-ci il idi və o dövrdə ilk azərbaycanlı qadın olaraq Adilə xanım pediatriya üzrə doktorluq elmi dərəcəsi alırdı.

Adilə Namazova elmi araşdırmalar əsasında anadangəlmə ürək qüsurlarının düzgün topik diaqnozunu dəqiqləşdirərək, kiçik qan dövranında durğunluğun dərəcəsini, qan təzyiqinin səviyyəsini araşdırmış, ilk dəfə olaraq ürək cərrahlarının və pediatrların gündəlik işlərində istifadəsi üçün təsnifat, konsepsiya tərtib etmişdir.
O, dünyada ilk pediatrdır ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı belə mükəmməl, dərin elmi tədqiqatlar aparmış və müalicəvi üsullarla, cərrahiyyə ilə uğurlu nəticələr əldə etməyə nail olmuşdur. Məşhur akademik bir-birinin ardınca bir çox elmi uğurlar əldə etmiş və hər zaman da dünyanın, o vaxtkı SSRİ-nin məşhur akademikləri, alimləri, pediatrları, cərrahları tərəfindən çox yüksək qiymətləndirilmiş və bu elmi nəticələr praktiki olaraq klinikalarda həkimlərin köməyinə çatmışdır.
Körpə uşaqların ömrünə ömür calamaq dünyanın ən böyük xoşbəxtliyidir. Mənə elə gəlir ki, Adilə Namazova Azərbaycanda, bəlkə də dünyada minlərlə, milyonlarla uşağın qəlbində ana haqqı qazanmış qadınlardan birincisidir. O, elmi işlərilə yanaşı tanınmış həkim kimi də şöhrətlənmişdi.
Respublikamızın hər bir bucağından bu həkimin adını tutub ona pənah gətirən insanlar var. Bu auditoriyanı xeyli genişləndirməyə əsaslarımız çoxdur. Çünki bu ad dünyanın hər yerində tanınır, insanlara ümid verir. Onun xoş səmimiyyəti, mehribanlığı, məhəbbəti elmi uğurlarının, həkimliyinin ruhudur. Xəstələrinin sağalmasında onun bu xarakteri vacib amillərdəndir.
Adilə xanımın elmi nailiyyətləri, mahir həkimliyi barədə, bəlkə də, yüzlərlə məqalələr yazılmışdır. Təkcə Azərbaycanda, SSRİ-də deyil, bütün dünya mətbuatında dərc olunmuş məqalələr saysızdır. I Moskva Tibb İnstitutunun Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Y.İ.Domrovskaya yazır: “Anadangəlmə ürək qüsurları son zamanlara qədər təbabətdə qaranlıq qalmış bir sahə idi. A.Namazova belə çətin problemi bütün incəlikləri ilə öyrənməklə bu sahəyə işıq salıb. O, uşaq orqanizmi üçün zərərsiz, kompleks elektro-fizioloji müasir metodlardan istifadə edərək, ümidsiz xəstələrin konservativ və cərrahi üsullarla sağalması yollarını aşkar edib. A.Namazova kardiologiya sahəsində pediatriya elminə və cərrahiyyə təcrübəsinə böyük yeniliklər gətirib”.
Adilə Namazova bu gün bir çox məşhur alimlərin, həkimlərin elmi rəhbəri kimi də nüfuz qazanmışdır. O, dünyanın bir çox elmi auditoriyalarında məruzələr edib. Onun elmi, pedaqoji fəaliyyətini sadalamaqla başa gələn deyil.
Adilə Namazova fəal ictimai xadimdir. Dövlətini, xalqını sevən bir insandır. Bu belə olmasa idi, o, indi bəlkə də Moskvada, Amerikada, ya da haralardasa çalışırdı. Çünki belə bir alimi hər hansı bir ölkə sevərək qəbul etməyə həmişə hazır olub. Lakin o, Azərbaycan sevgilidir. Dövlətimiz onu bütün ali mükafatlarla təltif edib. 1996-cı ildə isə “Şöhrət” ordeninə layiq görülmüşdür.
Akademik Adilə xanım Namazovanın 80 illik həyatını — elmi, pedaqoji, ictimai fəaliyyətini vərəqləyəndə ancaq belə qənaətə gəlmək olar: O, çox fədakar insandır.

Xalq qəzeti.- 2006.-10 noyabr.- S.6.