Fərhad Bədəlbəyli: Üzeyir Hacıbəyov öz “Arşın mal alan”ı ilə milyon diplomatın bacarmadığını etdi

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin APA-ya eksklüziv müsahibəsi

 

- Azərbaycanda simfonik, klassik musiqi əsərlərinin az yazılmasının səbəbi nədir?

- Simfonik əsərlər yazan gənc bəstəkarlarımızın sayı barmaqla sayılacaq qədərdir. Ancaq bu gün bütün dünyada klassik və simfonik musiqi yazanların sayı azalıb. Hətta Bethoven və Bramsın ölkəsi olan Almaniyada klassik musiqi yazan bəstəkarlara nadir hallarda rast gəlmək olar. Biz Qara Qarayev, Fikrət Əmirovun vaxtında yaşamırıq, indi ab-hava, cəmiyyət dəyişib. Bu gün şou-biznes hökmranlıq edir. Şou-biznesdə populyarlıq, qazanc çox zəhmət tələb olunmadan tez bir zamanda əldə edilir. Simfoniya yazan bəstəkar isə bir notun üzərində saatlarla işləyir. Ancaq estrada musiqisini bir gün ərzində yazırlar və bununla da populyarlaşırlar. İndiki mühitdə ciddi bəstəkar olmaq böyük bir fədakarlıqdır. Klassik musiqi yazan bəstəkarın qarşısında diz çökürəm. Axı Qarayevin, Əmirovun vaxtında klassik musiqinin hörməti böyük idi, bəstəkar böyük pul alırdı. Bəstəkar simfonik əsəri yazırdı və onu Moskvaya bir aylıq istirahətə göndərirdilər. Ona görə də o zaman klassik musiqi inkişaf edirdi. Bu gün bir az dirçəliş prosesi gedir, Mədəniyyət və Turizm Nazirliyində qonorarlar artır. Bəlkə pulun naminə yazmağa başladılar. Mənim fikrimcə, ciddi sənətdə pul birinci sırada dayanmamalıdır. Bu sənətdə ilk sırada bəstəkarın ambisiyası, onun istedadı dayanmalıdır. Sözsüz ki, pul bu gün hər bir kəsə, xüsusilə kişiyə lazımdır. Məişət problemləri çoxdur, ona görə indiki cavan bəstəkarlara kömək etmək lazımdır. Əks-halda bu kök kəsilsə, klassik musiqimiz məhv olacaq.

- Gələn ilin dövlət büdcəsində ən az vəsait mədəniyyət sahəsinə ayrılıb. Belə olan halda Azərbaycan mədəniyyətinin hansı inkişafından danışmaq olar?

- Sovet dövründə mədəniyyət bir ideologiya idi. Biz kommunistləri tənqid, təhqir edirik, ancaq onlar mədəniyyəti sovet ideologiyası kimi yüksəklərə qaldırırdılar. Ona görə Şostakoviç, Qarayev kimi yaradıcı insanlara böyük hörmət var idi. Çünki bilirdilər ki, onların əsərlərinin Amerikada səslənməsi sovet hökumətinə böyük "kozırlar" verirdi. Mən başa düşürəm ki, bu gün vəziyyət ağırdır, müharibə şəraitindəyik, min dərdimiz var. Bir şeyi bilmək lazımdır ki, bizim mədəniyyət bu gün informasiya müharibəsində ən qabaqcıl yeri tutur. Avstriyada "Arşın mal alan" operasını səhnələşdirəndə hamı deyirdi ki, bu cür yüksək dramaturgiya, musiqi gözləməzdik, biz heç bilməmişik ki, azərbaycanlılar bu cür millətdir. Üzeyir Hacıbəyov bircə öz "Arşın mal alan"ı ilə milyon diplomatın bacarmadığını etdi. Azərbaycan musiqisi böyük bir silahdır, bu silahdan səmərəli istifadə etmək lazımdır. Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri dünyanın müxtəlif ölkələrində səslənsə, müsəlmanlar haqqında olan mənfi rəylərin hamısını yox edər. Çox təəssüfləndim ki, Milli Məclisin üzvləri mədəniyyəti bu cür qiymətləndiriblər. Biz ancaq mədəniyyətin inkişafı ilə irəliyə gedə bilərik. Neft Səudiyyə Ərəbistanında da var, guya biz çalışıb vuruşsaq, yaponlardan yaxşı texnika-maşın və ya kompüter düzəldəcəyik? Mədəniyyətimizi gələcək nəsil üçün yaşatmayaq? Biz yaşamışıq və çox şey görmüşük, bəs bizdən sonra gələn nəsil nə görəcək? Azərbaycan bəyəm Abu-Dabidir? Abu-Dabidə hər şey qızıldandır, hamının altında bahalı maşın, villa... Ancaq onların ədəbiyyatı, teatrı, musiqisi, operası yoxdur. Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının iclasında mən də iştirak etməli idim, ancaq gedə bilmədim. O zaman belə ənənə var idi ki, hər kənddə, rayonda bir balaca kitabxana, konsert salonu, musiqi məktəbi olmalıdır. Yoxsa bizim mədəniyyətimiz yaşaya bilməz. Bu yaxınlarda Gəncədə konsert verdim, oranın camaatı klassik musiqiyə necə qulaq asırdı, ilahi. Mən gələn il 60 illiyimi qeyd edəndən sonra Gəncədə ev tikdirib, orada yaşamaq istəyirəm. İdmana diqqət edirik, qayğı göstəririk, hər yerdə bir kompleks tikilir, bəs mədəniyyət? Konsert salonları, musiqi məktəbləri niyə olmasın? Axı bu, bizim sərvətimizdir. Üzeyir Hacıbəyovun qoyduğu yol qızıl yoldur. O, bizim üçün hər şey yaradıb və qoyub gedib, gəlin bu sərvəti talan etməyək. Bu sərvəti dağıtmaq asan, qorumaq isə çətindir. İnanmaq istərdim ki, Milli Məclis gələn ilin dövlət büdcəsindən mədəniyyətə ayrılan vəsaitin artırılmasına nail olacaq.

- Milli musiqinin inkişafı üçün qanunvericilik bazasında yeni qərarların qəbuluna ehtiyac varmı?

- Ağsaqqalın, peşəkarın sözünü önə çəkmək lazımdır. Öz mövqeyimizi açıqlamaq, öz sözümüzü deməkdən qorxmamalıyıq. Bəziləri düşünür ki, deyərəm, inciyərlər. Ancaq siz yaxşıya yaxşı, pisə pis deməlisiniz. Bizdə ancaq tərifnamədir - dünya şöhrətli, görkəmli, dahi adını hamıya paylayırlar. Amma həmin adamı heç Maştağadan o yana heç kim tanımır. Nə tərif, nə də təhqir olmalıdır. Sadəcə normal, obyektiv tənqid lazımdır ki, o da bizdə çatışmır. Vaxtı ilə Əfrasiyab Bədəlbəyli, Cəfər Cəfərov əsil tənqidçilər idi. Onların tənqidi heç zaman təhqir xarakteri almırdı. Əksinə çox sevə-sevə tənqid edirdilər. Ona görə də, Zeynəb Xanlarovanın yaratdığı Leyli obrazı hələ də yaddaşlardan silinməyib. Bu gün şou-biznesə ayaq basan hər bir "ulduz" ilk addımında "mənəm, mənəm" deyir. Bu cür olmaz, məqsəd olmalıdır. Üzeyir Hacıbəyovun qurduğu bina çox səviyyəli idi. Mənim tələbələrim Murad Adıgözəlzadə, Murad Hüseynov bu yolu davam etdirirlər. Ancaq onlardan sonra da kimsə olmalıdır. Bu zənciri kəsməməliyik, kəsdiksə, batıb gedəcək. Hər bir sahədə məktəb olmalıdır. Yoxsa "mən heç kimi bəyənmirəm, mahnı yazıram, hamıdan öndə mənəm"lə davam etsək, məhv olacağıq. Bu yol bizi uçuruma aparır. Fransa televiziyasında bütün günü Amerika filmləri nümayiş etdirildiyinə görə, Amerika filmlərini 20 faizdən artıq göstərmək qadağan olunub. Bu artıq ağıllı qanundur. Yoxsa açırsan bizim kanalları, Amerika istehsalı olan filmdən başqa heç nə yoxdur. Fransız, italyan filmləri çox nadir hallarda nümayiş etdirilir.

- Bu sahədə nə isə etmək mümkündürmü?

-   Yazıçılar Birliyinin  sədri Anar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, mən özüm nə qədər demişik ki, bizə mütləq mədəniyyət telekanalı lazımdır. Bu kanalda dünyanın ən gözəl incəsənət nümunələri barədə verilişlər, dünyanın  tanınmış  muzeylərindən proqramlar yayımlamaq lazımdır. Axı bizim camaatımız dünyanın bütün ölkələrini gəzmək imkanına malik deyillər. Ona görə də bu addımın atılması çox vacibdir. Bu günlərdə Almaniyada "İki qadının dühası" əsərimi alman xanım ifa etdi. Gördüm ki, almanlara təəccüblü gəlirdi ki, müsəlman "Ove Mariya" yazıb. Bu cür işlərlə biz çox şey qazana bilərik. Ermənilərlə apardığımız müharibədə də ən böyük silahımız mədəniyyətdir.

- Fəxri adların verilməsi ilə bağlı son zamanlar bir sıra narazılıqlar ortaya çıxıb. Fərhad Bədəlbəylinin fəxri adlar verilməsi məsələsinə münasibəti necədir?

-  Yazıçı Anarla həmişə deyirdik ki, fəxri adları ləğv etmək lazımdır. Çox ucuz mexanizm və sovet sisteminin davamıdır. Fəxri adlara görə nə qədər infarktlar olub. Kiməsə verirdilər, kiməsə yox. Kimə lazımdır axı, xalq artisti, əməkdar artist adları? Bəyəm Stinq İngiltərənin xalq artistidir? Bu, çox gülməii bir şeydir. Özü də xaricdə xalq artisti deyəndə elə bilirlər folklorla məşğul oluruq. Azərbaycanda fəxri adların verilməsi intriqadan başqa bir şeyə yaramır. Son zamaniar kimə daş atırsan, gedib xalq artistinə dəyir. Mən konsertlərimdə xahiş edirəm ki, heç bir adımı deməsinlər. Sadəcə ifa edir Fərhad Bədəlbəyli, vəssalam. Yaxşı ifa edəcəyəmsə, yaxşı alqışlayacaqlar, pis ifa edəcəyəmsə, alqışlar az olacaq.

- Musiqimizin dünyada az tanınmasının, beynəlxalq müsabiqələrdə, festivallarda zəif iştirakımızın səbəbi nədir?

-  Çünki biz çox tənbəl idik. Ancaq indi vəziyyət yaxşıdır. Bu gün Alim Qasımov, Əzizə Mustafazadə, Murad Hüseynov, Murad Adıgözəlzadə kimiləri var. Hər ay simfonik orkestrimiz Almaniyaya səfər edir, bu günlərdə Qara Qarayev adına Kamera Orkestri Almaniyadan səfərdən qayıdıb və çox uğurla çıxış edib.  Vəziyyət gündən-günə yaxşılaşır. "Eurovision"a qatılmaq üçün isə qarşımıza məqsəd qoymuruq. Qarşıya məqsəd qoymaq və işləmək lazımdır. Bizim orada iştirakımız mütləq vacibdir. Çünki bu gün "Eurovision" siyasətə dönüb. Bu müsabiqənin çox axmaq şərtlərindən biri odur ki, musiqilər ingiliscə ifa olunmalıdır. Məsələ budur ki, bizimkilər ingilis dili ilə məşğul olmurlar. Mən "Eurovison"da Brilyant Dadaşovanı məhz "Vokaliz"lə görürəm. Əgər Zülfiyyə Xanbabayeva ingilis dilini öyrənsə, yarışmaya gedə bilər. Əgər bu müsabiqədə iştirak etmək istəyirlərsə, bu gündən hazırlaşmaq lazımdır. Ora getməzdən öncə Azərbaycanın daxilində bir müsabiqə keçirmək lazımdır. Müsabiqədə yaş həddi var, ona görə də ümidimiz ancaq gənclərədir. İndi "Akademiya" müsabiqəsi keçirilir, ancaq müsabiqənin səviyyəsi məni bir o qədər də qane etmir. Hər halda bu gün Tofiq Quliyev, Səid Rüstəmov səviyyəsində bəstəkar görmürəm.

- Bu gün gənc bəstəkarların səviyyəsindən nə dərəcədə razısınız?

- Dırnaqarası bəstəkarları mən bəstəkar hesab etmirəm. Mən özüm musiqi yazıram, ancaq özümə bəstəkar demirəm. Sadəcə bu fəaliyyətimi bir musiqi eksperimenti sayıram. Bəstəkar olmaq üçün böyük məktəb keçməlisən, mütləq oxumalısan. Bu gün bəzi müğənnilər notu belə bilmirlər. Belə biabırçıhq, savadsızlıq olar? Biz 11 il orta məktəbdə, 5 il Konservatoriyada, 2 il aspiranturada oxuyurduq. Bu, çox məsuliyyətli bir işdir. Toy mahnılarını yazmağa nə var ki? Gün ərzində 15 belə mahnı yazmaq olar. Ancaq simfoniyanı yazmaq üçün ən azı yarım il işləməlisən. Bu gün şou-biznesdəki musiqiçilər çox yaxşı yaşayır. Ciddi musiqi ilə məşğul olan adamlarda isə bu imkan yoxdur. Ciddi musiqimizin məhv olmamağı üçün gənclərə qayğı göstərmək lazımdır.

-  Bu gün bəzi simfonik musiqi alətləri üzrə mütəxəssislər yetişmir. Bu, bizim orkestrlərimizin fəaliyyətinə son qoya bilərmi?

-  Əlbəttə, bu təhlükə var. Vaxtı ilə Üzeyir Hacıbəyov Moskvadan, Leninqraddan musiqiçilər gətirməkdən çəkinmirdi. Rusiya 2-3 milyon dollar verib futbol komandası üçün baş məşqçi gətirib. Biz də istəyərdik ki, yaxşı mütəxəssisləri buraya cəlb edək. Hər şey maliyyə problemləri ilə əlaqədardır. Bu il prezident fərmanı ilə 300 min AZN ayrıldı və biz bu vəsaitə 20 royal almaq fikrindəyik. Çünki Bakı Musiqi Akademiyasında olan royallarsa ilin royalıdır. Ümumilikdə isə mədəniyyət üzrə strateji proqram yoxdur. Mədəniyyətimizin inkişafı üçün ilk əvvəl strateji proqram məsələsini həll etməliyik. Bu barədə bir kollektiv fikir yoxdur. Kimsə nə isə deyir, ancaq əməlli-başlı bir proqram hazırlaya bilmirik. Əgər mədəniyyət üçün strateji proqram hazırlayıb təqdim etsək, mədəniyyətə ayrılacaq rəqəm də başqa olacaq.  Heç kim Bakıda yeni konsert salonu tikmək barədə fikirləşmir. Heydər Əliyev adına Saray 30 il bundan əvvəl tikilib. Axı vaxt gedir, yeni texnologiyalar yaranır.

-  Musiqidə sintezi yenilik kimi qəbul edirsiniz?

- Əlbəttə, qəbul edirəm. Vaqif  Mustafazadənin, Alim Qasımovun sintezini yenilik kimi qəbul etməmək mümkün deyil. Ancaq muğamı replə bir yerdə görmürəm. Men repi meyxana ilə görürəm. Muğam ciddi, klassik sənətdir. Hər halda xaricdə bütün formalarla eksperiment edirlər. Məsələn, Leyli və Məcnunu səhrada görürəm. Özü də 14-15 yaşında qız və oğlanın ifasında. 30-40 yaşında Leyli, yaxud Məcnun rolunu oynamaq olmaz. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"nunu nə qədər eyni quruluşda oynamaq olar? Bunlar başa düşmürlər ki, XXI əsrdir, yeniliklər etmək lazımdır.

-   Vəzifəniz  sizə  yaradıcılıqla məşğul olmağa mane olmur?

- Çox mane olur. Gələn il 60 illik yubileyimi qeyd edib, vəzifədən gedəcəyəm.

 

İki sahil.- 2006.- 4 noyabr.- S. 8.