“Yaponiyada Azərbaycan milli musiqisi və rəqsi” adlı tədbir keçirilmişdir
Noyabrın 25-də
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təşkilatçılığı
ilə "Qafqaz-Xəzər Salonu" proqramı çərçivəsində
Osaka şəhərində "Azərbaycan milli musiqisi və
rəqsi" adlı növbəti tədbir keçirilmişdir.
Dostluq Cəmiyyətinin sədri, "Qafqaz-Xəzər
Salonu" layihəsinin müəllifi, Osaka Universitetinin
tədqiqatçı alimi Rəhman Şahhüseynli tədbiri açaraq layihə
çərçivəsində görülmüş işlərdən, bu cür
tədbirlərin Azərbaycan ilə Yaponiya arasında dostluq
əlaqələrinin inkişafında əhəmiyyətindən
danışmışdır.
O demişdir ki, "Qafqaz-Xəzər Salonu" layihəsinin
növbəti mərhələsində dekabrın 28-də Osaka
şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə möhtəşəm tədbir
keçiriləcəkdir. R.Şahhüseynli bütün iştirakçıları həmin
tədbirə dəvət etmişdir.
Osakanın tanınmış elm xadimləri, ziyalılar, ictimaiyyətin,
eləcə də türk diaspor təşkilatları
nümayəndələrinin iştirak etdiyi bu tədbirin sonunda
peşəkar rəqqas Ramil Cəfərov milli rəqslərimizi
ifa etmişdir.
Sonra Azərbaycanın milli rəqsləri və klassik
musiqimizlə bağlı video-materialların nümayişi olmuşdur.
Yaponlar milli mədəniyyətimizə, rəqs və
musiqimizə heyranlıqlarını bildirmiş, milli musiqimizin sədaları
altında rəqs etmişlər.
Azərbaycan.-2006.-28 noyabr.-S.8.