Zəhra
"Azərbaycan tarının
atası" yad edilib
Ustad tarzən Sadıqcanın
160 illiyi qeyd olunub
Ötən gün Musiqi
Mədəniyyəti Muzeyində görkəmli tarzən Sadıqcanın
160 illiyinə həsr olunan tədbir keçirilib. Mərasimi giriş
sözü ilə muzeyin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova
açaraq, Sadıqcanın Azərbaycan musiqi sənətinin inkişafında böyük
rolu olduğunu vurğulayıb. O, Sadıqcanın həm mahir tar ustası, həm
də istedadlı muğam ifaçısı kimi tarixə düşdüyünü söyləyib.
Muzeyin şöbə müdiri Təranə Qazıyeva Sadıqcanın həyat və yaradıcılığı haqqında danışıb: "Musiqi tariximizdə müstəsna rol oynayan Sadıqcan 1846-cı ildə Şuşada anadan olub. Uşaqlıqdan xalq musiqisinə böyük həvəs göstərib. Böyük istedada və qabiliyyətə malik tar ifaçısı musiqi sahəsində yeniliklər edib. O, tarda mükəmməl ifası ilə tanınmaqla yanaşı, tarın ifaçılıq imkanlarını genişləndirib. Tarzən bu musiqi alətinə daha 5 sim əlavə edərək, 11 simli tar yaradıb. Azərbaycanda onu "Tarın atası" adlandırırlar. Sadıqcan 1902-ci ildə Şuşada vəfat edib.
Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti, əməkdar artist Zamiq Əliyev
musiqi sənətində
böyük rolu olan sənətkarların yubileylərinin qeyd edilməsini yüksək qiymətləndirib: "Sadıqcan
təkcə tarda deyil, bir çox
musiqi alətlərində
ifa etməyi bacarıb, gözəl muğam ifaçısı olub.
Onun kimi istedadlı ifaçıların səyi nəticəsində
muğamımız bu gün inkişaf etmiş
musiqi növlərindən
biridir. Sevindirici haldır ki, bu
gün Sadıqcan ənənəsini davam etdirən gənclərimiz
var. Dövlət tərəfindən də
muğamlarımıza diqqət və qayğı gün-gündən
artır".
Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin dekanı, əməkdar artist Vamiq Məmmədəliyev gənclərimizin Sadıqcan ənənələrinə böyük maraq göstərdiyini bildirib: "Dəyərli sənətkarları xatırlamaq xalq musiqisinə olan böyük hörmət və marağın sübutudur. Biz belə tədbirlər keçirərək gənclərimizə musiqimizin, ifaçılıq sənətimizin görkəmli nümayəndələrini geniş tanıtmalıyıq. Sadıqcan tarda bir çox yeniliklər edən, tarı təkmilləşdirən sənətkar kimi musiqi tariximizdə müstəsna yer tutan sənətkardır".
Sadıqcanın nəticəsi Sabir Sadıqov görkəmli tarzənin yaradıcılığına dəyər verənlərə, onun xatirəsini yad edənlərə təşəkkürünü bildirib.
Yubiley mərasimində tarzənlərdən Vamiq Məmmədəliyev "Nəva", Elxan Mansurov "Mahur-hindi", Zamiq Əliyev "Bayatı-Şiraz", Sadıqcan adına müsabiqənin qalibi Vüsal İsgəndərzadə "Çahargah", xanəndələrdən Mənsum İbrahimov "Dilkəş", Təyyar Bayramov "Segah" təsnifini səsləndirib. Tədbir çərçivəsində "Sadıqcan və onun davamçıları" adlı sərgi nümayiş olunub. Həmçinin mərasimdə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyilə buraxılan, musiqi mədəniyyətimizin tarixini özündə əks etdirən muzey eksponatları təsvir olunmuş suvener dəftərxana məmulatlarının təqdimatı keçirilib.
525-ci qəzet.- 2006.- 11 noyabr.- S. 22.