Gülər
Oqtay Ağayevi itirdik
Xalq artisti dünən Yasamal qəbiristanlığında torpağa tapşırıldı
Dünən səhər saatlarında xalq artisti, tanınmış
müğənni Oqtay Ağayev 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Dünən
saat 14.00-dan başlayaraq Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında mərhumla vida mərasimi keçirihb.
Vida mərasimində
çıxış edən Mədəniyyət və
Turizm nazirinin müavini Ədalət Vəliyev mərhumun Azərbaycan mədəniyyətində
danılmaz xidmətləri
olduğunu qeyd edib: "Oqtay Ağayevin mahnıları heç vaxt unudulmayacaq.
Onun özünəməxsus ifası bizim yaddaşımızda həmişə qalacaq. Oqtay Ağayev Tofiq
Quliyev, Rauf Hacıyevdən başlamış gənc bəstəkarlara qədər hamı ilə - bütün istedadlı bəstəkarlarla
əməkdaşlıq edirdi.
Onun üçün əsas məğz bəstəkarın adı-sanı deyil, musiqisinin gözəlliyi idi. Bütün SSRİ-nin sevimlisi
olan Oqtay Ağayevi itirməyimiz bizim üçün ağırdır.
Bu insan yaşadığı
ömür ərzində heç zaman şikayət
etmirdi və öz problemləri ilə heç kimi
narahat etmirdi".
Mərasimdə xalq artisti Natəvan
Şeyxova O.Ağayevin Azərbaycan mədəniyyətində
tutduğu mövqe və insanlığı ilə seçildiyini deyib.
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, professor Ramiz Zöhrabov qeyd edib
ki, 100 illər keçsə belə, o, yaddan çıxmayacaq: "İfa etdiyi hər
bir mahnının lent yazısı televiziyalarda, radio dalğalarında səslənəcək.
Çünki o hər ifası ilə şedevr yaradıb".
Xalq artisti Mübariz Tağıyev isə gənclərə sənətlərində Oqtay
Ağayev kimi diqqətli olmağı və daima öz
üzərində işləməyi
məsləhət görüb:
"Oqtay Ağayev 73 yaşına kimi səhnədə
çıxış etdi. Bu onun sənətinə
olan məhəbbətindən
irəli gəlirdi.
Son zamanlar deyirdi
ki, yaman çox ulduzlar peyda
olur. Düz deyirdin, Oqtay,
çoxdurlar, ancaq mən ümidvaram ki, onlar sənin
yolunu davam etdirəcəklər".
Bəstəkar Rauf Abdullayev də matəm mitinqində çıxış edərək mərhumun ailəsinə başsağlığı verib. Sonra mərhum Yasamal
qəbiristanlığında torpağa
tapşırılıb.
Oqtay Ağayev 1935-ci ildə anadan olub. 1953-cü ildə
Asəf Zeynallı adına
Musiqi Texnikumuna daxil olub. Sonralar R.Hacıyevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Estrada Orkestrinin solisti olub.
1962-ci ildə həmin orkestrlə Kreml Sarayında böyük konsert verib. Əlcəzair,
Mərakeş,
Polşa,
Çexoslovakiya, Bolqarıstan, Rumıniya,
keçmiş
SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub.
"O qızı tapın", "Dağlarda döyüş" və s. filmlərdə mahnılar
ifa edib. V.Mustafayevin
"Yapon və Yapon" filmində milis rəisi roluna çəkilib.
"Humay" mükafatçısıdır...
... Ömrünün 40 ildən çoxunu
sənətə həsr
etmiş canlı korifey çətinliklərlə,
haqsızlıqlarla çox üzləşsə də, heç vaxt həvəsdən
düşmədiyini təkrarlayardı
dönə-dönə. Səsini, nəfəsini,
istedadını da Allah vergisi sayardı.
"Mən hələ 1952-ci ildə Asəf Zeynallı adına Musiqi
Texnikumuna daxil olanda, Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını ifa etmişdim, Elə
o mahnı ilə də məni qəbul etmişdilər. O zamanlar istedadlı insanlara qiymət verirdilər", -"Ekspress"ə
son müsahibəsində xatırlayıb
bunları.
Onu sənətin zirvəsinə
aparan yolun banisi - böyük Üzeyir bəyin qoyduğu qayda-qanuna, ədəb-ərkana həmişə
sadiq idi Oqtay Ağayev. Nə qədər ucalsa da, təvazökarlığından qalmırdı: "Mənim müəllimim Sofya İvanovna Xaffen idi. Mənim bu gün Oqtay Ağayev kimi
tanınmağımda onun böyük rolu olub.
Sonra əsgərliyə getdim.
Əsgərlikdən qayıdandan sonra
da yaxşı müəllimə rast gəldim. Həmin dövrlərdə müəllimim
Firudin Mehdiyev idi. O da
Bülbülün tələbəsi
olmuşdu. Bir gün o, Bülbülü
sinfə çağırdı. Dedi ki, "professor, bunlar mənim tələbələrimdir, görün,
ifaları xoşunuza gələcəkmi?" Mənim ifam
Bülbülün çox xoşuna gəldi. Dedi ki, "bu oğlanın yağla
çörəyi var, ikranı özü
qazanacaq".
Elə 1958-ci ildə məşhur "Qaya" kvartetinə, oradan da Rauf
Hacıyevin Estrada Orkestrinə
qəbul olunması da bu ənənələrə
sadiq qalması ilə bağlıydı.
Son illər
musiqimizin acınacaqlı vəziyyətə düşməsi
sənətkarı çox narahat edirdi. Xüsusən
də şikayəti şou-biznesdən idi: "Şou-biznesin öz qanunları var. Elə müğənnilər tanıyıram ki, milyoner olublar,
amma öləndə bir qəpikləri də olmayıb. Şou-biznesə
düşməyəsən, düşdün,
evin yıxıldı. Cavansan, atlanıb-düşəcəksən, bəs
on ildən sonra nə edəcəksən?
40-50 yaşında atlanıb-düşə
bilməyəcəksən, axı. Gülərlər. Vaxtında pul qazanıb, yığıb qaçdın,
qaçdin. Qaçmadın, evin yıxıldı".
Oqtay Ağayev pul yığmadı,
heç buna cəhd də göstərmədi. Bəlkə də o bu qənaətə
gələndə, artıq
gec idi, ancaq gec olmasaydı
belə, o, pul üçün oxuya bilməzdi...
... Bununla belə heç nədən şikayəti yox idi. Oqtay Ağayevin. "Şikayətim yoxdur.
Mənə layiqincə qiymət
verilir. Kommunistlərin
dövründə adam
yeri-nə də qoyulmurdum", - deyirdi...
Allah rəhmət
eləsin!
Ekspress.- 2006.- 15 noyabr.- S. 13.