Azərbaycanın musiqi mədəniyyətinə
böyük itki üz vermişdir. Noyabrın 13-də ömrünün 73-cü ilində Azərbaycan estradasının görkəmli müğənnisi, Xalq artisti Oqtay
Cəfər oğlu Ağayev vəfat etmişdir.
Oqtay Ağayev 1934-cü il noyabrın
7-də Bakı şəhərində
anadan olmuşdur. A.Zeynallı adına
Musiqi Məktəbini bitirdikdən sonra 1956-cı ildə görkəmli bəstəkar Rauf Hacıyevin idarəsi ilə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti kimi fəaliyyətə
başlayan Oqtay Ağayev eyni zamanda
“Qaya” vokal kvartetinin üzvü idi. 1958-1971-ci illərdə
Azərbaycan Dövlət
Estrada Orkestrində və
paralel olaraq 1969-cu ildən M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında
öz sənət yolunu davam etdirən
müğənni 1971-1984-cü illərdə
Tofiq Əhmədovun rəhbərliyi ilə Azərbaycan Dövlət Radio
və Televiziya Estrada Orkestrinin solisti olmuşdur. 1984-88-ci illərdə
Azkonsertdə çalışmış müğənni böyük müvəffəqiyyətlə zəngin
milli musiqimizi dünyaya tanıtdırmış, öz lirik, bənzərsiz
səsi ilə milyonları məftun etmişdir.
Oqtay Ağayevin fəaliyyətində
Azərbaycan musiqi mədəniyyətinin təbliğinə
həsr olunmuş qastrollar böyük yer tutur. Keçmiş Sovetlər İttifaqından tutmuş, dünyanın demək olar ki, bütün ölkələrində
səfərlərdə olan
Oqtay Ağayevin çıxışlarını tamaşaçılar böyük səbirsizliklə gözləyirdilər. Onu hər
yerdə Azərbaycan incəsənətinin, musiqisinin
istedadlı təmsilçisi kimi alqışlayırdılar. O,
Kremlin Böyük Zalında, digər konsert salonlarında geniş proqramla çıxış edərək milyonlarla tamaşaçının rəğbətini qazanmışdı. 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri
adına layiq
görülən Oqtay Ağayev Prezident təqaüdçüsü idi.
Son illər R.Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrında çalışan qocaman müğənni teatrın gənc solistləri ilə tez-tez təmasda olur, onların bir
sənətçi kimi yetişməsində əlindən
gələni əsirgəmirdi.
Oqtay Ağayev öz məlahətli
səsi və ecazkar ifası ilə
daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi
Xalq
qəzeti.-2006.-15 noyabr.-S.6.