Sənətkar ömrünün sonu yoxdur

 

Noyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan estradasının istedadlı nümayəndəsi Oqtay Ağayevin son mənzilə yola salınması mərasimi keçirilmişdir.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev mərasimi açaraq bildirmişdir ki, ölkəmizin musiqi tarixində özünəməxsus yeri olan Oqtay Ağayev ömrünün 73-cü ilində dünyasını dəyişmişdir. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirdikdən sonra uzun illər səhnədə olduğunu vurğulayan natiq diqqətə çatdırmışdır ki, ötən əsrin 70-ci illərində o təkcə Azərbaycanda deyil, eyni zamanda SSRİ məkanında populyar estrada müğənnisi kimi tanınmışdır. Orijinal sənət üslubu olan sənətkar həm də filmlərdə çəkilmişdir.

Sənət dostları Oqtay Ağayevin Azərbaycan estradasının inkişafındakı xidmətlərindən, bir insan kimi təvazökarlığından danışdılar. Əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan xalq artisti adına layiq görüldüyü vurğulanan tədbirdə diqqətə çatdırıldı ki, gənc nəsil bundan sonra da Oqtay Ağayevin mahnılarından hələ çox şey öyrənəcəkdir. Bu o deməkdir ki, sənətkar ömrünün sonu yoxdur.

Allah rəhmət eləsin.

 

Respublika.- 2006.- 15 noyabr.- S. 7.