Tofiq Quliyevin barelyefinin açılışı oldu

 

Ötən gün bəstəkarın doğum günü idi

 

Xalq artisti, bəstəkar Tofiq Quliyevin yaşadığı evin önündə - Hüsü Hacıyev 23-də xatirə lövhəsinin açılış mərasimi keçirilib. Qeyd edək ki, ötən gün həm də bəstəkarın 89 yaşı tamam oldu. Açılışı doğum gününə təsadüf edən barelyefin müəllifi heykəltaraş Ömər Eldarovdur.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın heç zaman unudulmayacağını və yaratdığı musiqiləri ilə insanların qəlbində daima yaşayacağını qeyd etdi: "Musiqi sənəti inkişaf edib yaşadığı qədər Tofiq Quliyevin musiqiləri də yaşayacaq. Onun mahnıları artıq bəşəri əhəmiyyət kəsb edir. Bir-birindən gözəl milli kinolarımız üçün yazdığı musiqilər Azərbaycanla yanaşı, əksər ölkələrdə dillər əzbəridir".

Açılış mərasimində çıxış edən Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Ramiz Zöhrabov Tofiq Quliyevi estrada və caz musiqisinin banisi olduğunu dedi. Bəstəkarın sözlərinə görə, Tofiq Quliyevin peşəkarlığı musiqinin bir çox janrlarında özünü biruzə verib. "Onun ilk mahnısı Mirzə Ələkbər Sabirin sözlərinə yazılıb. Dahi bəstəkar 200-dən artıq mahnının yaradıcısıdır. Ömrünün son günlərini yataqda keçirsə belə, yaradıcılıq işlərini davam etdirdi. Ölümündən bir neçə gün sonra onun yenicə yazdığı bəstələri tapılmışdı. Bu gün Tofiq Quliyev kimi bəstəkara çox böyük ehtiyac var. Əminəm ki, illərin ötməsindən asılı olmayaraq, onun musiqiləri hər birimizin qəlbini fəth edəcək" - deyə R.Zöhrabov qeyd etdi.

Bəstəkar Siyavuş Kərimi isə söylədi ki, gələn il görkəmli bəstəkarın 90 illik yubileyidir və bununla bağlı silsilə tədbirlər keçiriləcək.

Bəstəkar Arif Məlikov gənc bəstəkarların Tofiq Quliyev məktəbini keçməsini arzuladı. "Əsl bəstəkarın mahnıları sayına görə deyil, keyfiyyətinə görə seçilməlidir. Onun mahnıları insanların ürəyinə çox yaxındır və bu, davamlı olacaq".

Xalq artisti Rasim Balayev Tofiq Quliyevin Azərbaycan mədəniyyətinə tövhə olduğunu qeyd etdi: "Tofiq Quliyev musiqisini sevən insan pis insan ola bilməz. Onun tək Azərbaycan incəsənətində deyil, Azərbaycan kino sahəsində də danılmaz xidmətləri olub".

Tədbirin sonunda Tofiq Quliyevin oğlu kinorejissor Eldar Quliyev növbəti il atasının 90 illik yubileyinin qeyd olunacağını bildirdi. Daha sonra tədbir iştirakçıları bəstəkarın məzarını ziyarət etdilər.

 

Kaspi.- 2006.- 8 noyabr.- S. 8.