Xəlilov Y.
Kölndə
“Zərifə–Art” İncəsənət Assosiasiyasının yubiley
sərgisi
Almaniyanın Köln şəhərində fəaliyyət
göstərən “Zərifə-ART” İncəsənət
Assosiasiyası təsis olunmasının 10-cu ildönümünü qeyd edir.
Qurumun yaradıcısı hazırda Almaniyada yaşayıb-yaradan həmyerlimiz memar
İldırım Sultanovdur. “Canlı və bəşəri incəsənət
ölməz və sərhədsizdir” devizi altında fəaliyyət
göstərən assosiasiyanın əsas məqsədi Azərbaycanın
və digər ölkələrin sənət adamlarını
müştərək yaradıcılıq əməkdaşlığında
birləşdirməklə təşkilatlandırmaq, milli
mədəniyyətimizi və incəsənətimizi
Qərbdə təbliğ etməkdir. Assosiasiya ölkəmizə dair
mədəni proqramların, sərgi, təqdimat və yubiley
mərasimlərinin təşkilinə, tanınmış sənət
adamlarının, musiqiçilərin, rəssamların işinə maddi və
mənəvi dəstək verməyi də qarşısına
məqsəd qoymuşdur.
Assosiasiyanın yubileyinə həsr olunmuş bədii
sənətkarlıq nümunələrindən və rəsm
əsərlərindən ibarət sərgidə Azərbaycan,
Rusiya, İspaniya, Fransa, Almaniya və Əfqanıstandan
“Zərifə-ART” ilə əməkdaşlıq edən 17
rəssamın, heykəltəraş-memarın, quruluşçu dizaynçının
10a0-dən artıq əsəri nümayiş etdirilir. Ölkəmizi sərgidə
Almaniyada yaşayıb-yaradan tanınmış sənətkarlarımız —
Azərbaycanın əməkdar rəssamı, YUNESKO-nun Rəssamlar
Federasiyasının üzvü Əşrəf Heybətov, Azərbaycan və
Gürcüstanın rəssamlar ittifaqlarının üzvü Sabir Çopurov, memar Ofeliya
İmanova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Marqarita
Kərimova-Sokolova və heykəltəraş Mübariz Əmiraslanov
təmsil edirlər.
Assosiasiyanın rəhbəri İldırım Sultanov açılış mərasimində
qonaqları səmimiyyətlə salamlayaraq, qurumun 10 illik
fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O
əminliklə bildirmişdir ki, “Zərifə-ART”
fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
Köln bələdiyyəsi mədəniyyət idarəsinin
başçısı Yohannes Bunk təbrik nitqində assosiasiyanın
fəaliyyətini və uğurlarını yüksək dəyərləndirərək
qeyd etmişdir ki, xalqlar və mədəniyyətlər arasında
körpü rolunu oynayan bu xeyirxah qurum Qafqaz xalqlarının, xüsusilə
Azərbaycan xalqının mədəni irsinin fəal təbliğatçısı
və təşviqatçısıdır. O vurğulamışdır ki, növbəti
beynəlmiləl sərginin keçirilməsi xalqlar arasında, o
cümlədən alman və Azərbaycan xalqları arasında dostluq
münasibətlərinin inkişafına, Şərq-Qərb
mədəniyyətlərinin qaynayıb-qarışmasına zəmin yaradan
əlamətdar hadisədir.
Sonra assosiasiya adından Köln şəhər
bələdiyyəsinə xatirə hədiyyəsi — “Qarabağ
xanəndələri” kompakt disk dəsti, Qarabağ haqqında kitab
və bukletlər təqdim olunmuşdur.
Sərgi noyabrın 26-dək davam edəcəkdir.
Xalq qəzeti.- 2006.- 15 noyabr.-
S. 4.