Hacızadə A.
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu diplomatik nümayəndəliyimizdə
keçirilən görüşdə “Şən və Hazırcavablar Klubu” (ŞHK)
televiziya oyununun 45-ci ildönümü münasibətilə dövlətimizin
başçısı İlham Əliyevin təbrik məktubunu və ən
səmimi arzularını “Şən və Hazırcavablar” Beynəlxalq
klubunun (ŞHK) və AMİK teleşirkətinin prezidenti Aleksandr Maslyakova
təqdim etmişdir.
Təbrik məktubunda deyilir ki, onun iştirak etdiyi çoxsaylı
uğurlu layihələr arasında “ŞHK” xüsusi yer tutur və 40 il
ərzində bu verilişin dəyişməz aparıcısı kimi A.Maslyakov,
sözün əsil mənasında, klubun simasına çevrilmişdir.
Səfir P.Bülbüloğlu qeyd etmişdir ki, ümummilli liderimiz Heydər
Əliyev ŞHK-ya xüsusi diqqət və qayğı göstərirdi və
hazırda bu xoş ənənəni dövlətimizin başçısı İlham
Əliyev davam etdirir.
Aleksandr Maslyakov dövlətimizin başçısına dərin minnətdarlığını
bildirərək demişdir: “Mən bu diqqətə görə İlham
Heydər oğluna çox minnətdaram və xoşdur ki, onun maraq
dairəsinə ŞHK da daxildir. Ümidvaram ki, Prezident İlham
Əliyevin rəhbərliyi altında və diqqəti
sayəsində Azərbaycanda ŞHK-çılar nəsli davam
edəcəkdir. İstərdim ki, o əfsanəvi komandanın yeni nəsilləri
yetişsin, çünki Azərbaycanda istedadlı insanlar var və onlara klubda
həmişə yer tapılar. Mən Heydər Əlirza oğlunu və
onun bizə xoş münasibətini xatırlamaya bilmərəm. Bir
vaxtlar biz Bakıda superoyunlardan birini çəkirdik. Onda Bakı və
Odessa komandaları görüşürdülər. Heydər Əlirza oğlu bizi
qəbul etməyə vaxt tapdı. Biz müxtəlif mövzularda xeyli
danışdıq. Bu, bizim üçün gözlənilməz idi və prezidentlərin
ŞHK-ya marağı Heydər Əlirza oğlundan başlandı”.
P.Bülbüloğlu A.Maslyakovu Bakıya dəvət edərək demişdir ki,
onun səfəri Bakıda yeni ŞHK komandasının yaranmasına təkan
verəcəkdir.
Görüşdə Milli Məclisin deputatı, “Bakılı oğlanlar” komandasının sabiq
kapitanı Anar Məmmədxanov, İTAR-TASS-ın baş direktorunun birinci
müavini Mixail Qusman, A.Maslyakovun xanımı Svetlana Maslyakova iştirak
edirdilər.
Xalq qəzeti.- 2006.- 24 noyabr.- S.2.