Ağayarov Ş.
İntellekt, idarəçilik qabiliyyəti
və sadəlik
Əbülfəs Qarayevin 50 illiyi
münasibətilə
- Qarayev Əbülfəs Mürsəl oğlu 13
noyabr 1956-cı ildə Bakıda anadan olmusdur.
- 1974-1978-ci illərdə Bakı Xarici
Dillər İnstitutunda ali təhsil almış, bir müddət
Saatlı rayon orta məktəbində müəllim kimi
fəaliyyət göstərmişdir.
- 1978-1980-ci illərdə hərbi
xidmətdə olan Ə.Qarayev hərbi xidmətdən sonra
1985-ci ilə qədər Azərbaycan Komsomolu Mərkəzi
Komitəsinin bölmə müdiri isləmişdir.
- 1985-1989-cu illərdə Bakı
şəhəri Nərimanov rayon Partiya Komitəsinin təlimatcısı
şöbə müdiri vəzifələrində çalışmışdır.
-
1989-1992-ci illərdə Rusiya İctimai Elmlər Akademiyasının
aspirantı olmuş və fəlsəfə elmləri namizədi
dərəcəsini almışdır.
-
1992-1993-cü illərdə Bakı Politologiya İnstitutunun baş
müəllimi, 1993-1994-cü illərdə isə "İmproteks"
LTD şirkətində kommersiya direktoru işləmişdir.
- Ölkə başçısının 30 yanvar 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm naziri
vəzifəsinə təyin olunmuşdur.
İslahat
Ölkə Prezidentinin bəzi
nazirliklərin yenidən təşkili barədə verdiyi
fərman (30 yanvar 2006-cı il) digər
sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin
də inkişafı üçün əhəmiyyətli addım idi. Bu
islahatın ən əsas qayəsi, dünya təcrübəsində
olduğu kimi, turizmin mədəniyyətlə birləşməsi
idi. Məlumdur ki, Azərbaycan turistləri
daha çox tarixi abidələri və yaşı eramızdan çox-çox
əvvələ gedib çıxan qədim yaşayış məskənləri
ilə cəlb edir. Tarixi abidələrin
isə qorunma və bərpa işləri qənaətbəxş
səviyyədə deyil. Bu mənada turizm
və abidələrin mühafizəsi, qorunması və bərpası
şöbələrinin bir nazirlikdə fəaliyyət
göstərməsi turizmdən gələn vəsaitin tarixi
abidələrə yönəlməsini labüdləşdirir. Bununla da mədəniyyətin hər iki sahəsi
qarşılıqlı mübadilə şəraitində inkişaf edir. Digər tərəfdən əvvəllər turistlərin
marağına səbəb olan obyektlərin başqa bir nazirliyin
idarəçiliyində olması bu sahə ilə məşğul olan
insanların işini çətinləşdirirdi. Necə
deyərlər, qonağa göstərəcəyi obyektlərin hansı
vəziyyətdə olması səndən asılı deyildi. Halbuki bu, turistlərin sayının ilbəil artması və
daha çox gəlir gətirməsi ilə yanaşı, həm də
Azərbaycanın təqdimatı, Azərbaycanın mədəni
səviyyəsinin göstəricisidir. Odur ki,
turizm və mədəniyyət sahələrini yaxşı bilən
və bu sahələrin vəhdətdə inkişafına nail olmağı
bacaran, eyni zamanda müasir dünya mədəniyyətinin və
turizminin inkişaf istiqamətlərindən xəbərdar olan bir
şəxsə ehtiyac var idi. Aradan o
qədər böyük zaman keçməsə də, baş verən
yeniliklər ölkə başçısının təyinatının dəqiq olduğunu
sübuta yetirdi.
Yeni nazirlik
Bildiyiniz kimi, 2006-cı il
Azərbaycanda Rusiya İlidir. Bu ictimai-siyasi və
mədəni sahələrlə yanaşı, turizm sahəsində
də bir çox yeniliklər üçün yaxşı fürsətdir. Demək olar ki, Mədəniyyət və Turizm Nazirliyi
öz imkanları daxilində bu fürsətdən istifadə etməyi
bacardı. Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən
tədbirlər silsiləsi (Rus kinosu günləri, Şostakoviç
festivalı, Azərbaycanın Samara Vilayətində
mədəniyyət günləri, Azərbaycanda Çelyabinsk
mədəniyyəti günləri, Birinci Benəlxalq Rus Kitabı Festivalı
və s.) haqda ayrıca bir məqaləyə ehtiyac vardır. Ona görə də mətbuatdan vaxtaşırı izlədiyiniz bu
tədbirlər barədə bəhs etmədən digər vacib
məsələlərə keçirik.
Nazir kimi fəaliyyətinin 15-ci günü
Əbülfəs Qarayev M.F.Axundov adına Milli Kitabxanada
mədəniyyət işçilərini bir araya topladı və ilk böyük
müşavirəsini keçirdi. Bu müşavirə bütün
respublikanı əhatə edirdi və orada səslənən
fikirlər mədəniyyətimizin gələcək inkişaf perspektivləri
üçün olduqca önəmli idi.
Təxminən 3 saata yaxın davam
edən bu tədbirdə nazir daha çox əyalətdə
fəaliyyət göstərən mədəniyyət
obyektlərinin işi ilə maraqlandı və mədəniyyətin bütün
sahələri -kitabxanalar, musiqi məktəbləri, klub
və kinoteatrlar, teatrlar, tarixi abidələr və s. barədə
ətraflı məlumat aldı. Yeni islahatların ən başlıca amilləri
kimi aşağıdakıları diqqətə çatdırdı: mədəni irsin
qorunması, dünya arenasına çıxmaq imkanlarının genişlənməsi və
turizmlə mədəniyyətin digər sahələri arasında
sintezin yaradılması... Müşavirədə nazir mədəniyyət
müəssisələrində infrastrukturun vəziyyəti və
məxsusi olaraq qaçqın rayonların mədəni həyatındakı durumla
maraqlandı və bu barədə rayon mədəniyyət
şöbələrindən ətraflı məlumat aldı, problemlərin
aradan qaldırılması üçün tapşırıqlar verdi.
Tanışlıq xarakterli bu müşavirə,
əslində, mədəniyyət müəssisələrinin
daha dinamik fəaliyyətinə start verdi.
Az sonra yaradıcı insanların qonorarının artması
ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin
Nazirlər Kabineti qarşısında qaldırdığı məsələ öz müsbət
həllini tapdı və NK bu barədə müvafiq qərar qəbul
etdi.
Martın 8-də Azərbaycan
Berlində təşkil edilən "Beynəlxalq turizm sərgisi
- 2006" sərgisində iştirak etdi. Ümumdünya Turizm
Təşkilatının keçirdiyi bu tədbirdə 183 ölkədən 10 min 856
turizm şirkəti iştirak edirdi. 3 gün sonra,
martın 11-də Goranboyda böyük mədəniyyət kompleksinin
açılışı oldu. Bundan sonrakı ən maraqlı tədbirlərdən
biri (25 mart) Mədəniyyət və Turizm
nazirinin mətbuat işçiləri ilə ilk görüşü idi. Görüşdə
nazir yeni yaradılmış nazirliyin strukturu haqqında geniş məlumat verdi və media nümayəndələrinin
suallarını cavablandırdı. Eyni zamanda, mətbuat
işçiləri ilə vaxtaşırı görüşəcəyini və görülən
işlər barədə açıqlamalar verəcəyini diqqətə
çatdırdı.
Digər önəmli tədbirlər
Zuğulbadakı Gənclik və Turizm
Mərkəzində "Gənclər nə istəyir"
devizi altında üçgünlük konfrans (24-27 mart), Birləşmiş Ərəb
Əmirliklərində Azərbaycanın turizm imkanları ilə bağlı
keçirilən biznes-forum, Muzey Mərkəzində
"Azərbaycanın qayaüstü incəsənəti" diskinin
təqdimat mərasimi, Qala tarixi-etnoqrafiya qoruğunun
vəziyyəti ilə tanışlıq (18 aprel), Mədəniyyət
nazirinin yaradıcı təşkilatlarla görüşü (Yazıçılar Birliyi,
Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı və s.),
"Arşın mal alan" filminin yenidən işlənmiş versiyasının
təqdimatı, Beynəlxalq Muzeylər Günü (18 may), Mədəniyyət
və Turizm nazirinin növbəti mətbuat konfransı (8 iyun), "Yalan"
filminin təqdimatı (7 iyun), "Cavid ömrü" və
"Məhkumların cənnəti" filmlərinin istehsalata
buraxılması, Şərqi Avropa Kinosu günləri (27 iyun, 1 iyul),
YUNESKO-nun Dünya İrs Komitəsinin Vilnüs şəhərində
keçirilən 30-cu sessiyasında iştirak (8-10 iyul), Milli Kino Günü və
"Əlvida cənub şəhəri" filminin təqdimatı (2
avqust), Qazaxıstanın Aktau şəhərində "Xəzər -
dostluq dənizi" Beynəlxalq Festivalında ölkəmizin
təmsil olunması (24-26 avqust), 8-ci "Şərq-Qərb"
Beynəlxalq Kino Festivalı, İslam Konfransı Təşkilatına üzv olan
ölkələrin turizm nazirlərinin Bakıda keçirilən 5-ci
konfransı (11-12 sentyabr), Mədəniyyət və Turizm Nazirliyi
ilə yerli teleradio şirkətləri arasında birgə əməkdaşlığa
dair bəyanatın imzalanması (21 sentyabr), Ölkədə yayımlanan
əcnəbi filmlərin dövlət reyestrinə alınması ideyasının
gerçəkləşməsi və bununla əlaqədar keçirilən
mətbuat konfransı (6 oktyabr), MDB ölkələri Mədəni
Əməkdaşlıq Şurasının Bakıda keçirilən 21-ci iclası (9 oktyabr),
"Yaddan çıxmaz Qarabağ" Ümumrespublika İncəsənət
Həftəsi (25-31oktyabr), 6-cı Audiovizual Festival (31 oktyabr - 4
noyabr), YUNESCO-nun 60 illiyi ilə bağlı tədbirlərdə iştirak
etmək üçün nazirin Fransa səfəri, Göyçayda Nar Bayramı (3 noyabr),
Bədii qiraət müsabiqəsinin elan olunması və s. və i a.
Şübhəsiz ki, bu siyahıya yeni tamaşalar,
təqdimat mərasimləri, qastrollar, festivallar,
müsabiqələr, konsertlər, yaradıcı təşkilatlar və
prodüsser mərkəzləri ilə müştərək layihələr,
xarici festivallarda ölkəmizin iştirakı və qazanılan diplomlar,
mükafatlar, yaradıcı gənclərin həvəsləndirilməsi
ilə bağlı atılan addımlar, yubiley və anım mərasimləri
və digər tədbirləri də əlavə etmək olar.
Ancaq yeni Nazirliyin iş dinamikasını təsəvvür etmək üçün qeyd
olunanlar yetərlidir, məncə...
Nəhayət mətləb
Mədəniyyət və Turizm
nazirinin əldə etdiyi uğurlar bu sahədə işləyən
bütün insanların uğuru olduğu kimi mədəniyyətimizin müxtəlif
sahələrində, ayrı-ayrı yaradıcı şəxslərin
müvəffəqiyyəti də birbaşa
mədəniyyətimizə rəhbərlik edən şəxsin
adı ilə bağlıdır. Çünki ölkədə mədəniyyət
sahəsinə rəhbərliyi həyata keçirən yalnız bir
instansiya var. Bu böyük strukturun rəhbərliyini isə bir
nəfər həyata keçirir. Bütün hallarda
son qərar onundur. Bu, ölkə başçısının,
ümumilikdə xalqımızın həmin şəxsə göstərdiyi
etimaddır. Bütün şərəf və məsuliyyəti ilə
bir yerdə... Bu şəxs öz intellekti, idarəçiük
qabiliyyəti və sadəliyi ilə təkcə
mədəniyyət sahəsində çalışanların deyil, onu tanıyan
bütün insanların hörmətini qazanan Əbülfəs Qarayevdir.
Bu həftə, noyabrın
13-də Əbülfəs müəllimin 50 yaşı tamam oldu. 50 yaş bir sıra
özəllikləri ilə yanaşı, həm də insanın arxaya dönüb
gəldiyi yola daha diqqətlə baxdığı bir yaşdır. Odur ki, biz də hörmətli nazirimizin yeni təyin
olunduğu vəzifədə gördüyü işlərin bir qismini
təzədən gözdən keçirməli olduq.
Onun gənclər və idman
naziri olduğu illərdə gördüyü işlər və qazandığı uğurlar,
xüsusən gənc nəslin sağlam inkişafında etdiyi xidmətlər
ən azı bir kitab materialı olduğundan yazımızda yer alması mümkün olmadı.
Hörmətli nazirimizi 50 illik
yubileyi münasibəti ilə təbrik edir, ona
mədəniyyətimizə rəhbərlik işində uğurlar
diləyirik.
Yeni Azərbaycan.- 2006.- 15 noyabr.- S. 7.