İçərişəhərlə tanışlıq qonaqlarda xoş
təəssürat yaratmışdır
AzərTAc xəbər
verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin iclasında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Bolqarıstan parlamentinin - Xalq Məclisinin
sədri Georgi Pirinski və onu müşayiət edən
şəxslər noyabrın 25-də İçərişəhərlə tanış
olmuşlar.
Şirvanşahlar sarayından başlanan gəzintini qonaqlar Qız qalasında
davam etdirmişlər. Şirvanşahlar sarayında Key-Qubad məscidi, Seyid
Yəhya Bakuvi türbəsi ilə tanışlıqdan sonra Georgi Pirinski
xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonaqlar "Azərxalça İstehsalat Birliyi"ndə xalça toxunması
prosesini izləmış, Karvansarada olmuşlar. Onlara məlumat verilmişdir
ki, Bakıda qədim abidələrin qorunub saxlanmasına, inkişafına
dövlət tərəfindən hərtərəfli diqqət
və qayğı göstərilir. Azərbaycan Prezidentinin
Sərəncamı ilə "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır.
Nümayəndə heyətini Bolqarıstanın ölkəmizdəki
səfiri İvan Palçev müşayiət etmişdir.
Azərbaycan.- 2006.- 26 noyabr.- S. 3.