Tahirə
40 illik yubileyin işığı
Aşıq Ulduz Muğam Teatrında həmkarlarını, elm və incəsənət xadimlərini ətrafına topladı
Yaradıcılığın 40 illik yubileyini qeyd edən aşıq Ulduz Muğam Teatrında həmkarlarını, görkəmli elm və incəsənət xadimlərini ətrafına topladı. Və təbii ki, onların hər biri Ulduz xanımın ünvanına layiq olduğu ən xoş sözləri söylədilər.
Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova belə bir gözəl insanı, böyük istedadı niyə gizlədirdiniz?" deyə sözə başladı. Üzeyir Hacıbəyovun tələbəsi aşıq sənətinə olan böyük məhəbbətindən danışdı, bu mövzuda mahnı da yazdığını söylədi. Xalq artisti, tarzən Ramiz Quliyev isə Ulduz xanımla ilk tanışlığının kiçik xatirəsini dilə gətirdi. Tarzən o zamanlar ansambla gələn gözəl qızın işıqlı gələcəyinə inandığını bildirdi. Öz axarı ilə davam edən möhtəşəm gecənin qonaqlarının ardı-arası kəsilmirdi. Şair İlyas Tapdıq, professor Məhərrəm Qasımlı, tanınmış alimlər Elmira Bünyadzadə, Adilə Namazova, Ramiz Heydər Ulduz xanımın sənətinə, insanlığına olan yüksək fikirlərini söylədilər. Qeyd edək ki, möhtəşəm gecədə eyni zamanda aşıq Ulduz xanımın "Vüqarımı o dağlardan almışam" adlı kitabının da təqdimatı idi. Üç saatdan çox davam edən gecədə saz, söz sərrafları aşığın yaradıcılığındakı uğurlardan danışdılar. Ulduz xanımın şeirlərindən parçalar oxundu. Daha sonra Elza Seyidcahan aşığın sözlərinə bəstələdiyi mahnını, xalq artisti Səkinə İsmayılova da onun sözlərinə muğam parçası ifa etdi. Muğam Teatrının aktyorları, meyxanaçı Vüqar, aşıq Əhliman, aşıq Solmaz Kosayeva, Gülarə Azaflı, Telli Borçalı da söz alıb saza söykəndilər.
Gədəbəydə dünyaya göz açan və o dövrün tanınmış saz ustası atası aşıq Əsgərdən örnək götirən Ulduz xanım hələ uşaqlıqdan elə avazla oxuyarmış ki, bütün kəndə səsi yayılarmış. Və əbəs yerə deyil ki, o dağların vüqarından pay alan Ulduz xanımın kitabının redaktoru onunla bərabər kitabın adını məhz "Vüqarımı o dağlardan almışam" adlandırmışdılar. Nəzərinizə çatdıraq ki, aşıq Ulduz hələ 13 yaşında ikən Azərbaycan Dövlət Filarmoniyasında Əliağa Quliyevin rəhbərliyi ilə Xalq Çalğı Alətləri ansamblının nəzdində "Şahnaz", "Qatar" muğamlarını ifa edib. Elə o günlərin şahidi olan Ramiz Quliyev onu tarda müşayiət edib. Tədbirdə Telli Pənahqızıya söz verildi. O da arzu və istəklərini dilə gətirdi. Gecənin sonuna yaxın Ulduz xanım aşıq Rakiflə bərabər "Misri" aşıq havasını ifa etdi və bir daha sübut etdi ki, sənətdə qırx illik yolu alnıaçıq, üzüağ keçib. Bunu ona ünvanlanan alqışlar sübut etdi. Ulduz xanıma o gecə ən böyük hədiyyə isə hamımızın sevimlisi Sədaqət xanımın oxuduğu aşıq mahnısı "Dilqəmi" oldu.
Şərq.- 2006.- 24 noyabr.- S. 14.