Babayev F., Hüseynov R.
Böyük sənətin böyük fədaisi
(Xanlar Haqverdiyevin anadan olmasının 100
illiyi)
Opera sənətini böyük sənət, musiqinin zirvəsi adlandırırlar. Azərbaycanda bu zirvəni
fəth edənlər çox deyil. Onlardan biri də Azərbaycanın və Türkmənistanın əməkdar
artisti, sözün əsl mənasında bu böyük sənətin fədaisi
Xanlar Haqverdiyevdir. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi çox haqlı olaraq görkəmli opera solisti,
muğamlarımızın və xalq mahnılarımızın gözəl ifaçısı Xanlar Haqverdiyevin
anadan olmasının 100 illiyini təntənəli şəraitdə keçirmişdir.
Yubileyin "Yaddan
çıxmaz Qarabağ" həftəsi çərçivəsində
keçirilməsi də əbəs deyil. Axı, görkəmli sənətkar gözəl Qarabağın dilbər guşələrinin birində
Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, burada
boya-başa çatmışdır. Bütün bunlar haqqında
mədəniyyət işçilərini
təkmilləşdirmə mərkəzində
keçirilən yubiley tədbirində ətraflı
danışılmışdır. Mərkəzin direktoru Rəfiqə xanım Zərdabi tədbir iştirakçılarını salamladı, onun yüksək səviyyədə
keçirilməsi üçün təşkilatçılara müvəffəqiyyətlər
arzuladı, toplaşanları Haqverdiyev haqqında təşkil olunmuş
kitab və foto sərgiləri ilə
tanış
etdi.
Aparıcı yazıçı-jurnalist, publisist, böyük
sənət fədaisi haqqında yenicə çapdan çıxmış
“Sənətkar ömrünün” izləri"
kitabının müəllifi Mustafa
Çəmənli Haqverdiyevin həyat və yaradıcılığı haqqında
ətraflı məlumat verdi.
Qeyd edildi ki, erkən
yaşlarından musiqiyə böyük maraq göstərən Xanlar Haqverdiyev
görkəmli aktyor Əhməd Ağdamskinin təkidi ilə Bakıya
gəlir, böyük bəstəkar Ü.Hacıbəyovla tanış olur və
1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal
şöbəsinə qəbul edilir.
Xanlar Haqverdiyev Azərbaycan
Dövlət Opera və Balet Teatrının 1929-cu ildə təşkil etdiyi
xor müsabiqəsində iştirak edir. "Kürd-Şahnaz" muğamını
məharətlə oxuyur və xora qəbul olunur. Gənc
müğənninin istedadlı çıxışlarına görə çox keçmədən
"Əsli və Kərəm" operasında Sofı rolu ona tapşırılır.
İlk addım uğurlu olur. Bir qədər sonra, o, Aşıq Səlim ("Aşıq Qərib"), Rəmmal ("Şah İsmayıl") və bir sıra epizodik rollarda da çıxış edir.
X. Haqverdiyev 1938-1942-ci illərdə Aşqabadda işləmiş və orada ona Türkmənistan SSR Əməkdar artisti fəxri adı verilmişdir.
Bütün bu xidmətələrinə görə Azərbaycan hökuməti 1956-cı ildə bir qədər "xəsislik" etsə də, ona ikinci dəfə Əməkdar artist adını vermişdir.
Böyük sənətkar ömrü boyu həmişə nəğmə ilə, musiqi ilə nəfəs almışdır. Məhz buna görədir ki, 1980-ci il dekabrın 5-də nəğmə oxuya-oxuya gözlərini əbədi yummuşdur.
Yubiley gecəsində çıxış edən aktyor Əhməd Ağdamskinin oğlu, kimya elmləri doktoru,
professor Telman Ağdamski Xanlar Haqverdiyevlə qohumluq əlaqələrindən, tez-tez atası ilə görüşdüyündən, yaradıcılıq məsələlərini müzakirə etdiklərindən danışdı.
Şərqin ilk qadın opera bəstəkarı Şəfiqə xanım Axundova gəncləri X. Haqverdiyev kimi sənətkarlardan öyrənməyə, onlar kimi Vətəni sevməyə çağırdı.
Görkəmli tarzən, prezident təqaüdçüsü Firudin Əkbərov dedi:
- Mən 1945-ci ildən Xanlarla sənət yoldaşı olmuşam. O, tez-tez mənlə, digər sənət yoldaşlarımızla rayonlara qastrol səfərlərinə gedərdi. Biz ən ucqar kəndlərdə olar, çobanlar və əkinçilər qarşısında çıxış edərdik.
İqtisad universitetinin dosenti, filologiya elmləri namizədi Vəli Məmmədov bildirdi ki, mən 1951-ci ildən başlayaraq daim teatrlara gedirəm. Bir dəfə Opera Teatrında olarkən Xanlarla tanış oldum. Ətraflı söhbət etdik. Gördü ki, mən də az-çox oxuya bilirəm, məni evinə dəvət etdi. Mənə hətta qaval da bağışladı. O, görkəmli muğam ustası, muğamatın xanı Xan Şuşinskiyə səcdə edir, daim ondan öyrənməyə çalışdığını bildirirdi.
Dövlət səsyazma arxivinin direktoru Yaqub Məmmədov dedi ki, arxivimizdə korifey müğənnilərin və artistlərin, o cümlədən Xanlar Haqverdiyevin səsləri yazılmış lentlər saxlanılır. O, X. Haqverdiyevin ifasında operalardan ariyalar yazılmış diski məclisdə iştirak edən sənətkarın oğlu, Marat Haqverdiyevə təqdim etdi.
"Azərbaycan" jurnalının redaktor müavini, görkəmli tənqidçi Vaqif Yusifli dedi:
- Mən Xanlar Haqverdiyevin özünü görməmişəm. Lakin səsini çox görmüşəm. Bəli, bu cür gözəl səsləri görmək də olur. Xanlar sözün əsl mənasında cəfakeş, əzabkeş və fədakar muğam ustası idi.
Yubiley gecəsində müğənnilərdən Qəzənfər Abbasovun, M.F.Axundov adına Opera və Balet Teatrının solisti Rafiq Abbasovun, Aşıq Qurbanın oğlu Vaqif Qurbanoğlunun, Xan Şuşinski adına Muğam musiqi məktəbinin müəllimləri Əlövsət Hüseynovun, Barat Fərhadovun və məktəb şagirdlərinin ifasında opera və xalq musiqisi səsləndi.
Axırda tədbirdə iştirak edən böyük sənətkarın oğlu, yazıçı-dramaturq Marat Haqverdiyev çıxış edərək atasının xatirəsini yüksək səviyyədə qeyd etdiklərinə görə ailəsi adından yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirdi.
Yubiley gecəsi X. Haqverdiyevin lent yazılarındakı ifasında musiqi nömrələri ilə başlandığı kimi onun ifasında xoş nəğmələrlə də başa çatdı.
Yaddaş.- 2006.- 4 noyabr.- S.
6.