Banu

 

Teatr rəhbərləri qanun layihəsindən narazıdırlar

Onlar prodüserlərə tamaşaya müdaxilə etmək səlahiyyətinin veriləcəyindən narahatdırlar

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın 133 illik teatr tarixində ilk dəfə olaraq "Teatr fəaliyyəti haqqında" qanun layihəsi hazırlanıb. Teatr işçiləri rəhbərləri bu qanunun qəbul edilməsini səbirsizliklə gözləyirlər. Əldə etdiyimiz məlumata görə, sözügedən qanun layihəsi Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasında artıq bir dəfə müzakirə edilib. Müzakirə zamanı teatrların statusu, prodüserlik başqa məsələlər teatr rəhbərlərinin narazılığına səbəb olub. Belə ki, onlar prodüserlərə tamaşaya müdaxilə etmək səlahiyyəti verilməsindən narahatdırlar. Ona görə qərara aldıq ki, teatr rəhbərlərinin sözügedən qanun layihəsi fikirləri ilə tanış olaq.
Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov mətbuata verdiyi açıqlamasında bildirib ki, teatrlar haqqında qanunun qəbulu vacibdir. Onun sözlərinə görə, qanundan gözləntisi teatr işçilərinin əmək haqlarının artırılması ilə bağlıdır: "Çox sevindirici haldır ki, teatra, onun işçilərinin vəziyyətinə aid olan qanun qəbul ediləcək".
Lakin M.Bünyadov qanun layihəsindəki bəzi məqamlarla razılaşmır. Belə ki, qanunda prodüserin tamaşaya dəyişiklik etmək səlahiyyəti olduğu qeyd edilib. Teatr direktoru bunu düzgün hesab etmir. Onun fikrincə, prodüserin tamaşanın quruluşuna müdaxilə etmək hüququ olmamalıdır: "O, sadəcə tamaşanı alıb sata, biletlərin qiymətini dəyişə bilər".
Teatr rəhbərini narahat edən digər məsələ isə teatrlarda tələb olunan bir çox işçilərin olmamasıdır. Yəni teatrlarda həmin vəzifəni icra etmək üçün təhsil tələb olunmayan işlər var. Amma maaş azlığından bu kimi işlərə cəlb olunan yoxdur. M.Bünyadov inanır ki, qanunla bu məsələ öz həllini tapacaq.
Dövlət Gənclər Teatrının rəhbəri Həsən Həsənov isə hələ qanunla
tanış deyil. Digərlərindən fərqli olaraq ona layihənin mətni hələ göndərilməyib. Buna baxmayaraq, H.Həsənovun da qanuna ümidi böyükdür. H.Həsənovun fikrincə, teatrlarda prodüser yoxdur, amma ona böyük ehtiyac var: "Teatrlarda öz işini yaxşı bilən prodüserlərə ehtiyac var. Fikrimcə, bu ixtisas sahibləri tamaşanın satılması, qastrollara aparılması s. istiqamətlərdə fəal görməlidirlər. Amma düşünürəm ki, prodüserin tamaşanın mətninə, quruluşuna müdaxilə etməyə haqqı yoxdur".
Musiqili Komediya Teatrının direktor əvəzləyicisi Elxan Ocaqov isə həmkarlarından fərqli düşünür. Qanundan ağızdolusu danışan direktor əvəzləyicisi teatrda olan hərc-mərcliyə qanun vasitəsilə son qoyulacağını diqqətə çatdırdı: "Bu qanun teatrın inkişafı, gələcək fəaliyyəti üçün çox vacibdir. Teatr milli mədəniyyətin məbədgahıdır. Bu səbəbdən bu qanuna böyük ehtiyac var idi. Azərbaycan teatrlarının heç vaxt öz qanunu olmayıb".
Qanunun hər bəndindən razı qaldığının deyən E.Ocaqov prodüserlərin tamaşanın işinə müdaxilə etməsi barədə maddəni bəyəndiyini söyləyir. Onun fikrincə, müasir dövrdə teatrların işinə prodüserlərin cəlb olunması vacibdir: "Düşünürəm ki, dövlət teatrlarının prodüseri onun direktoru olacaq. Prodüser tamaşaya tamamilə müdaxilə etmək hüququna malikdir. O, ilk öncə məhsulun hazırlanmasına diqqət yetirməlidir. İradı olarsa, təbii ki, bildirməlidir. Çünki keyfiyyətsiz, maraqsız tamaşaya kim baxar? Digər tərəfdən unutmaq olmaz ki, şou-biznesdə prodüser sənətçinin yaradıcı məsələlərinə müdaxilə edir. Bəziləri prodüseri heç nədən xəbərsiz, naşı adam kimi qəbul edirlər. Əslində isə onun vəzifəsi tamam başqadır".
Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov da qanunun mətni ilə
tanış deyil. Qastrol səfərindən yenicə qayıdan teatr rəhbəri mətnlə yaxından tanış olduqdan sonra təklif olunarsa, öz fikirlərini komissiyaya bildirəcəyini deyir. M.Həmidov söyləyir ki, qanunun mətni ilə hələ tanış olmasa da, bu sənədin qəbulundan sonra teatrlarda çalışan işçilərin vəziyyətinin yaxşılaşacağını gözləyir.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova da prodüserlərin əleyhinədir. A.Pənahovanın fikrincə, teatrlarda prodüser xidmətinin yaradılması təhlükəlidir. Yəni prodüser bir çox adamların sifarişi əsasında Azərbaycan mədəniyyətinin, incəsənətinin xeyrinə olmayan əsərlərin hazırlanmasına səbəb ola bilər.
Onu da qeyd edək ki, "Teatr fəaliyyəti haqqında" qanun layihəsinin yenidən daimi komissiyaların iclasında müzakirə ediləcəyi gözlənilir. Teatr direktorları qanun layihəsinin növbəti müzakirəsində onların irad təkliflərinin nəzərə alınacağını güman edirlər.

 

Ayna.-2006.-4 noyabr.- S.20.