Bəkirova E.

Şeytana yubiley keçirən

 

İlham Namiq Kamal: "Dövlət də başa düşür ki, güclü vəsait ayırmadan incəsənəti inkişaf etdirmək mümkün deyil"

 

Xalq artisti İlham Namiq Kamal uzun müddət Milli Dram Teatrında çalışıb, səhnədə müxtəlif obrazlar yaradıb. Televiziya tamaşalarında, filmlərdə maraqlı rollara çəkilib. Öz kollektivini - "İlham" Miniatür Teatrını yaratsa da, əvvəlki kimi yenə baş teatrımızda səhnəyə çıxır. Mədəniyyət və İncəsənət Universitetində gələcəyin aktyorlarına dərs deyir. Üstəlik, bu yaxınlarda Musiqili Komediya Teatrında rejissor kimi tamaşaya quruluş verib. Onunla müsahibəyə körpü salan da "Şeytanın yubileyi" oldu.

- Yolunuzu Musiqili Komediya Teatrının səhnəsindən salmağınız nə ilə bağlıdır?

- Mən burda qəribə heç nə görmürəm. Mərhum sənətkarımız Hacıbaba Bağırov teatrın rəhbəri kimi təklif etdi ki, Oqtay Rəcəbovla Aqşin   Babayevin   birgə   yazdıqları "Şeytanın yubileyi" musiqili komediyasına quruluş verim. Mən də məmuniyyətlə razılaşdım. Dirijor Nazim Həsənəlibəyov, rəssam İsmayıl Məmmədov, rəqqaslar Zakir Ağayev və Yelena Ağayevanın yaxından dəstəyi ilə tamaşaya hazırladım. Baş rolu - Meydanı da özüm oynadım. Tamaşanın ərsəyə gəlməsində aktyorlar Xanım Qafarova (Xəyalə), Ramin Qasımov (Akif), Fatma Mahmudova (Məryəm), Novruz Qartal (Şirvan), Atabala Səfərov (Səlim) əllərindən gələni əsirgəmədilər.

- İstər teatr, istersə də televiziya tamaşalarındakı rollarımzda həmişə cəmiyyətdə baş vermiş nöqsanlara gülmüsüz. İllər ötsə da, həmin problemlər həll olunmur...

- Sözsüz ki, bir tamaşa, bir rolla hansısa problemi həll etmək olmaz. Bədii əsərlər, səhnəyə qoyulan tamaşalar, çəkilən filmlər cəmiyyətdə baş verən proseslərə münasibət bildirir, məsələni cəmiyyətin diqqətinə çatdırır. Bayaq söhbət açdığımız "Şeytanın yubileyi" də buna xidmət edir. Insanlar bu çatışmazlıqları, nöqsanları aradan qaldırmaq istəyirlərmi? Bax bu başqa məsələdir. Problemləri bəzən insanların özləri yaradır.

-  Tanınmış sənət adamı, ziyalı kimi sizi hansı problemlər daha çox narahat edir?

- Bu gün televiziya kanallarında, konsert salonlarında baş verən neqativ hallar çoxları kimi mənim ürəyimi ağrıdır.  İstedadı  olmayan adamlar da məşhurlaşmaq azarına tutulur. Səsi olan da, olmayan da oxuyur, özünü estrada ulduzu hesab edir. Teatr aktyoru, aparıcı çıxır efirə ki, mən müğənni kimi mahru oxumaq istəyirəm. Hansısa tamaşada rol oynayırsan orada bir-iki ağız oxumalısan. Amma bundan istifadə etmək ki, mən müğənniyəm, ulduzam vallah, yaramaz. Bu kənardan çox gülməli görünür. Bəzi kanallarda da günah çoxdur. Səsini kompüterdə düzəldən  adamları  efirə  çıxarıb məşhurlaşdırırlar. Belə istedadsızlara imkan yaradılması bir xəstəlik kimi cəmiyyətə yayılır. Bizim xalq Rəşid Behbudovu, Sara Qədimovanı, Şövkət Ələkbərovanı, Müslüm Maqomayevi görüb. İndi Alim Qasımov, Mübariz Tağıyev var. Belə gözəl sənətkarları qoyub ara müğənnilərini  niyə  reklam   edirsiz? Güclə, hay-küylə olmaz. Yalançı ifaçılar bir-iki ay ekranlarda görünməyəndə inanın ki, yaddan çıxacaqlar.

- Musiqidəki, ifaçılıq sənətindəki nöqsanlara toxunduq. Teatr sənətindəki problemlərdən danışaq. Aktyor pedaqoq kimi fikrinizi bilmək maraqlı olardı. Teatrı gələcəkdə etibarlı əllərə vermək olacaq?

- Bəli, məncə olacaq. Mənim müəllimim Adil İsgəndərov, Rza Təhmasib bizim avanqard rejissorumuz Tofiq Kazımov olub. Bu sənətkarların mənə öyrətdiklərini, müəyyən qədər qabiliyyətimi, bacarığımı, çalışıram ki, gənc aktyorlara aşılayam. Tələbələrin bir balaca da olsa inkişafına təkan verə biliriksə bu bizim üçün fərəhləndirici hadisədir. Son zamanlar güclü - aktyorlarımızı itirə-itirə gedirik. Təbii ki, belə sənətkarların yerini əvəz eləmək çox çətindir. Çünki, elə onların özləri otuz-qırx il ərzində bu səviyyəyə gəlib çatıblar, xalqın rəğbətini qazanıblar. İndi sənətə diqqət artmaqdadır. Milli Məclisdə teatr haqqında qanun hazırlanır. Dövlət bunu yaxşı bilir ki, gənclərin bu sahəyə az maraq göstərməsinin, filmlərin az çəkilməsinin səbəbi vəsait çatışmazlığıdır. Maaşların həddindən artıq aşağı olması üzündən gənclər bizim sənətə gəlməyə qorxurlar.

- Bu qorxu teatr tamaşaçısında da var. Bəzən tamaşacıçı teatra gəlməkdən çəkinir. Qorxur ki, zəif tamaşa göstərsinlər...

- Mənə elə gəlir ki, hazırda Azərbaycan teatrının tamaşaçısı var. Bir ara teatra gələn yox idi. Hər şey yavaş-yavaş qaydasına düşür. Zaman keçdikcə inkişaf istər-istəməz özünü göstərir. Tamaşaçının da vəsaiti olmalıdır ki, bir manatı olanda onun bir qəpiyini teatra xərcləsin. Teatrdan da   çox şey asılıdır. Aktual əsərlər qoymaq lazımdır ki, tamaşaçı maraqlansın. Baxan desin ki, mən bu sözü demək istəyirdim, elə bil ürəyimdən tikan çıxdı.  Tamaşaçı səhnədə hadisə görməlidir o hadisənin azarkeşinə çevrilib axıra kimi seyr eləməlidir.

 

Gün.- 2006.- 11-17 noyabr.- S. 25.