Hilalqızı Sevil

 

“Lətifə danışmaqla məşhurlaşanlar çox tez unudulacaq”
Yaşar Nuri: “Mənalı gülüşün tamaşaçı auditoriyası dardır”

Son vaxtlar mətbuatda xalq artisti Yaşar Nurinin səhnədən getməsiylə bağlı söz-söhbətlər dolaşır. Aktyorun teatrdan getməsinə səbəb nədir? Bu suala cavab tapmaq, ümumiyyətlə, böyük sənətkarla ətraflı söhbət etmək üçün Yaşar müəllimlə görüşdük. Aktyor sənətdən getməklə bağlı xəbəri “xoşagəlməz söhbət” və “ATV-nin fantaziyası” adlandırdı.

“10 yaşımda hər çıxışıma 3 manat almışam”

- Mən sənətkar ailəsində doğulmuşam. 10 yaşımdan səhnədəyəm. Böyük sənətkarlarla birgə səhnəyə çıxmışam. Hər çıxışıma 3 manat pul veriblər. Taleyimə səhnə yazılıb. Bu yaxınlarda prezident təqaüdünə layiq görülmüşəm. Sənətdən getsəm, məndən soruşmazlarmı ki, elə bu təqaüdü gözləyirdin? Azərbaycanın hər yerindən zəng edib soruşurdular ki, Yaşar müəllim, niyə gedirsiz?
Mən səhnəni tərk etsəm, evimdə oturacam.

- Yəqin ki, uşaq vaxtı sizə də “böyüyəndə nəçi olacaqsan” sualı verilib.

- Filoloq olmaq istəyirdim... Ailədə dörd uşağıq. Onlar həkim, müəllimə, mühəndis ixtisaslarına yiyələniblər. Atamın yoluyla da mən yeriyirəm. Aktyor olmasaydım, kim olacaqdım, bilmirəm.

- Ailədə davamçınız varmı?

- Çox istərdim ki, davamçım olsun. Qızlarım artist olmaq istəmədilər. Nəvəmə gəlincə, ümidimi üzməmişəm. Bacımın oğlu Rüfət Axundov rejissorluğu bitirib, amma müğənnilik edir. Bu da bir təsəllidir.

“Məşədi İbadda gözüm var”

- Məşədi İbadı oynamaq Səyavuş Aslanın böyük arzusu olub. Sizin hansı rolda gözünüz qalıb?

- Heç kəsin malında, pulunda, evində, ad-sanında gözüm yoxdur, amma ürəyimdən keçən rollar olub. Həmin rolları sadalamaq istəmirəm. Qoy istedadlı adamlara qismət olsun. Doğrusu, mənim də Məşədi İbadda gözüm var. Ola bilsin ki, bu yaxınlarda respublikanın başqa bir şəhərində, məsələn, Sumqayıtda orkestrlə yox, trio ilə - tar, kaman və dəflə Məşədi İbadı oynayım.

- Sizin üçün gülmək asandır, ağlamaq?

- Məni o rol qane edir ki, orada həm ağlaya bilim, həm də gülə. Boş gülüşə qalsa, kimi desəniz təqlid edə bilərəm. Tələbə vaxtı öz yoldaşlarım arasında ilk təqlidçi mən olmuşam. “Aktyor rolu yaradır” fikriylə razı deyiləm. Fikrimcə, aktyor rolu oynayır, xalq isə onun ifasını öz təsəvvüründə formalaşdırır. Dadaşovu, Cücəni, Elçini, pianino ustasını da mən oynamışam, xalq formalaşdırıb və sevib.

- Hazırda başqa teatrlara da dəvət olursunuzmu?

- Artıq 8 ildir ki, operada da rollara dəvət alıram. Bu ilin mayında Azər Zeynalov, Natəvan İsmayılova və mən Ankara Opera və Balet Teatrında oynadıq, əsl anşlaq idi. Hətta məşqlərimizə də bilet alınmışdı. Yenə də belə qastrol səfərimiz gözlənilir.

“Fatı, dur, Fatı, otur”

- “Qatarda” tamaşasındakı rolunuz çox uğurludur. “Fatı, dur, Fatı otur” deyimi indi də dəbdədirmi?

- İsi Məlikzadənin Həsən Turabova ithaf etdiyi həmin pyesdə bu deyim yoxdur. O tamaşadakı bəzi improvizələr özümündür, çünki öz başıma gəlib. Bir məclisdə böyük vəzifə adamı mənə dedi ki, Yaşar, dur, Yaşar, otur. İkinci dəfə deyəndə mən də hirslənib məclisi tərk etdim. Bir dəfə də qatarla Gəncəyə gedirdim. Kupe qonşum stəkanı qarışdıra-qarışdıra mənə bütün aktyorların həyatından sual verdi. Hər kəlməbaşı da Dadaşov kimi “Həə” deyirdi. Az qala hava proqnozunu da soruşdu. Əsəbiləşib onu kupedən qovdum.
Hərdən mənə deyirlər ki, niyə özünə layiq adamlarla oturub-durmursan? Axı, mən aktyoram, adamlardan nəsə götürməliyəm.

- Görünür, aşıqlarla da çox oturub-durmusunuz. Bir vaxtlar teleekrana sazla-sözlə çıxmışdınız.

- Siz mənə ideya verdiniz. Bu obraza yenidən qayıtmaq olar. Amma məni düzgün başa düşməlidirlər ki, o cür çıxışlarımla heç kəsi ələ salmaq istəmirəm. Çıxışım bu günün tələbiylə səsləşməlidir. Buna görə ssenari, mövzu problemim var. Tamaşaçını uzaqbaşı bir dəfə aldatmaq olar. Bu gün lətifə danışmaqla yadda qalırsansa, sabah unudulacaqsan. Mən bitkinliyi sevirəm, yəni ağlayanda hönkür, güləndə qəhqəhə çək. İndi zövqlərdə bayağılıq əmələ gəlib. Bəzən şit bir tamaşa elə təriflənir ki, guya böyük sənətdir. Bu yerdə nə deyəsən?!

“Həyatımız da şouya dönüb”

- Şoulara baxırsınızmı?

- İş o yerə çatıb ki, adam öz həyatını da şou hesab edir. Bunu da reallıqla bağlayırlar. Əgər bir mütəxəssis kimi məni verilişlərə dəvət etsələr, öz fikrimi deyərdim.

- Siz həm də müəllimsiniz.

- Həm Mədəniyyət və İncəsənət Universitetində, həm də gimnaziyada dərs deyirəm.

- Tələbələriniz istedadlıdırmı?

- Nədənsə aktyor olmaq istəyən gənclərdə şövq, həvəs azdır. Axı istedad hər şeyi həll etmir. Gərək zəhmət də çəkəsən.

“İndi populyar olmağa nə var?”

- Bu söz mənimdir, amma çoxları təkrar edir. Kimsə gəlib desə ki, mən Dadaşovu yenidən oynayacam, sevinərəm. Amma gənclərdə buna həvəs yoxdur. Hər problemin kökü bilirsiz də hara söykənir. Xaricdə sənətkarı sponsor axtarır. Mən indi kiminsə qapısına gedib deyə bilmərəm ki, 5 manat ver, Məşədi İbadı oynayım.

- Hərdən adamda elə təsəvvür yaranır ki, mənalı gülüş azalıb. Gülən yoxdu, yoxsa güldürən?

- Mənalı gülüşün tamaşaçı auditoriyası dardır. Üzeyir bəyin felyetonları tamaşaya qoyulsa, olsa-olsa 10-15 ziyalı gələr. Bu yaxınlarda Sabiri rusca oxuyacam, sanballı dinləyicilərmin olacağına əminəm. Amma əyləncəli tamaşalar əyləncə mərkəzlərində olmalıdır, möhtəşəm saraylarda yox. Gərək efir də mənasız verilişlərlə dolmasın. Hər altıncı gün İctimai Televiziya tamaşa günü elan edib. Bunu müsbət hal hesab edirəm. Noyabrın 6-da Az.TV-nin yubileyidir. Bu münasibətlə həmin gün “Arşın mal alan”da oynayacam.

Jurnalistlərin dostu mükafatına layiq görülsəm də deyim ki, hər sahənin mütəxəssisləri önə çıxdığı kimi, incəsənətdən də yazan jurnalistlər ixtisaslaşmalıdır. Tamaşa haqda kim məqalə yaza bilər: İlham Rəhimli, Məryəm Əlizadə, İnqilab Kərimov.
İndi proyekt sözü yaman dəbdədir. Qrant xatirinə iki nəfərin söhbətinə də proyekt deyirlər. Amma hər bir sahənin əsil proyektlərə ehtiyacı var.

“Teatrlarda da yeniləşmə gedir”

- Oynadığınız rolların təkrarını tez-tez görürük. Yeni rollar yoxdur?

- Var. Hər yerdə olduğu kimi teatrda da yeniləşmə gedir. İki pyeslə tanış olmuşam və çox bəyənmişəm, orada rol alacam. Bu gün “Ölülər”, “Dəli yığıncağı”, “Hacı Qara”, “Kamança” tamaşaya qoyula bilər, amma bundan müasir tamaşaçı özünə nə götürəcək, bax, buna diqqət yetirilməlidir. Necə ki, muğamlarımıza diqqət ayrıldı, eləcə də klassik tamaşalara ayrılmalıdı. İndiki nəsil bilsə ki, kolxoz nədir, bunun nəyi pis olar?!

- Bu gün Akademik Dram Teatra tamaşaçılar çoxmu gəlir?

- Tamaşaçı axını getdikcə yaxşılaşır. İnsaf naminə deyək ki, zal dolu olur. Əvvəllər tamaşaların gözəlliyi ondaydı ki, tamaşaçılar yarım saat tez gəlib vestibüldə gəzişərdi. Amma indi tamaşaya gecikirlər, mobil telefonu söndürmürlər. Bunu aktyorlara da, tamaşaçının özünə də hörmətsizlik hesab edirəm.

“Ya ne merzaves, ya Maşallah”

- Yeni çəkildiyiniz film varmı? Vaqif Mustafayevlə yaradıcılıq əlaqələriniz davam edir?

- Vaqif Mustafayevin ilk diplom işindən biz onunla yaradıcılıq əlaqəsində olmuşuq. Heç bir rejissorun xətrinə dəyməsin, Vaqif çətin adam olsa da, çox istedadlı rejissordu. “Musiqili xaş” hələ vaxtilə məşhurlaşmışdı. “Yaramaz” bütün dünyanı gəzib. Bir dəfə Polşada bərbərxanaya getmişdim. Dedilər, giriş qadağandır. Bərbər qadın çıxıb məni görcək dedi: “On merzaves, zaxadi”. Qayıtdım ki, “Ya ne merzaves, ya Maşallah”. Saçlarımı düzəldib, məni hörmətlə yola saldı. Yaxud “Hər şey yaxşılığa doğru” 4 fəxri mükafat aldı. Vaqifin iki filminin də bu yaxınlarda təqdimatı olacaq. Hər iki filmdə rol almışam. Amma adlarını deməyəcəm, Vaqifdən soruşun. Ona nə var, bir də gördün filmlərin adını dəyişdi (gülür).

- İlk ekran obrazınız hansı olub?

- 1974-cü ildə “Dörd bazar günü” filmində çəkilmişəm. Hüseyn Abbaszadənin ssenarisinə Şamil Mahmudbəyov quruluş verib. Moskvanın sifarişiylə çəkilmiş 2 seriyalı filmdi. Müharibə mövzusundadı. Əfsuslar olsun ki, qalıb “böyük paytaxt”da, geri almaq olmur. Bunun üçün gərək Moskvadan hörmətli adam tapılsın, onun vasitəsilə Azərbaycana göndərilsin.  

Firəngizlə mən Elçinlə Gülnarı oynamaq arzusundayıq

- Tərəf-müqabillərinizdən danışardız...

- Bildim nə soruşmaq istəyirsiz. Bütün Azərbaycanda, hətta bir neçə xarici ölkədə də məni görəndə Firəngizi, onu da görəndə məni soruşublar. Mən çox aktyorlarla tərəf-müqabil olmuşam, amma ən uğurlu duetim Firəngiz xanımla alınıb. Türkiyədə Güvən adlı bir nəfər oğlunun adını Yaşar, qızının adını Firəngiz qoyub. İki ildir, o məşhur tamaşanın dördüncü hissəsindən söhbət gedir, amma reallaşması çətindir. Firəngizlə mənim də çox böyük arzumdur ki, Elçinlə Gülnarın indiki həyatını oynayaq.

“Reklamda söz demək çətindir”

- Son vaxtlar reklamlara çəkilmirsiz.

- Cəmi iki reklama çəkilmişəm. Uşaqlar həyətdə Dadaşovu, Elçini tanımırlar, amma məni görən kimi hamısı bir ağızdan “Mərdəkan-Broyler” deyir. Reklamda söz demək “Mozalan”dakı qədər çətin məsələdir. Bu yaxınlarda “Kredit - bank”la müqavilə bağladıq, şəklimi çəkib Almaniyaya göndərdilər, bir müddətdən sonra şəhərdə iri plakatlarda görəcəksiz. Müqaviləyə görə iki il mən bank mövzusunda reklama çəkilə bilmərəm.

- Deputat Zeynəb Xanlarova artıq neçənci dəfədir ki, fəxri adlarla bağlı fikir bildirir.

- Zeynəb xanımın fikirləriylə tanış deyiləm.

- Onun fikrincə, fəxri adlar rüşvətlə verilir və xaricdəki kimi Azərbaycanda da fəxri adları ləğv etmək lazımdır. Bunun müqabilində isə incəsənət adamlarının yüksək təminatı olmalıdır.

- Zeynəb xanıma çox böyük hörmətim var. Azərbaycanın dünyada tanınmasında onun xidmətləri çoxdur, peşəkar incəsənət adamıdır. O, havayı söhbət etməz, yəqin ki, fikirlərinin əsası var. O ki qaldı fəxri adlar məsələsinə, əgər mən xalqın 20 faizi içərisində tanınmadığım halda xalq artisti adını almışamsa, bunu özümə halal hesab etmərəm. Bu, əyninə olmayan paltarla gəzməyə bənzəyər. Vaxtilə Arkadi Raykin, Gennadi Xazanov kiçik səhnələr oynayıb yadda qalıblar, amma indikilər oynamırlar. Mərhum İsmayıl Osmanlı ömründə böyük rol oynamayıb, amma SSRİ xalq artisti olub. İndi böyük rollara iddialılar çoxdu. Rolun yox, aktyorun böyük-kiçiyi olur. Hər populyar olana fəxri ad vermək əsil sənətkarları aşağılamaqdır.

 

Müsavat.- 2006.- 6 noyabr.- S. 14.