Hüseynov A.
Qara keşişin Kərəm üzərində
qələbəsidirmi bu?
Ötən əsrin 40-cı
illərinin ortalarından başlayaraq məktəblilərin
mədəniyyət aləmi ilə yaxından tanışlığı üçün geniş
tədbirlər planı həyata keçirilirdi. Alman faşizmi
ilə ölüm-dirim müharibəsinin getdiyi bir vaxtda məktəb
şagirdlərinin mədəniyyət müəssisələrinə
axışmaları üçün xüsusi şərait yaradılmışdı. Əsas məqsəd
şagirdlərdə qələbəyə inam hissləri
tərbiyələndirmək idi. Yarıac, yarıtox şagirdlər
köhnə-kürüş paltarlarda mədəniyyət ocaqlarına
tələsirdilər. Onların qazancı milli musiqi
dəyərlərimizin gözəlliklərini
mənimsəmək olurdu. Mirzə Fətəli Axundov adına
Azərbaycan Dövlət Opera və Balet Teatrında həftənin
bazar günlərində verilən gündüz tamaşaları şagirdlərin
milli musiqi irsimizi mənimsəmələrinə yardımçı olurdu.
Uşaqlar Üzeyir bəyin "Koroğlu", "Leyli və
Məcnun", "Əsli və Kərəm", Müslüm
Maqomayevin "Şah İsmayıl" və "Nərgiz"
operalarından xüsusi zövq alırdılar. Opera musiqisinin milli ladlara
söykənməsi onu anlaşıqlı etdiyindən şagirdlərin
əksəriyyətinin dillər əzbəri olurdu. Onların
hər biri, lazım gələrsə, Vətəni qorumaq
əzmində olduqlarına inanırdılar. Qırxıncı illərin
yetirmələri asudə vaxtlarında tar və kamança ifaçılığına
meyil göstərdikləri anlarda əsasən Üzeyir bəyin
operalarından fraqmentlərə xüsusi maraqlarını nümayiş
etdirirdilər. Tarçalan uşaqlar "Əsli və
Kərəm" operasından "Axşam oldu" xorunu ifa etməyi
özlərinin ümdə vəzifələri sayırdılar. Biz
məktəbli həmkarlarımızla "Əsli və
Kərəm"in musiqi materialının vurğunu idik. Xüsusilə Qara
keşişin Əslini Kərəmə verməsindən imtina
səhnəsində bas-bariton səslə oxumaları səhnəsi
bizi çox hiddətləndirirdi. Bunun bir səbəbi də
Azərbaycan məktəblilərinin millətimizə yad
səs, yəni bas-bariton səs eşitməsi idi. Sonralar
öyrəndik ki, Üzeyir bəy Qara keşişə nifrət məqamlarını
daha da qabarıq verməkdən ötrü bu səsi seçmişdi.
Deyilənlərə görə, "Əsli və
Kərəm"in ilk tamaşalarına gələn qoçulardan bəzisi
keşişin bu haqsızlığına dözməyərək piştosundan (yəni
tapançasından) etiraz atəşi açmaqdan da çəkinməmişdi. Keşişin bu
ədalətsiz hərəkəti sonrakı nəsillərin
də xoşuna gəlməmişdi. Keçmişdə Gəncə
şəhərində azərbaycanlı aşıqlarla bərabər,
erməni aşıqları da çalıb-oxuyarmışlar. Erməni aşıqlarından birinin
oğlu öz aşıqlıq fəaliyyətini sonralar da davam etdirirmiş.
Dəliqanlı Azərbaycan balalarından biri Qara keşişin əlindən
yaman yanıqlı imiş. O, özünü heç cür ələ ala bilmirmiş.
Fikirləşirmiş ki, nə üçün Qara keşiş çörəyini yediyi, suyunu
içdiyi vətən torpağında belə hərəkət edibmiş.
Günlərin birində öz motosikletini erməni aşığın yanına sürüb
deyib ki, gedək mənim üçün çal-oxu, sənə çoxlu pul
verəcəyəm. Pula həris erməni aşıq
həvəslə razılaşıb. Motosikletə minərək yola
düzəlib, gəlib qarlı dağlar qoynuna çıxıblar. Erməni aşıq sazını
köynəyindən çıxararaq müntəzir dayanıb. "Lələ,
nə çalım", - deyə soruşub. Sifarişçi oğlan:
- Çalmamışdan qabaq, məni bir başa sal görüm ki, Qara keşiş nə üçün
qızını Kərəmə vermədi? Məgər Kərəm pis
oğlan idi? Onun ürəyi necə gəldi ki, binəva
Kərəmi odlarda yandırdı?
Özünü itirən erməni aşıq deyib: "Xaçıma and olsun ki,
xəbərim olmayıb, yoxsa razılıq verməzdim ki, Kərəm
yansın".
Dəliqanlı oğlan:
- Yalan danışırsan, nadürüst, xəbərin olub, erməni qızının
azərbaycanlıya ərə getməsinə sən də razılıq
verməmisən. Ona görə də səni olmayan vicdanınla qoyub
gedirəm ki, bəlkə bu dağların qarı səni paklandırdı, amma
buna inanmağım da gəlmir. Al, bu da sənə çatacaq pul, qoy gözün
dalımca qalmasın...
"Əsli və Kərəm" Üzeyir bəyin sayca dördüncü
operasıdır. Əsasını Əsli ilə Kərəmin saf
məhəbbət dastanı təşkil edir. Bir-birlərini sonsuz
dərəcədə sevən gənclərin xoşbəxt
həyat qurmasına qara keşiş hər vəchlə mane olmağa çalışır.
Əslinin atası olan Qara keşiş vilayətin padşahının xəzinədarıdır.
Padşah Qara keşişə qızını Kərəmə verməyi əmr
edəndən sonra o, qızını da götürüb başqa vilayətə qaçır.
Bundan sonra Kərəmin qara günləri başlayır. O, Əslini tapmaq
məramı ilə əlində saz şəhərbəşəhər
gəzir və nəhayət ki, sevgilisinin yaşadığı şəhərə
gəlib çıxır. Çətin vəziyyətə düşdüyünü görən
keşiş yeganə çıxış yolunu tilsim quraraq Kərəmi yandırmaqda
görür və iyrənc niyyətini həyata keçirir. Üzeyir bəy
bu operasının musiqisində təkcə muğamlara yox, həm də
aşıq yaradıcılığından götürdüyü məişət mahnılarına müraciət
etmişdir. Bu, operanın musiqi dilinin xalqın istədiyi kimi alınmasına
və dərindən sevilməsinə imkan yaratmışdır. Üzeyir
bəy rus və Qərbi Avropa bəstəkarlarından nümunə
götürərək musiqi xarakteristikasından ötrü leytmotivdən
istifadəyə səy göstərmişdir. Kərəm obrazı
səciyyəvi aşıq melodiyası "Kərəmi" ilə
açıqlanır. Operanın bütün gedişi boyu həmin melodiyadan istifadə
olunur.
Mənfi obraz kimi təqdim olunan keşişə nifrət hissini daha
da artırmaq üçün onun partiyasını improvizasiya elementlərindən
məhrum etmişdir. Üzeyir Hacıbəyov bu operasında Azərbaycan
musiqisinin bütün məqam və formalarından bacarıqla faydalanmışdır.
Birinci pərdədə - Əslinin yuxugörmə
səhnəsində "Kürd-Şahnaz", yenə də həmin
pərdədə Kərəmin gəlişi səhnəsində
"Bayatı-Şiraz", Əsli və Kərəmin duetləri
zamanı "Şikəstə", Əsli və Kərəmin
ariyalarında "Segah", padşahın ariyasında "Rast"
muğamlarından istifadə olunması operanın xoşagəlimliyini daha da
artırmışdır. Üzeyir bəy bu operasında xor, balet
nömrələrindən də istifadə etmişdir. İrəlidə
dediyimiz kimi, "Axşam oldu" qızlar xoru operanın ən yaxşı
nömrələrindəndir.
"Əsli və Kərəm" operası yaxın dövrlərə
qədər Opera və Balet Teatrının repertuarında idi. AXC iqtidarda
olanda mədəniyyət sahəsində gördükləri ilk
işlərdən biri "Əsli və Kərəm"in teatrın
repertuarından çıxarılması barədə göstəriş oldu. Dedilər
ki, erməni keşişinin əməllərindən bəhs
edilən opera repertuarda qala bilməz. Belə göstərişi Üzeyir
bəyin musiqi irsini dəyərləndirməyə
qabiliyyəti çatmayan, ümumiyyətlə, operanın nə olduğunu
bilməyən, bəlkə də opera teatrının harada olduğunu
bilməyən nadan adamlar verə bilərdilər.
Bu dövr arxada qalıb. Lakin onların "Əsli və
Kərəm" operasının repertuardan çıxarılması barədə
göstərişləri yenə də öz qüvvəsindədir. Opera
teatrının rəhbərliyi də bu tamaşanın həyata qaytarılması
qayğısına qalmır. Hələlik ki, başları "birgünlük ömürlü"
tamaşalar qoymağa və böyük maddi xərc tələb edən
dekorasiyalar hazırlatdırmağa qarışıb. Ona görə "birgünlük
ömürlü" deyirik ki, onlar tamaşaçı marağından kənarda qaldığından
cəmi bir neçə dəfə oynanılır və yaddaşlardan silinir.
Üzeyir bəy bəlkə də yeganə bəstəkardır ki,
bütün əsərləri tamaşaçı marağı dairəsindədir. Lakin
buna baxmayaraq, onun operalarına teatr rəhbərliyi
tərəfindən bu və ya digər dərəcədə
ögey münasibət göstərilməsi danılmaz faktdır. Yuxarıda haqqında
bəhs olunan "Əsli və Kərəm" operası bunun
bariz sübutudur. "Koroğlu" da çox köhnə quruluşda və
hərdənbir səhnə üzü görür. Heç stabil Koroğlu ifaçısı da
yoxdur. Bəstəkarın aramsız oynanılan operası "Leyli və Məcnun"dur
ki, bu da, bizcə, repertuar boşluğunu doldurmaq üçün lazımdır. Bir də
ki, Leyli bolluğu olan yerdə bu tamaşasız keçinmək də olmaz axı!
Teatrda çoxsaylı xor kollektivinin olmaması səbəbindən
kütləvi səhnələr təəssüfdoğurucu
şəkildə canlandırılır (bu barədə teatrın direktoru Akif
Məlikova dəfələrlə deyilsə də, heç bir
nəticə hasil olmamışdır). Məsələn, "Leyli və
Məcnun" operasının birinci pərdəsindəki
mədrəsə səhnəsində az qala pensiya yaşına çatan
xoristlər mədrəsə şagirdləri qismində təqdim
olunurlar. Onları məktəb çantası ilə birlikdə
görəndə tamaşaçının istehza etməkdən başqa çarəsi
qalmır. Elçilik səhnəsində Əbülqeysin adamları, sonradan
dərhal libaslarını dəyişib İbn Salamın adamlarına çevrilirlər.
Məgər musiqi məktəblərinin şagirdlərini bu
işə cəlb etmək olmazmı? "Koroğlu" operasının
Çənlibel səhnəsində cərəyan edən
hadisələrin iştirakçıları əsasən qadınlardır. Elə
çıxır ki, Koroğlunun dəliləri qadınlarla əvəz olunub. Bunun
səbəbi də kişi xoristlərinin azlığıdır. Əgər
"Koroğlu" operasının 1938-ci il Moskva dekadasında tamaşasının lent
yazısına baxan olsaydı, əsərin indiki aqibətinin miskinliyini
görərdi. Bilərdi ki, o dövrün "Koroğlu"sunun təsir
gücü indiki "Koroğlu" ilə müqayisə oluna bilməz.
Hər bir məsələdə kadr zəifliyi özünü
göstərir. Bu yaxınlarda Türkiyə telekanallarından biri
vasitəsilə translyasiya olunan Cüzeppe Verdinin "Traviata"
operasında Azərbaycanın əməkdar artisti Muxtar Məlikovun
Jermon partiyasında çıxışı nə qədər fərəh doğururdu.
Bizim səhnədə isə həmin tamaşa qoyularkən
kənar yerlərdən qastrolçular dəvət olunur. Buna
nə ad vermək olar? Heç Muxtar Məlikov kimi gözəl səs
tembrli baritonun teatrdan getməsinə imkan vermək olardı?
Əlbəttə ki, yox! Əgər teatrın qayğıkeş və
uzaqgörən rəhbərliyi olsaydı. Hazırda Muxtar Məlikov
Avropada tanınan ifaçıdır, bizdə isə ikinci Muxtar Məlikov
yoxdur.
Yenə də qayıdaq "Əsli və Kərəm"
operasının acı aqibətinə. Bu dəyərli operanın teatrın
repertuarına salınması üçün qətiyyətli addım atılmalıdır. Əks
təqdirdə, tamaşaçıya elə gələ bilər ki,
Azərbaycanın Akademik Opera və Balet Teatrının öz müstəqil yolu
yoxdur və o, yenə də tarixdə pis ad çıxarmış
"bəy"lərin istəyinə bənddir. Biz isə
Qara keşişin Kərəmə üstün gəlməsinə yol verə
bilmərik. Üzeyir bəyin həmişəyaşar
əsərlərinə xüsusi qayğı göstərilməsinə böyük
mənəvi ehtiyac var.
Azərbaycan.- 2006.- 26 noyabr.- S. 5.