Kəbutər
Məşədi İbad Opera və Balet
Teatrının səhnəsində
Azər Zeynalov onu yeni ampulada
təqdim edir
- Əski sovetlər
birliyinin dağılması nəticəsində tənəzzülə
uğrayan, uzun sürən keçid dövrünün ağrılarını canında çəkən
Azərbaycan teatrının tamaşaçı problemi həll olunmaqdadı. Daha
doğrusu, artıq bu məsələnin həllini tapmış teatrlarımızın
çox az qismi var ki, - aktyor tamaşaçı münasibətlərinin son
məqamlarını tənzimləməklə məşğuldu.
Teatrlarımızın hamısından
fərqli olaraq keçid dövrünün ən kritik həddində belə
bu problemlə üzləşməyən Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı ildən-ilə repertuarını zənginləşdirməklə
tamaşaçılarını sevindirməkdədi. Hərdən adama elə
gəlir ki, Azərbaycanda bir nəfər də olsun tapmaq
çətin məsələdir ki, bu teatrın qapısından içəri ayaq
basmasın. Onun bir-birindən gözəl tamaşalarına qonaq olmasın.
Ötən həftənin
istirahət günü də belə idi. Opera və Balet Teatrının
səhnəsində Məşədi İbadı tamaşaçılarla görüşdürən
aktyorlar böyük qələbəliyin şahidi oldular.
Dahi Üzeyir bəyin "O
olmasın, bu olsun" liberretosu əsasında ekranlaşdırılmış
əsər nəinki Azərbaycan, bütün dünya tamaşaçısına yaxşı
tanışdı. Ona görə də əsəri nəql etmək
fikrindən vaz keçib qısaca onu bildirək ki, əsərdə
köhnə Bakı məişəti və ictimai həyatı bütün çalarları
ilə əks olunub. Müflisləşmiş Rüstəm bəy qızı Gülnazı
qoca tacirə ərə verməklə vəziyyətini
düzəltmək istəyir. 50 yaşlı Məşədi İbadın
sadəlöhvlüyündən istifadə edib pul qazananların əhvalatı istirahət
günü Opera və Balet teatrının səhnəsində vaqe olurdu.
Tamaşaçılar həmişə
ekranlardan seyr etdikləri qəhrəmanlarla görüşdən çox
məmnun idilər. Bunu aktyorlar özləri də gözəl
anlayırdılar. Tamaşadan tamaşaya daha da güclənən və istiləşən
tamaşaçı aktyor münasibəti "O olmasın bu olsun" tamaşasında
ən son həddinə çatmışdı. Səhnəni tamaşaçı zalından
ayıran sərhədin itdiyi açıq-aydın hiss olunurdu. Sevimli obrazlarını
canlı görən tamaşaçılar Həsənqulu bəyin badəni
tamaşaçıların sağlığına qaldırması onların kəsilmək
bilməyən alqışlarına səbəb oldu. Ən çox alqışlanan
isə qeyd-şərtsiz Məşədi İbad rolunun ifaçısı Azər
Zeynalov idi. Əslində musiqili komediya teatrının repertuarına daha
çox uyğun gələn bu tamaşa özünün Opera və Balet Teatrtnda
başlanan ömrünə həmişəyaşar bir imza atdığı qənaətini
oxucularla bölüşsək, mənə elə gəlir ki, yanılmarıq.
Teatr aktyorlarından
fərqli olaraq opera ifaçılarının məharəti onların ifası ilə
ölçülür. Çox güclü opera solisti hesab olunan Azər Zeynalovda güclü komizmin
və artistizmin məhz bu tamaşada aşkar olduğunu tamaşaçıların
"bravo" sədaları təsdiqləyirdi. Filmdəki
Məşədi İbadın digər şöhrətli aktyorlarımızın ifasında
prototipinin yaradılmasını tənqidçilərimiz müxtəlif cür qiymətləndirib.
Filmdə bir qədər aqressiv, rəhmətlik Hacıbaba Bağırovun
ifasında komik görünən bu obrazlar qalereyasına daha biri, Xalq artisti
Azər Zeynalovun ifasında lirik-dramatik bir obraz da əlavə
olundu. Amma bu obraz həm də şirin bir yumorla yoğrulub. Onu meymun
adlandıran inteligent Həsən bəylə yumruq davasına çıxan
Məşədi İbad tamaşaçısını gözündən yaş gələnə qədər
güldürürsə, nişanlısının ona xəyanət etdiyini bilib
qəmə batanda da zalı da özü ilə bərabər
kövrəldir.
Biz bu tamaşadan, onun ərsəyə
gəlməsi üçün zəhmət çəkənlərdən danışıb
oxucuya məlumat vermək fikrindən uzağıq. Çünki yüz dəfə oxumaqdan, bir dəfə görmək yaxşıdı. Bir də ki, gözəl tamaşa sarıdan gileyli Azərbaycan tamaşaçısını Dövlət Akademik Opera və Balet Teatrına
Məşədi İbadın qonağı olmağa dəvət
etməklə giley-güzarına
son qoymaq istəyirik.
Yeni Azərbaycan.- 2006.- 15 noyabr.- S. 8.