Kərimov L.
Bakı Bələdiyyə
Teatrı: sənət və mənəvi axtarışlar
Bakı Bələdiyyə
Teatrı: Yaşı -15; Bədii rəhbər - Amaliya Pənahova (Xalq artisti,
dövlət mükafatları laureatı); Direktoru - Yusif Muxtarov (Xalq artisti);
Tutduğu yol - Dövlətçilik siyasətində öz mövqeyini ortaya
qoymaqla sanballı tamaşalar hazırlamaq.
15 il ərzində bu
teatr 30-dan artıq əsərə müraciət edib, Azərbaycan,
Avropa və dünya dramaturgiyasından uğurlu nümunələr hazırlayıb.
Tamaşalar ilk öncə Azərbaycan sərhədlərində,
döyüş bölgələrində böyük uğurla oynanılıb.
Teatr bununla
kifayetlənməyərək, öz yaradıcılıq imkanlarını qardaş
Türkiyə, İran İslam Respublikasında da nümayiş etdirib. Türkiyədə
bu teatrı tanıyır və qəbul edirlər.
İstedadlı aktyor imkanına, talantlı
rejissor fantaziyasına söykənmiş bu teatr bu gün də maraqlı
tamaşalarla öz yüksək səviyyəsini nümayiş etdirir.
Repertuarda olan
"Ölülər", "Türk sancağı", "Oğul", "Demoklın
qılıncı", "Tənha qadınlar", "Dönüş",
"Dəli Domrul", "Nadir Şah", "Müsyö Jordan və
dərviş Məstəli Şah", "Medeya", "Elektra",
"Tomris", "Vətənə igidlər
gərəkdir" kimi tamaşalar teatrın iş prinsipinə,
zövqünə və bu günün tələblərinə tam, bitkin cavab
verməyinə bariz misaldır.
Heç əbəs yerə
deyil ki, bir zamanlar xalq artistləri Məhluqə Sadıxova, Mirvari
Novruzova, Muxtar Avşarov kimi korifey sənətkarlar məhz bu
teatrda ömürlərinin sonunadək çalışdılar. Bu teatr, ümumiyyətlə,
sənətə xəyanət anlayışından çox uzaqdır.
Mən iddia etmirəm
ki, bu teatrın bütün tamaşaları eyni səviyyədə uğurludur. Bu
belə deyil və qətiyyən heç bir teatr deyə bilməz
ki, bizim bütün oynadıqlarımız yüksək sənət əsəridir. Uğurlu
tamaşalar da olur, uğursuz tamaşalar da, uğurlu aktyor oyunu da olur, uğursuz
da, uğurlu rejissor işləri də olur, uğursuz da. Elə mənim
rejissor işlərimdə də bu cür olub. Lakin səmimiyyət səhnədən
əskik olmamalıdır. Və bu səmimiyyət Bakı
Bələdiyyə Teatrının tamaşalarında ön plandadır.
18 oktyabr 2006-cı ildə,
yəni bir neçə gün bundan əvvəl mən
Bələdiyyə Teatrında əməkdar incəsənət
xadimi A.Qurbaninin qələmə aldığı "Türk sancağı" tamaşasına
baxdım (quruluşçu rejissor Amaliya Pənahova). Salonda əyləşən
tamaşaçılarla birgə bu gün vacib olan bir mövzuda yazılmış tamaşanı seyr
etdim. Aktyorların səhnəyə qədəm qoymaları ilə
dramaturji materiala söykənib, uğurlu rejissor yozumunda bir anda salonu
ələ almaları tamaşanın maraqlı olacağından xəbər verirdi.
Rejissor ilk anlardan temp, ritm anlayışlarına üstünlük verdiyindən dövrün
nəbzi (1918-ci il) səhnədə vururdu.
Aparıcılar (Ə.Salahov,
Ə.Susanova) oynanılacaq tamaşanın -oyunun hansı aspektdə, hansı kökdə
olacağını ustalıqla obrazlarla ötürdülər və ikincilər də,
öz növbəsində, bu oyunu səmimiyyət və
dəqiqliklə salona realizə etdilər. Səhnədən
salona keçən nəfəs (aktyor oyunu) tamaşaçını ətraf
mühitdən ayırıb səhnədəki hadisələrə
yönəltdi.
İlk hadisədəncə
Ə.Soltanov, T.Bayramov, R.Aslanov, V.Əliyev, E.Rzayev, A.Şükürov,
İ.Atakişiyev 1918-ci ildə Naxçıvanda azərbaycanlılarla
ermənilər arasında baş verən müharibəni dərinliyinə,
incəliyinə qədər dəqiqliklə, olduğu kimi əks
etdirməyi bacardılar.
Tamaşada pyesdən
gələn paralellər ustalıqla rejissor tərəfindən
qurulmuş, aktyorların çağdaş oyun maneralarında qorunub saxlanılmışdı.
Erməni obrazlarını
ifadə edən aktyorlar (A.Əliyev, R.Şıxəliyev) erməni
xislətini, erməni xarakterindəki vandallığı, murdarlığı, nankorluğu
3 kiçik epizodda, maraqlı oyun tərzləriylə, öz
vətəndaş münasibətləri sayəsində dəqiqliklə
açıb göstərdilər.
Yasəmən obrazının ifaçısı (H.Əhmədova) azərbaycanlı qadının əsl simasını, mərdlik, gözəllik, sədaqət, namus və qeyrət simvolu olduğunu bir daha sübut etdi. Ümumiyyətlə, bu tamaşa bu gün orta və ali məktəb tələbələri üçün bir dərslikdir və mütəmadi oynanılmalıdır. Tamaşanın artıq Türkiyədə - Oars, Ərzurum, Yozqara, Ankara şəhərlərində böyük uğurla oynanılması əsl sənət nailiyyətidir.
Dəyərli həmkarlarına
- 15 yaşı tamam
olan Bakı Bələdiyyə
Teatrının kollektivinə
sənət və mənəvi dəyərlər
ugrunda fəaliyyətdə
daha böyük uğurlar
arzulayıram.
525-ci qəzet.- 2006.- 8 noyabr.- S. 7.