Məhərrəmova T.

 

"Sənət özü eqoizm deməkdir"

 

Sahibə Əhmədova, Əməkdar artist: "Bəlkə də mənfi cəhətim döyüşməməyim oldu"

 

O, həyatda qazandıqlarına görə Tanrısına şükranlıq edir. Deyir ki, Tanrının ona bəxş etdiyi bu səsin yolunda yorulmadan, usanmadan çalışıb, olmazın əziyyətlər çəkib. Həssas qəlbi bəzən zamanın yaralarından, bəzən insanların ədalətsizliyindən sarsılıb. Ancaq son anda yenə Tanrısı çatıb dadına. O da "yıxılmayıb, ayaqda durub". Opera və Balet Teatrının solisti Sahibə Əhmədovanın qəlbində küskünlüyün izləri bu gün də silinməyib.

 

- Bu günlərdə Opera və Balet Teatrı "O olmasın bu olsun"u yeni quruluşda təqdim etdi. Deyəsən, rol bölgüsündə yada düşməmisiniz.

- Yox, mənə rol verilmədi. Sənəm rolu mənə verilə bilərdi. Eləcə də "Arşın mal alan"da Xala obrazını oynaya bilərdim. Ancaq bu rolların heç bir mənə tapşırılmadı. Hər şey rejissordan və müəllifdən asılıdır. Bilirsiniz ki, bu əsərlər Üzeyir bəyindir, o da dünyada yoxdur. Ona görə də hər şey rejissordan asılı qalıb.

- Səhnəyə çıxmayanda darıxırsınız?

- Əlbəttə, darıxıram. Sənət elə şeydir ki, ona bağlandınmı artıq ayrıla bilmirsən. Bir də sənət təkrarçılığı sevir. Gərək oynadığın rollarla təkrar-təkrar səhnəyə çıxasan. Sonuncu premyeram "Vaqif"də Qara obrazı olub.

- Səhnə yaradıcılığınızda ən uğurlu rolunuzu Ərəbzəngi hesab edənlərlə razısınızmı?

- Razıyam. Bu obrazı oynamağımın maraqlı tarixçəsi var: Asəf Zeynallı adına texnikuma imtahan verəndə rəhmətlik Hacıbaba Hüseynov, Şövkət xanım, Hacı Məmmədov, Bəhram Mansurov və başqaları oturmuşdu. Mən "Çahargah" oxudum. Gördüm ki, Bəhram müəllim yanında oturanların qulağına nəsə pıçıldayır. Mən həyəcana düşməyə başladım və fikirləşdim ki, yəqin düz oxumuram. Bəhram müəllim: "Qoy bərkdən deyim ki, qızım da eşitsin. Sevinirəm ki, nəhayət, Həqiqət Rzayevadan, Gülxar xanımdan sonra bu günümüz üçün bir opera tərzində oxuyan tapmışam" - dedi. Yoldaşları dedilər ki, hələ tezdir, qoy bir püxtələşsin. Bəhram müəllim: "Yox, mən onu hazırlayacağam, qoy çıxıb Ərəbzəngi oxusun" - deyə israrını bildirdi. O vaxtdan Ərəbzəngini oynamağa başladım. Demək olar ki, 1976-cı ildən operanın işçisiyəm. Həm gündüz Asəf Zeynallıda oxuyur, həm də "stajyor" kimi operada işləyirdim. 12 il məni "stajyor" kimi saxladılar. Hansı ki, cəmi 1 il işləmək lazımdır. 12 ilimi elə bil itirdim. Amma deyim ki, Bəhram müəllim sənətdə əlimi çörəyə çatdırdı. 6 ay ərzində Ərəbzəngini öyrəndim. Tamaşa çox uğurlu keçdi. İlk dəfə rəhmətlik Bakir Haşımovla oynadım. Daha sonra tərəf-müqabillərim Əli Mehdiyev, Hüsnü Qubadov, Arif Babayev, Baba Mahmudoğlu ilə oynadım.

- Gərək ki oyununuz daha çox Canəli Əkbərovla uğurlu alınıb.

- Həmin tamaşanın videoyazısı Qızıl Fondda saxlanılır. Sonradan "Leyli və Məcnun"da Ana rolunu oynadım. "Gəlin qayasında", "Aşıq Qərib"də anaları oynayırdım. Silsilə ana rolları oynamışam.

- Deyə bilərsinizmi, Ərəbzəngi obrazına sizi yaxınlaşdıran nə idi? Təkcə səs diapazonunuzun obraza yaxınlığımı?

- Atamla dayım məni həmişə evdə Ərəbzəngi deyə çağırırdılar. Onda bu istək mənə bəlli deyildi. Oğlan kimi böyümüşəm. Üç qardaşdan sonra dünyaya gəlmişəm. Qardaşlarım at çapanda mən də at çapmışam, turnikdə oynayanda mən də oynamışam. Bəlkə də buna görə mənə Ərəbzəngi deyərdilər. Bu sözün mənası mənə çatmasa da, onu özümə həyat simvolu kimi götürmüşdüm. Savalan adlı tarix müəllimimiz vardı. Həmişə: "Ərəbzəngi xanım, çıx dərsini danış" - deyərdi. Bir gün tamaşam olan vaxt Savalan müəllim Bakıya gələrək afişada "Şah İsmayıl" operasında mənim adımı Ərəbzəngi rolunda görür. Onu o qədər maraq bürüyür ki, axşam oğlu ilə birgə tamaşaya gəlir. Bir də gördüm ki, orta məktəb müəllimim salonda gözünün yaşını silir. Tamaşadan sonra gəlib məni təbrik etdi: "Görürsənmi, səni həmişə Ərəbzəngi deyə çağırardım. Bu, mənimçün böyük sevinc oldu".

- Uşaqlıq illərinin Ərəbzəngisi illər keçə-keçə döyüşkənliyindən niyə əl çəkdi ki?

- Bilirsiniz, həyat mübarizədir. Mübarizə aparmağı bacarmayan kənarda durur. Sənət özü eqoizm deməkdir. Əgər sənin qəlbində eqoizm yoxdursa, heç qabağa getmək də olmaz. Bəlkə də mənim mənfi cəhətim döyüşməməyim oldu. Mən 3 övlad anasıyam. Ananın ən böyük xüsusiyyəti barışığı üstün tutmasıdır. Mənim də qəlbimdə zərif bir duyum var. Məni rəmzi mənada bəlkə də ana nəvazişi yumşaltdı. Ancaq yenə padşah kimi sinəmi gərib dayanmışam. Xalqımın qəlbində yaşayıramsa, özümü sənətdə geri görmürəm. Əgər bu ocaqda qor qalıbsa, o, hələ yaşamaq deməkdir.

- Siz axı təkcə opera səhnəsində çıxış etməmisiniz. Bəs ayrı konsertlər, qastrollar, toylardan niyə danışmırsınız?

- Vaxtilə toylarda çox populyar olmuşam. Ən çox Şamaxı toylarından xoşum gəlirdi. Orada sənətə çox böyük qiymət verirdilər. İnanın, oxuduğum məclisdə milçək səsi də eşidilməzdi. Orada əksərən kişilər otururdu. Bir nəfər siqaret çəkmirdi ki, səsimə pis təsir edər. Ağır təbiətli, başıaşağı olduğum üçün mənə çox hörmət edirdilər. Vaxtı ilə Heydər Əliyev adına Sarayda çox gözəl konsertlər vermişəm, dəstgahlar oxumuşam. Bu gün isə qəlbən küsmüşəm elə bil. Sənətdə haqsızlıqları görüb küsdüm. Həm də səhhətim bir az əl vermir. Mənə qarşı çox haqsızlıqlar olub. 25 illik iş təcrübəmin 12 ilini hədər eləmişəm. Teatrın indiki rəhbərliyində günah görmürəm. "Ankara məhbusu"nda belə bir ifadə var: "Bilsən necə sağ qalmışam, ölümlərin acığına..." Mən də ölümlərin acığına yaşamışam. Ölümlərin acığına yaşamışam, sənətim xalqıma gərəkdir. Çünki həmişə xalqım üçün yaşamışam. Yenə də bu günümə görə Allaha şükürlər olsun!

- Xalq sizi sevirsə, bu istək təbiidir. Bir də var sənətçinin zəhmətinə dövlət tərəfindən qiymət verilsin. O qiymətdən necə, razısınızmı?

- Əgər xalqın yaddaşında həkk olunmuşamsa, xalqın sevgi dolu ürəyində yaşayıramsa, bu, mənim üçün ən böyük addır, hesabagəlməz var-dövlətdir. Ancaq sentyabr ayında əməyimi qiymətləndirib məni Əməkdar artist fəxri adına layiq gördülər.

- Sizi ekranda sonuncu dəfə haçan gördüyümü xatırlaya bilmirəm. Nə vaxt oxumusunuz?

- Unutmuşam... Böyük bir əhdim var idi ki, Qarabağ torpağı alınsın, gedib orda oxuyum. Mən çox vətənpərvər adamam. Torpaq, Vətən, el dərdini canımda yaşadanam. Kənarda qalan deyiləm. Bu dərdi çəkməkdən hətta az qalmışdı ki, başıma hava gəlsin. Mənəvi dostum olan Səxavət Məmmədovun ölümü mənə pis təsir elədi. Bir il oxumadım. Bir yandan Vətən dərdi, daha sonra Səxavət dərdi məni çox sarsıtdı. 1988-ci ildən sonra üstümə ana dərdi yükləndi. O qədər sarsıldım ki, hətta az qalırdı özümü öldürəm. Anasız dünyama inana bilmirdim. Anam mənimçün qolum, qanadım, mənə ruh verən idi. İndi ruhən yaşayır mənimlə. Anamdan sonra çox xəstə oldum.

- Əgər həyatda yaşayırıqsa, itkilər də, dərd-sər də qaçılmazdır. Hər insan ağır dəqiqələrində nəyəsə ümidini bağlayır, nədənsə təsəlli alır. Sizi nə ovutdu?

- Məni həyatda yaşadan sənət yanğısı oldu. Evdə köhnə, kökdən düşmüş bir pianino vardı. Dərdimi o pianino ilə bölüşmüşəm. Pianinonu elə çalmışam ki, sanki çığırmışam. Elə bilmişəm ki, dərd-sərimi onun dillərinə tökə-tökə yüngülləşirəm. İndi yazıq pianomu unutmuşam. Allah yaxşı adamların köməyi olsun! Dadıma onlar çatıb. Məni yaşatmaq üçün yedəklərində gəzdiriblər ki, ayıltsınlar, o qığılcımı bir də alışdırsınlar.

- Belə bir mahnı varmı özünüzü o nəğmədə tapasınız? Belə deyək də, həmin musiqi sizin hisslərinizin pasibanı olsun.

- Hələ Bakıya gəlməmişdən əvvəl Zeynəb xanımın bir mahnısını eşitmişdim: "Təki eşqində sən dönməz ol yar, günəş ürəkli, sönməz ol yar". Bu mahnını elə sevirdim ki, hətta özümü onda tapırdım.

- "Eşqində sən dönməz ol yar" deməklə kimi sədaqətə çağırırdınız ki?

- Bəlkə də o mənim öz qəlbim idi. O mahnını oxuyanda heç kəsi nəzərdə tutmamışdım. Təkcə sənəti düşünürdüm. Yəni Koroğlu kimi cəngavər olmalısan ki, sənətdə özünü doğrultmağı bacarasan.

 

Kaspi.- 2006.- 7 noyabr.- S. 7.