Özümü sənətin əsgəri
hesab edirəm, fədaisi yox...
Atabala Səfərov:
“Arzuladığım rollar beş il bundan qabaq vardı”
O, “Səhnədə
məhəbbət”də milyonçudur, "Bir günlük siğə"də
qazi... Həyatda isə sadə, səmimi bir insan, istedadlı
aktyor... Ömrünün 25 ilini teatra həsr edən Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının aktyoru Atabala Səfərov
əsl sənət fədaisidir. Özü bunu etiraf etməsə
belə...
- Atabala müəllim, bir ara
Gənclər Teatrına getmişdiniz...
- Hə, 1990-cı ildə buradan getdim. Hacıbaba Bağırov teatrın bədii rəhbəri və direktoru təyin ediləndən sonra məni çağırdı, qayıtdım. Arada Gənclər Teatrında işləmişəm.
- Atabala müəllim, gözümü açandan sizi televiziya tamaşalarında görmüşəm. Uzun illər teatr səhnəsində çıxış etmisiniz. O dövrdə sənətə
olan qiyməti görən bir aktyor kimi müasir
dövrü necə qiymətləndirirsiniz? Sizcə,
teatr sənəti layiqincə dəyərləndirilirmi?
- Dövlətin teatra münasibəti son zamanlar məni qane edir. Amma tamaşaçılar
nəsə zəif gəlirlər, teatrdan bir az soyuyublar...
- Sizcə, buna səbəb nədir?
- Yəqin, səbəb həm tarnaşaçıların maddi vəziyyətinin yüksək
olmaması, həm də istədikləri tamaşaları görınəmələridir.
- Əsas səbəb repertuar problemidir?
- Musiqili Komediya Teatrında tamaşaçı problemi yoxdur. Şükür Allaha,
biz tamaşaçı sarıdan "aclıq" çəkmirik. Siz ümumən deyirsinizsə, əlbəttə
ki, evvəlki axın yoxdur. Tamaşaçılar
nəsə teatra qarşı passivlik nümayiş etdirirlər.
- Etiraf edək ki, problemi
təkcə maddi imkan və repertuarla
bağlamaq olmaz. Çünki, son illər baxdığımız tamaşalarda süni aktyor oyunu
qabarıq nəzərə
çarpır..,
- Mən sizə deyim, indi teatrda ən
böyük problem rejissor problemidir. Bunu çəkinmədən demək
lazımdır. Bu saat Azərbaycanda 2-3 nəfər
sözün əsl mənasında, peşəkar rejissor var. Sovet dövründə o qədər böyük rejissorlarımız vardı ki... İndi
azdır. Məsələn,
Bəhram Osmanov savadlı rejissordur. Mən onunla Gənc Tamaşaçılar Teatrında iki tamaşada
işləmişəm.
- Musiqili Komediya Teatrında professional rejissorlar yoxdur?
- Yoxdur deyəndə ki, ümumiyyətlə, Azərbaycanda
peşəkar rejissorlar barmaqla sayılacaq qədərdir. Təbii ki, "Muskomediya"da da rejissor problemi
mövcuddur. Düzdür, Musiqili Komediya Teatrı janr etibarı
ilə Şərqdə yeganə teatrdır.
- Atabala müəllim, bəlkə
"süni aktyor oyunu" problemi aktyorların teatrda aldıqları cüzi maaşla əlaqədardır? Ailəsini dolandıra bilməyən aktyorun səhnəyə
can yandırmağa həvəsi
olmur axı...
- Yox, aktyorun cüzi maaş
almasının tamaşaçıya heç bir dəxli yoxdur. Tamaşaçının nəyinə lazımdır ki, sən
az maaş alırsan,
buna görə də rolunu pis oynayırsan. Yəni, cüzi maaş aktyor üçün bəraət deyil. Bilirsiz, düzdür, Azərbaycanda aktyorların qazancı çox azdır. Lakin
son zamanlar dövlətin teatra münasibəti yaxşı mənada dəyişib. Hələ mərhum prezident Heydər Əliyev bir çox sənətkarlara
təqaüd kəsib. İndi onun yolunu İlham Əliyev
davam etdirir, aktyorlara müxtəlif mükafatlar verilir. İndi növbə
yəqin yavaş-yavaş yerdə qalanlara da çatar.
- İnşallah, sizə də çatar...
- İndi onu əvvəlcədən deyə bilmərəm.
Əgər qismətdirsə, mən də mükafata layiq görülərəm.
- Səhər məşq,
axşam tamaşa, gərgin iş və bunun müqabilində az maaş... Siz,
sənət fədaisisiniz?
- Yox, fədaisi yox,
sənətin işçisi, əsgəri...
- Niyə fədaisi yox? Atabala
Səfərov ömrünün uzun ilini teatra həsr edib.
Şəraitsizliyə, pulsuzluğa dözüb və geri çəkilməyib.
- Qoy, məni tamaşaçılar
və siz jurnalistlər sənət fədaisi adlandırsınlar.
1990-cı ilə qədər hə, mən özümü sənət
fədaisi hesab edirdim. Doğrudan da, evdən çox teatrda olurduq. Sonra bir qədər durğunluq yarandı. Şükür Allaha ki,
indi yenə vəziyyət düzəlib, teatra diqqət artıb.
- Gəlin, bir az keçmişə qayıdaq. Necə oldu ki, teatr aləminə qədəm qoydunuz?
- 1966-cı ildə - məktəbi qurtarandan sonra sənədlərimi İncəsənət Universitetinə vermişəm və qəbul olmuşam.
- Aktyor sənətinə həvəs haradan qaynaqlanıb?
- Əmim rəhmətlik Bəşir Səfəroğlu aktyor idi. Həmişə Dəvəçiyə qastrol səfərinə gəlirdi. Nəsə aktyorluğa bir həvəs vardı məndə. Onu da deyim ki, orta məktəbi yaxşı oxumuşam. Riyaziyyatı, fizikanı mükəmməl bilmişəm. Yəni, texniki fənləri bilmirdim deyə, sənətə gəlməmişəm. Sırf özümün həvəsim olduğu üçün teatra gəlmişəm.
- Kimin tətəbəsi olmusunuz?
- İlk müəllimim Tofiq Kazımov olub,
sonra Rza Təhmasib və
Mehdi Məmmədovdan dərs almışam. Üç peşəkar sənətkarın tələbəsi olmuşam.
-
Professional səhnəyə nə vaxt çıxmısınız?
- 1971-ci ildə təyinatla Sumqayıt Teatrına getmişəm, orada 6 ay işləmişəm. Sonra "Muskomediya"ya gəlmişəm,
məni işə Şəmsi Bədəlbəyli
götürüb. Bir il xorda işləmişəm,
1973-cü ildən müstəqil
rollar oynamağa başlamışam. İlk müstəqil rolum "Həmişə xanım" tamaşasında olub. Həmin tamaşada Hacıbaba Bağırovla tərəf-müqabili idim. Onun oğlunu oynayırdım.
Ümumiyyətlə, çox məşhur aktyorlarla tərəfmüqabili olmuşam. Nəsibə xanımla, Səyavuş Aslanla bir səhnəyə çıxmışam. Nə bilim, çox rollar
oynamışam.
- Arzuladığınız rol qalıb?
- Yox... Bir beş
il bundan qabaq arzuladığım rollar vardı. Amma
indi yoxdur. İndi hansı rolu
verirlər, oynayıram.
- Maraqlıdır, beş il öncə
hansı rolları arzulayırdınız?
- Misal üçün, "Məşədi İbad" tamaşasında oynamağı arzulayırdım. İndi həmin tamaşada Həsənqulu bəyi oynayıram. “Arşın mal alan”da Vəlini oynamaq istəyirdim, alınmadı...
- Əgər rejissor olsaydınız, özünüz üçün hansı əsəri
səhnəyə qoyar
və baş rolu oynayardınız?
- Nə bilim vallah...
Yəqin ki, yaxşı bir əsər
tapardım da. Bilirsiz, bizim sənət asılı sənətdir. Biz həmişə
asılıyıq rejissordan, dramaturqdan, bəstəkardan.
Bizim teatrda gərək həm oxuyasan, həm danışasan, həm rəqs edəsən. Gərək libretto müəllifi
ilə pyes yazan və bəstəkarın
fikri üst-üstə düşsün. Olar ki,
bəstəkar səni
bəyənsin, amma
libretto müəllifi və
yaxud əsəri yazan səni bəyənməsin, Deməli,
aktyor üç dəfə seçimdən keçməlidir. Amma ən əsas seçim teatrın bədii rəhbərinə
məxsusdur. Qeyd edim ki, burada
yaranan atmosfer, insanların bir-birinə münasibəti çox yaxşıdır.
Üç nöqtə.- 2006.- 3 noyabr.- S. 13.