Rüstəm İbrahimbəyov səhnəni bölüşür

 

"İbrus" teatrında fransız yazıçısı Jan Koktonun "İnsan səsi" pyesi əsasında "Tənha səs" tamaşası hazırlanıb. Buna qədər səhnəsində yalnız tanınmış daramaturq Rüstəm İbrahimbəyovun əsərləri elə müəllifin öz rejissorluğu ilə qoyulurdusa, bu dəfə "İBRUS" qapılarını "özgə"lərə açıb.
Kamran Şahmərdanın quruluş verdiyi tamaşada Mələk Abbaszadə, xalq artisti Şükufə Yusupova çıxış edirlər.
Koktonun dünyanın demək olar ki, bütün qabaqcıl teatrlarında səhnələşdirilən bu pyesini yerli tamaşaçılar ilk dəfə 18 il əvvəl televiziya tamaşası qismində izləyiblər. Bir qadının sevgilisi ilə telefon danışıqları üzərində qurulan tamaşada o zaman baş rolu Şükufə Yusupova ifa edib. Bu ilin may ayında isə sözügedən pyes Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Bəsti Cəfərovanın ifasında oynanıldı. Rejissor Kamran Şahmərdan isə gənc aktrisa Mələk Abbaszadəyə şans vermək qərarına gəlib. Mələk Rusiyanın ÜDKİ-da təhsil alsa da, karyerasına model kimi başlayıb. Beş il İstanbulda çalışdıqdan sonra Bakıya qayıdıb Rus Dram Teatrında aktrisa peşəsini davam etdirməyə başlayıb. Onun sözlərinə görə, yaradıcı heyət "Tənha səs" monotamaşasına maksimum rəngarənglik qatmağa çalışıb. Tamaşanı izləyən Rustəm İbrahimbəyov da rejissorun işindən razıdır. Dramaturq ilk dəfə biraktlıq pyesdən böyük, bütöv bir tamaşanın səhnələşdirildiyini deyir. Pyes isə qısa müddətə hazırlanıb. Buna səbəb isə rejissor Kamran Şahmərdanın Finlandiyada yaşayıb, çalışmasıdır. 34 yaşlı sənətçi Finlandiyada "Ağ qara" sintetik teatrının rəhbəri, həm həmin ölkədə Azərbaycan diasporunun yaradıcılarındandır. Hər il yaşadığı Skandinaviya ölkəsində teatr festivalı düzənləyən rejissor növbəti tədbirə yerli teatrlardan "Yuğ", "Pantomim" teatrlarını rejissor Namiq Ağayevin "Can" tamaşasını da dəvət edəcək. Yaxın gələcəkdə isə K. Şahmərdan Rusiya teatrında tamaşa hazırlamaq niyyətindədir. Sankt-Peterburqun "Molodejnıy Teatr"ında quruluş vemək istədiyi əsər isə milli klassik Cəlil Məmmədquluzadənin "Ölülər"i olacaq. Hələliksə rejissor paytaxt əhlinin görüşünə "Tənha səs" tamaşası ilə gəlir. Azərbaycan rus dillərində oynanılacaq tamaşanın premyerası isə noyabrın 7-nə gözlənilir. "İBRUS" bu tamaşanı yaxın günlərdə Türkiyəyə edəcəyi qastrol səfərinə aparacaq. Gələn ilin payızında isə bu tamaşa yerli aktyorlarımızın ifasında Koktonun vətəni- Fransada oynanılacaq.

 

Xəzər.- 2006.- 4 noyabr.- S. 19.