Tanrıverdiyev Y.

 

Gəncə Teatrı yubiley mövsümündə

 

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının bu ilki teatr mövsümü qədim sənət ocağının yaradılmasının 85-ci ildönümünə təsadüf edir. Yaradıcı kollektivin yubiley tədbirləri planına daxil olan yeni tamaşa - Novruz Cəfərovun "Kədərli zarafat" komediyası sənətsevərlərin sınağına təqdim olunmuşdur.

Bu qədim sənət məbədi Azərbaycan teatr tarixində özünəməxsus sanballı yer tutur. Uğurlu səhnə həlli ilə teatr tariximizə şərəfli səhifə kimi yazılan bir sıra tamaşaların adı məhz Gəncə teatrı ilə bağlıdır. Teatr böyük bir aktyorlar nəslinin yetişməsinə də sanballı töhfələr vermişdir. 85 yaşlı kollektiv öz yubileyinə bir sıra sənət töhfələri hazırlamışdır.

Müxbirimizlə söhbət zamanı teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rafiq Atakişiyev demişdir ki, teatrın kollektivini yubiley mövsümündə bir sıra sənət sınaqları gözləyir. Kollektivimiz yeni tamaşalar üzərində işləyir. Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə paytaxt tamaşaçıları qarşısında çıxış edəcəyik. Novruz Cəfərovun "Kədərli zarafat" əsəri yubiley tədbirlər planına uyğun olaraq hazırlanmışdır.

Təkcə Gəncənin deyil, respublikamızın mədəni həyatında əlamətdar hadisəyə çevrilən yubiley tədbirlərinə daxil olan yeni tamaşa müasirlərimizin həyatından bəhs edir. Baməzə bir sənət adamının - teatr rejissorunun məişət həyatı insanlarla məzəli zarafatları incə bir komizmlə tamaşaçılara çatdırılır. İnsanlar arasındakı münasibətlər bu münasibətlərdəki eybəcərliklərin tənqidi tamaşanın əsas leytmotivini təşkil edir. Gündəlik həyatımızda rast gəldiyimiz məzəli hadisələrin ibrətamiz fəlsəfi mahiyyəti uğurlu səhnə həllini tapmışdır.Tamaşada maraqlı aktyor ansamblı iştirak edir. Aktyorlardan N.Cəfərovun, G.Orucovanın, əməkdar artist R.Vəliyevin, S.İsmayılovun, A.Səfərovun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Tamaşaya cəlb olunan Gəncə məktəbliləri N.Şərifovanın E.Salmanovun ifası da maraqlı olmuşdur.

Quruluşçu rejissor, əməkdar incəsənət xadimi Vaqif Şərifov tamaşanın müasirliyini daha da qabardaraq maraqlı səhnə həllinə nail olmuşdur. Böyük uğurla keçən tamaşanın musiqi tərtibatı T. Mustafayevanındır.

 

Respublika.- 2006.- 9 noyabr.- S. 7.