Turanə
“Teatr
haqqında” Qanun teatrların bu günü üçün deyil, sabahı üçün önəmlidir
Elxan Ocaqov: Musiqili
Komediya Teatrının kollektivi böyük potensial imkanlara malikdir
Şou-biznes haqqında qanunda teatrların fəaliyyətinə baxış ötəri
xarakter daşıyır. Musiqili Komediya Teatrının direktor əvəzi Elxan
Ocaqov bu qanundan daha çox şey gözlədiklərini gizlətmir.
Qanunda teatrlarda fəaliyyət göstərən Bədii Şura məsələsinə
toxunulmadığını deyən direktor əvəzi prodüsser məsələsinin
qabardılması ilə yanaşı bu məsələnin də müzakirəsini
vacib sayır:
- İndiyə qədər teatrlarda daxili səlahiyyətlər Bədii
Şuralara verilirdi və teatrın inkişafı ilə bağlı məsələlər
onlar tərəfindən müzakirə olunurdu. Bizim teatrda Bədii
Şura bu günə kimi mükəmməl bir formada fəaliyyət göstərir.
Hər həftə şura üzvlərinin iştirakı ilə bir neçə dəqiqəlik
müzakirə keçirilir. Şura üzvlərindən biri hər tamaşaya növbətçilik
edir. Tamaşa ərzində yol verilən qüsurlara və
çatışmazlıqlara müzakirələrdə aydınlıq gətirilir. Amma
şou-biznes haqqında qanunda teatrların bədii şuraları ilə bağlı bir kəlmə
belə yoxdur. Teatrlar bədii şurasız fəaliyyət göstərməməlidir.
Teatrda yaradıcılıq gündəlik formada olduğuna görə, Bədii
Şuranın fəaliyyəti də mütləq tənzimlənməlidir.
Bəziləri qanunda quruluşçu dedikdə, səhv salaraq, elə
düşünürlər ki, söhbət quruluşçu rejissordan gedir. Əslində
quruluşçu dedikdə elə teatr və onun daxili mexanizmi nəzərdə
tutulur. Bu daxili mexanizmin ən önəmlisi isə Bədii
Şuradır. Elə məsələr var ki, onu bir nəfərin həll
etməsi düzgün deyil və mütləq müzakirəyə
çıxarılmalıdır. Məsələnin həlli şuranın qərarından
sonra qüvvəyə minməlidir. Teatrımızın səhnəsində
oynanılan əsərlərin hər biri şuranın qərarıyla səhnələşdirilib.
Dəfələrlə şahidi olmuşam ki, hətta böyük sənətkarların
əsrlərini şurada qəbul etməmişik. Və onlar bizim
tutarlı fakt və arqumentlərimizin qarşısında razılaşmalı olublar. Bədii
Şura sənət adamını inandıra bilib ki, əsər qarşıya qoyulan
tələblərə cavab vermir və ya yenidən işlənməlidir.
Teatrın canlı mexanizmi olan Bədii Şura olmadıqda qərarlar obyektiv
olmur.
“Teatr haqqında” Qanun bu günün tələbidir
- İndiyə qədər sovet dövründən qalma qanunlarla çalışırıq.
Bəzən elə məsələlər ortaya çıxır ki, bizdə
həmin sahəni əhatə edəcək qanun olmadığından,
başqa sahələrin qaydalarıyla hesablaşmağa məcbur oluruq. Çünki
başqa bir qanunumuz yoxdur. Teatrda elə məsələlər var
ki, onların qanunla tənzimlənməsi vacibdir. Hər şeydən
öncə hamının hüquqi vəzifəsi var. Teatrın özünün digər təşkilatlarla
qurulan münasibətlərindəki fəaliyyəti ümumi cəhətdən
tənzimlənməli və bütün bunlar qanun çərçivəsində
olmalıdır. Teatrın özünün qanunları olmadığı üçün bəzən bir sıra
problemlərlə üzləşirik. “Teatr haqqında” Qanun vacib olduğu qədər
də çox böyük əhəmiyyətə malikdir. Mədəniyyət
və Turizm Nazirliyi və Milli Məclisin Mədəniyyət
komissiyası bu məsələyə çox ciddi fikir verdikləri
üçün biz teatr işçiləri tərəfindən alqışlanır. Mən
qanunun həm birinci, həm də ikinci oxunuşuyla tanışam. Düzdür,
birinci oxunuşda müəyyən qüsurlar var idi. Həmin oxunuşa beş təklif
vermişdim ki, onlardan bəziləri ikinci oxunuşda bu və ya digər
maddələrdə öz əksini tapıb. Məlum məsələdir
ki, aktyorların və yaradıcı insanların aylıq və illik iş normaları
olmalıdır. Bu, teatrın özü üçün çox vacib bir məsələdir. Bəzən
görürsən ki, bir sənət adamı noramadan artıq çalışır, digəri
isə normadan qat-qat aşağı faliyyətdədir. Fəaliyyətlərində
nəzərəçarpacaq dərəcədə fərq olduğu
halda, alınan məvacib eynidir. Məsələylə bağlı Mədəniyyət
və Turizm Nazirliyi bu yaxınlarda xüsusi əmr hazırlayıb və
yaradıcı insanların fəaliyyət normalarıyla bağlı məsələlər
tənzimlənir. Qanun ayrı-ayrılıqda vacib, mühüm əhəmiyyət
daşıyan bəndlərdən ibarətdir. Qanunda əks olunan bəzi
məsələlərə, məsələn, teatrın dövlət
siysətinin tərkib hissəsində olmasına münasibət bildirmək
istərdim. Teatrların əhalinin nisbətən kasıb, əlil,
qaçqın və şəhid ailələri üçün güzəştli və təmənnasız
proqramlarla çıxış etməsi məsələsi qanunla tənzimlənməlidir.
Əhalinin ehtiyaclı təbəqəsinin vəziyyətini nəzərə
alaraq güzəştli biletlər satılır ki, bu da, gəlirlərin
aşağı düşməsinə səbəb olur. Kütləvi xarakterli, güzəştli
çıxışlara görə teatrın dövlət himayəsinə götürülməsi
bu qanunda əksini tapıb. “Teatr haqqında” Qanun teatrların bu günü üçün
deyil, sabahı üçün də vacib və önəmlidir. Teatrlar həm
xalq, həm də dövlət tərəfindən qorunmalıdır. Amma
bu yük bu gün daha çox teatr işçilərinin üzərinə düşür.
Teatrların gələcək fəaliyyətinin yeni prinsiplər
və tamaşaçıların maraqları çərçivəsində qurulması, yeni ədəbi
materialların cəlb olunması, daha çox müasir reklam janrlarından, afişa
plakatlarından istifadə edilməsi və s. sahələrdə
bu qanunun qəbulu müstəsna rol oynayacaq. Qanun ikinci oxunuşda qəbul
olunub. Ümid edirik ki, yaxın günlərdə hamımızın səbirsizliklə
gözlədiyi qanun qəbul edələcək.
Teatrda bir-birindən
maraqlı bir neçə
tamaşa üzrəində iş gedir
- Musiqili Komediya Teatrının fəaliyyətilə bağlı bu gün çoxşaxəli
planlarımız var. Teatra geniş tamaşaçı kütləsi cəlb etmək üçün
güclü reklamın və müasir standartlarla fəaliyyətin qurulması
mütləq və vacib olan şərtdi. Yeni tamaşalar da öz yerində.
Hazırda teatrda bir-birindən maraqlı bir neçə tamaşa üzərində
məşqlər gedir. İnanıram ki, onlar teatrsevərlərə təqdim
olunduqda, əvvəlki səhnə əsərləri kimi
maraqla qarşılanacaq və böyük tamaşaçı rəğbətini qazanacaq. Məşqləri
gedən tamaşalardan biri də Şıxəli Qurbanovun “Milyonçunun dilənçi
oğlu” klassik əsəridir. Əsərin bəstəkarı Süleyman
Ələsgərovdu. Teatrın tarixində ilk dəfə olaraq,
dünya klassikasından Azərbaycan dilində macar bəstəkarı
Kalmanın əsəri tərcümə edilib. Əsərin librettosu əlimizdə
olsa da, bugünədək MDB məkanında klavirini və partiturasını
tapa bilmirdik, bu səbəbdən məşqlər bir qədər
ləngiyib. Əsəri yenə də macar bəstəkarlarından
olan Leqarın “İddialı qaraçı” əsəri ilə əvəzləmişik
və yaxın günlərdə aktyor truppası məşqlərə
başlayacaq. Bildiyiniz kimi, Marat Haqverdiyev və Ramiz Mirişlinin
“Qısqanc ürəklər” tamaşasının məşqləri davam edir və
ayın sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. Hər
il olduğu kimi bu dəfə də körpələrimizi unutmamışıq.
Teatrın repertuarında olan səhnə əsərləri ilə
paralel olaraq “Yeni il” şənliyinə hazırlıq görürük. Bu şənliyə
yeni bir nağıl-tamaşa hazırlayırıq. Rus bölməsində isə dünya
klassikasından “Bayadera” əsərinin məşqləri gedir. Təxminən
mart-aprel aylarında təhvil verməyi planlaşdırırıq.
Hacıbaba Bağırovun
yeri görünür
- Allah əvəzsiz sənətkarımız Hacıbaba müəllimə rəhmət
eləsin. On il Hacıbaba müəllimlə birgə, mən sərəncamçı
direktor olaraq, bu teatra rəhbərlik etmişik. Hacıbaba Bağırov bu illər
ərzində sağlam rəqabət və mükəmməl bir
yaradıcı kollektiv formalaşdırıb. Əvvəllər teatrımız vokal səs
imkanlarına malik aktyorlardan korluq çəkib. Amma bugünkü gənc
aktyorlarımız sırasında gözəl səs imkanlarına malik olan istedadlı kəslər
var. Onların bir çoxunun premyeraları təhvil verəcəyimiz
tamaşalarda olacaq. Bizim yaradıcı kollektiv böyük potensiala malikdir. Onlarla
istənilən əsəri istənilən səviyyədə
qoymaq olar.
Yeni
Azərbaycan.-2006.-8 noyabr.-S.8.