Turanə

 

O, mənim sevimli aktyorum idi

 

Arzu Bağırova: Düşünürdük ki, hələ uzun illər bir yerdə xoşbəxt ömür sürəcəyik

Onun üçün çox ağırdı. Sevimli həyat yoldaşını itirdiyindən hələ heç qırx gün də ötməyib. Həm də bu həyat yoldaşı tək onun yox, bütün Azərbaycanın sevimlisi idi. Söhbət xalq artisti Hacıbaba Bağırov haqqındadı. Müsahibimiz isə həyat yoldaşı Arzu xanımdı:

- Hacıyla ilk görüşümüz teatrda oldu. Elə ilk görüşlərdən onun isti münasibətini hiss edirdim. O zamanlar Hacı üçün çox ağır dönəmlər idi. Doğrusu istəməzdim onun keçmişinə qayıdım. Hacı demək olar küçədə qalmışdı. Bunu hamı bilir. Bu barədə danışmaq mənim üçün çox ağırdı. Bir müddət görüşdük, amma mən bir qədər düşünsəm də o, elə ilk görüşlərindən mənimlə evlənmək niyyətinin olduğunu gizlətmirdi. 1999-cu ildə ailə qurduq. Həmin günü restoranların birində qeyd etdik. Və təbii ki, öncədən artıq yerbəyer etdiyimiz evə köçdük. Əvvəlcə kirayə yaşadıq. Doğrudur, çox çətin günlərimiz olub. Ağır günlərimiz idi həmin zaman, amma bunlara baxmayaraq biz bərabər olduğumuza görə xoşbəxt idik. Sonra indiki ölkə başçımız İlham Əliyev Hacıbaba müəllimin sənətinə dəyər, qiymət verərək bizə iki otaqlı mənzil verdi.
- Təbii ki, Hacıbaba müəllimi bir aktyor kimi tanıyırsınız. Nəzərə alaq ki, o, çox məşhur bir adam idi, evlilik təklifini necə qarşıladınız?
- Hacı sənətdə öz sözünü hələ mən dünyaya gəlməmişdən demişdi. Deyim ki, o, “Ulduz” filmində çəkiləndə mən hələ yox idim. Onun akytor kimi sənətini, ifalarını bəyənmişdim. O mənim sevimli aktyorum idi. Heç ağlıma belə gəlməzdi onunla ailə qura bilərəm. 12-13 yaşım olanda onun “Səhər görüşləri”ndəki çıxışlarını izləyərdim. Sonra taleyin qisməti elə gətirdi ki, Hacıbaba Bağırov mənim həyat yoldaşım oldu..
Hacının təklifinə gəlincə, əvvəlcə bir az özümü naza çəkdim. O, bəzən hirslənirdi ki, niyə vaxtı bu qədər uzadıram. Deyirdi axı nəyə görə münasibətimizi camaatdan gizlədirəm, istəyirəm hamı bilsin ki, mən səninlə görüşürəm. Mən hər şeyi zamanın öhdəsinə buraxırdım. Amma bu məsələdə o bir az hövsələsiz idi. Onu bir aktyor kimi yox, adi bir insan kimi daha yaxından tanıdıqca ona daha çox bağlanırdım. Gözəl xasiyyəti var idi, ağır təbiətli insan olduğuna görə qarşısındakı insanın da elə olmasını istəyirdi. Xasiyyətlərimizin bir-birinə daha da yaxın olduğundan və uyğun gəldiyindən çox şükür ki, gözəl bir ailənin təməlini qoyduq. Biri dedi necə oldu belə cavan qız ona getdi, o biri isə, necə oldu ki, Hacı onu aldı. Çox söz-söhbət oldu. Sonradan arxamızca danışan insanlar özləri də bu münasibətimizi qəbul etdilər. Bir çoxları bizim 6 illik ailə həyatımızdakı mehriban bağlılığı, məhəbbəti görərək öz səhvlərini təsdiq etdilər. Mənə gəldikdə isə məndən uzaq olan kəslərə, başqalarının fikirlərinə üstünlük vermirəm. Heç o zaman heç kimin fikri ilə maraqlanmırdım ki, mənim haqqımda nə düşünəcəklər. Elə Hacı da həmçinin. Bizim aramızda 38 illik yaş fərqi var idi. Mən onun xasiyyətində elə xüsusiyyətlər gördüm ki, onu heç bir cavan insanda tapa bilməmişəm. Bu gün Hacı kimi kişiləri barmaqla saymaq olar. Bu altı ildə biz söz-söhbətdən, ailə münaqişəsindən çox şükür ki, uzaq olduq. Hər zaman bir-birimizə can deyib-can eşitmişik. Onun özü də xoşbəxtliyini gizlətmirdi. Hər çıxışda, müsahibələrində belə xoşbəxtliyini dönə-dönə təkrar edirdi. Çox xoşbəxtəm deyərək Allahdan ömür istəyirdi ki, yaşasın, övladına bir gün ağlaya bilsin. Həmişə deyirdi ki, əgər qızımızın toyunu görə bilməsəm, rahatam ki, sən varsan. Hacıgilin nəsilləri hamısı uzunömürlüdürlər. Anasının hazırda 94 yaşı var. O da ümid edirdi ki, hələ yaşayacaq. Onu belə tez itirəcəyimiz heç ağlımıza belə gəlmirdi, çünki heç bir yeri ağrımırdı, səhhəti ilə bağlı şikayəti olmazdı. Düşünürdük ki, bərabər hələ uzun xoşbəxt bir ömür sürəcəyik. Amma Allahın yazısı, qisməti beləymiş. Biz nəçiyik ki?
- Biz Hacıbaba müəllimi peşəkar sənətkar, gözəl bir aktyor kimi tanıyırıq. Bəs ailədə bir həyat yoldaşı kimi necə idi?
- Hacıbaba Bağırov bir ailə başçısı kimi əvəzolunmaz bir insan idi. Özü kimi qayğıkeş, özü kimi ailəsini sevən, hədsiz bağlı olan insan çətin tapıla. Mən Hacıyla hər zaman özümü qadın kimi hiss edirdim. Hər xanıma özünü, sözün əsl mənasında, qadın kimi hiss etməsi, duyması nəsib olmur. Mən xoşbəxtəm ki, bu altı ili onunla ömür sürdüm. Biz Hacıyla o qədər gözəl günlər keçirmişik ki, indi onu mənə şirin xatirələrimiz, günlərimiz əvəz edə bilər. Gözəl günlər deyəndə, bunu hərəsi bir cür başa düşür. Kasıb gözəl günü varlılıqla götürür, deyir ki, nəyisə əldə etsə, xoşbəxt olacaq. Amma iş maaddiyyatda deyil, mənəviyyatdadır. Hamı deyirdi ki, onların heç bir problemi yoxdur. Yenə deyim ki, biz ailə quranda demək olar ki, heç nəyimiz yox idi, məhəbbətimizdən savayı. Bunu hamı bilir ki, biz heç vaxt var-dövlətli olmamışıq. Mən də öz növbəmdə Hacıya qarşı tələbkar olmamışam. Bəzi ailələrdə söz-söhbət qadınların “onu”, “bunu” istəyirəm kimi tələblərinə görə yaranır.
Kişi də o tələbləri yerinə yetirə bilmədikdə narazılıq yaranır. Yenə də deyirəm biz bir-birimizə uyğun insanlar idik. Hacı bacardığı qədər mənim tələblərimi yerinə yetirib. Demək olar ki, nə demək istədiyimi hələ söz ağzımdan çıxmamış göydə tutub. Çalışıb ki, həmin dəqiqə, həmin gün o arzumu yerinə yetirsin. O, hədsiz qayğıkeş bir həyat yoldaşı idi. Və sevgisini hər bir hərəkəti ilə hiss elətdirirdi.
Hacı Allaha qəlbən çox bağlı insan idi. Hətta hər gecə kəlmeyi-şəhadətini deməzdən öncə Allaha dua edərək deyirdi ki, Allahım ailəmi mənə çox görmə, şükürlər olsun ki, çox xoşbəxtəm. O, mehriban olduğu qədər də çox əliaçıq idi. Düzü, deyirlər ki, məndən öncə belə olmayıb. Ərlə arvadın torpağının bir yerdən götürülməsi misalında həqiqət var. Mən qonaqpərvər, deyib-gülən olduğum qədər o, qaraqabaq idi. Biz ailə qurduqdan sonra mən onun oynadığı bütün tamaşalarla gedirdim. Amma tamaşaçı kimi yox, səhnə arxasında yanında olurdum. Şölənin dünyaya gəlməsini gözləyirdim, axır aylarda mənə çox çətin idi. Təzyiqim 230-a qalxırdı. Mövsümün bağlanışı ərəfəsində Hacı zəng vurdu ki, bəs nə oldu, tamaşa başlayır gəlmirsən? Mən də istəmirdim təzyiqim olduğunu bilib narahat olsun. Zarafatla dedim ki, nədi, tamaşanı mən oynayıram? Amma buna baxmayaraq, yenə də getdim. Hələ tamaşa başlamamışdan gərək mən onun qrim otağında olaydım. Onun səhnə kostyumlarını geyməyinə kömək edirdim, elə olurdu ki, təzyiqi qalxırdı, təzyiqini, şəkərini ölçürdüm. Aparat həmişə yanımızda olurdu. Elə ki, deyirdi başım gicəllənir tez təşvişə düşürdüm. Rayonlara belə qastrola gedəndə məni də özü ilə aparırdı. Deyirdi ki, sən yanımda olanda özümü çox rahat hiss edirəm.
- Balaca Şölə Hacı müəllimin yaşının kövrək çağında dünyaya gəldi...
- Hacı həmişə deyirdi ki, Şölə mənə Tanrının ən şirin payıdı. Hətta Şöləyə və mənə mahnı bəstələtdirmişdi. O, Şöləyə “illər boyu yol gələn arzumun şöləsisən” deyərdi. Ona çox bağlı idi. Səhər evdən Şöləni görmədən, öpmədən qətiyyən çıxmazdı. Özü dəqiq insan olduğundan, işə gecikməyi də sevmirdi, amma Şölə yatmış olarkən gözləyirdi ki, oyansın və görüşüb getsin. Baxmayaraq ki, bir neçə saatdan sonra onsuz da teatra gedəcəkdik. Şölə demək olar ki, bizimlə birlikdə bütün tamaşalarda olub. Yalnız səhhəti ilə bağlı problemləri olanda onu özümüzlə aparmırdıq. Hacı qəlbən kövrək insan idi. Evdə hər bayram keçiriləndə onları lentə alırdı, deyirdi ki, qoyun yadigar qalsın. Bu çəkilişlərin hamısında Hacının göz yaşlarını görmək olar. Çox adi bir şeylərə onun gözləri dolurdu. Ələxüsus da, “Vağzalı” səsini eşidəndə. Amma son vaxtlar - axır iki ayı daha da kövrəlmişdi. Bir söz demək olmurdu. Hər söz, hətta insanların belə özünə qarşı gözləmədiyi rəftarı da təsir edirdi. Hər şey əvvəlki tək deyildi. Özünü çox pis hiss edirdi, bəlkə də bu ondan irəli gəlirdi. Düşünmürdüm ki, onu belə tezliklə itirə bilərəm. Amma ölümünə iki gün qalmış dilindən belə bir söz eşitdim ki, öldürəcəksə, qoy öldürsün, sizlərə əziyyət verməyim. Dedim Hacı sən mənə əziyyət vermirsən, sənin qulluğunda durmaq mənə xoşdur. Dedi sən neçə vaxtdır yuxusuzsan, səni görürəm ürəyim ağrıyır. Xəstəxanada yatarkən, məndən maqnitafon istədi. Bir də ki, öz ifasında səslənən Şölə ilə mənə Mətanət Dadaşovanın bəstələdiyi mahnıları. Mən yemək üçün evə gedəndə, o həmin mahnıları dinləyib, kövrələrək ağlayıb. O vaxt sürücümüz yanında idi. Gələndə onu bikef gördüm, dedim Hacı nə olub? Dedi heç, ceyranım sizin mahnılara qulaq asdım, kövrəldim. Bir az danladım ki, utanmırsan, bu nə deməkdir? Onu inandırdım ki, hər kəs xəstələnə bilər sən hələ çox yaşayacaq. Üç gündən sonra evə çıxacaqdı və ayın 18-i də tamaşada oynayacaqdı. Bu barədə Afaq xanımla əvvəlcədən danışmışdı ki, bizim haqqımızda şəhərdə şayiələr gəzir ki, tamaşa baş tutmayacaq. Gəl elə vaxtını bir az qabağa salaq. Cəmi bir gün yarım çəkdi, reanimasiyaya düşdü və biz onu itirdik...
- Sizin çiyninizdə Hacıbaba Bağırovun övladını böyütmək kimi böyük bir məsuliyyət var. Bundan qorxmursunuz ki?
- Əslində, zəmanə çox çətindir. Hacı dünyasını dəyişəndən yuxularım ərşə çəkilib. Bu sual məni çox düşündürür. Bilirəm ki, çox çətin olacaq. Hacı da bir az bu qızı ərköyün öyrədib. Bilmirəm bu işin öhdəsindən necə gələcəm? Əlimdən gələni əsirgəməyəcəyəm ki, Şölə atasının adına layiq övlad kimi böyüsün. Balaca olsa da, elə bil hər şeyi başa düşür. Mənə çoxlu suallar verir, əksəriyyətinə də cavab tapa bilmirəm. Qapının, telefonun zəngi çalınan kimi qaçır ki, atadır. Hətta evi yığışdıranda Şölə onun əşyalarına əl vurmağa icazə vermir. Düzdür, hər valideyn övladını ağıllı görür, balası onun üçün şirindir, amma Şölə çox hissiyyatlı uşaqdı, görmüşdü ki, atasının əşyalarına icazəsiz toxunanda o, çox əsəbiləşir. Şölənin güclü hafizəsi var. Bir dəfə “Ulduz” filmində atasını göstərib demişdim ki, bu, atanın cavanlığıdır, yadında qalıb. Bu yaxınlarda telekanalların birində həmin filmi nümayiş etdirirdilər. Tez qaçıb ekranı qucaqlayıb öpdü ki, atadır.
Bəlkə də övladların valideynlərinin həyatlarını eynilə yaşamasında həqiqət var. Hamı bilir ki, Hacının valideynləri tez ayrılıb və atası da tez dünyasını dəyişib. Hacını nənəsi böyüdüb boya-başa çatdırıb. Nə deyim, Allah onun ömründən kəsdiyini övladına versin. Qismət Allahındır.

Kaspi.-2006.-10 noyabr.-S.7.