Nəzakət
32 illik sənət ömrünü teatra
bağışlayan aktrisa
Azərbaycan teatr
ictimaiyyətinə ağır itki üz vermişdir. Belə ki, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan
Respublikasının xalq artisti, tanınmış sənətçi Gülşən Ağadadaş
qızı Qurbanova 56 yaşında ikən qəflətən vəlat
etmişdir. Bu xəbər bütün teatrsevərləri sarsıtmış,
aktrisanın cismani yoxluğu onlara mənəvi cəhətdən
zərbə vurmuşdur.
Qeyd edim ki, Gülşən
Qurbanova 1950-ci il iyul ayının 19-da Bakı şəhərində anadan
olmuşdur. O, 1974-ci ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin dram
və kino aktyorluğu fakültəsini bitirərək, təyinatla
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ilk yaradıcılıq
fəaliyyətinə başlamış və ömrünün son gününə
qədər bu kollektivdə çalışmışdır.
Gülşən Qurbanova 32 il
ərzində doğma teatrın səhnəsində xarakter
etibarilə bir-birindən fərqli qadın obrazlarını böyük uğurla
yaratmışdır. Belə obrazlardan Mərcan (Ə.Əylisli
"Mənim nəğməkar bibim"), Sona xanım
(R.Əfəndiyev "Qonşu qonşu olsa kor qız ərə
gedər"), Çiçək (İ.Coşğun "Ana laylası"), Gülarə
(Ş.Xurşid "Məhəbbət novellası"), Nabat (S.S.Axundov
"Tamahkar"), Mələk (Ə.Əmirli
"Ərizə"), Gülnazı (Ə.Örucoğlu "Pul dəlisi"),
Zəhra (T.Vəliyeva "Mənim ağ göyərçinim") və
başqalarını qeyd etmək olar.
Gülşən Qurbanova
Azərbaycan televiziyası və kinostudiyası ilə də sıx
əməkdaşlıq edərək, bir sıra əyləncəli
verilişlərin aparıcısı olmuş, eyni zamanda, istedadlı aktrisa kimi
yaddaqalan obrazlara maraqlı ekran həyatı vermişdir.
Azərbaycan Milli teatr
sənətinin inkişafındakı xidmətlərinə görə
Gülşən Ağadadaş qızı Qurbanova 1984-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq
artisti fəxri adlarına layiq görülmüşdür.
Amansız ölüm, hələ
də parlaq obrazlar yaratmaq imkanına malik istedadlı aktrisa Gülşən
Qurbanovanı 56 yaşında teatrdan, sevdiyi və rəğbət
bəslədiyi sənət ocağından ayırdı. Onun işıqlı xatirəsi
hər zaman Gülşən Qurbanovanı tanıyanların və teatrsevərlərin
xatirəsində qalacaqdır.
Gülşən Qurbanovanın
sənəti, yaratdığı obrazlar aktrisanı bizlərlə bahəm
yaşadacaqdır. Sənət aləmində, eləcə də
sənət etostları arasında nüfuz qazanan aktrisanın
səhnədə tərəf-müqabili, həyatda yaxınları olan
bir neçə aktyora müraciət edib, Gülşən Qurbanova ilə bağlı
səmimi fikirlərini oxuculara təqdim etmək qərarına
gəldik.
İllərin
təcrübəsi sübut etdi ki, biz simli alətlər kimi
bir-birimizə köklənmişik.
Respublikanın xalq artisti, prezident
təqaüdçüsü Yasin Qarayev:
- Mən Gülşən Qurbanova ilə
1974-cü ildən etibarən yaradıcılıqla məşğul olmuşam. Həmin
ilin 25 avqust tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrına səkkiz yaradıcı şəxs işə qəbul olunmuşduq. Bu yeni
bir qüvvə, gənclik qüvvəsi idi ki, teatra yol açmışdır. Qısa bir
müddətdə teatrın aparıcı qüvvəsinə çevrilən Azər
Mirzəyev, Gülşən Qurbanova, Vahid Əliyev və
digərləri çətinliyə dözə-dözə respublikada tanınan
və sevilən aktyorlar oldular. Gülşən xanım da həmin aktyorlar
cərgəsində idi. O, 32 il fasiləsiz olaraq, hər
çətinliyə dözərək, Gənc Tamaşaçılar Teatrında
çalışmışdır. Bu zaman kəsiyində sənətkarın
özünəməxsus dəyərləri ilə sevmiş, ona səmimi
münasibət bəsləmişik.
Kişiyə məxsus olan
cəhətləri ilə seçilən Gülşən xanım dostluqda
olduqca sədaqətli idi. Yaşca məndən kiçik olmasına baxmayaraq,
onun məsləhətlərinə ehtiyacım var idi. Bir-birimizə
yardımçı olmağa çalışmışıq. Təəssüf edirəm ki, onun ağır günündə
Gülşən xanıma köməklik göstərə bilməmişəm. Bütün
respublikada teatrsevərlər Gülşən Qurbanova, Yasin Qarayev,
Azər Mirzəyev cütlüyünü qəbul etmişdilər. İllərin
təcrübəsi sübut etdi ki, biz simli alətlər kimi
bir-birimizə köklənmişik. Səhnədə, həyatda adi
baxışdan, replikadan belə həssascasına bir-birimizi duyurduq. Bu
günlərdə, yəni, noyabrın 7-də Azərbaycan Dövlət
Televiziyasının - 50, radiosunun isə 80 illiyi münasibətilə
Opera və Balet Teatrında təşkil olunmuş tədbirdə birgə
iştirak edirdik. Bildiyiniz kimi, onun bu yaxınlarda nəvəsi anadan
olmuşdur. Həmin tədbirdə o, böyük bir sevinclə
nəvəsinin şəklini mənə göstərdi. Mən
isə hələ iki yaşında körpənin daha şirin olacağını ona
bildirdikdə, Gülşən Qurbanova çox kövrəldi və ağlayaraq,
qeyd etdi ki, görəsən, mən nəvəmi o yaşda görə
biləcəyəmmi? Görünür, bu kövrəklik onun qəlbinə
hansısa bir qüvvə tərəfindən daxil olmuşdu. Gülşən
xanım yaxşı, həssas dost, istedadlı aktrisa idi. Mənim onunla ilk
səhnə fəaliyyətim Əkrəm Əylislinin
"Mənim nəğməkar bibim" tamaşasında olub. Sonralar
səhnələşdirilən bir çox tamaşalarda
tərəf-müqabili kimi çıxış etmişik. Bildiyiniz kimi, məlum
səbəblərə görə, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı 10 il müddətində bağlanmışdı. Bununla
əlaqədar olaraq, səhnəciklər oynayır,
fəaliyyətimizi davam etdirirdik. Həmin səhnəciklər
bu gün Azərbaycan Dövlət Televiziyasının Qızıl Fondunda qorunub
saxlanılır. Onun Azərbaycan teatr sənətində çox böyük
xidmətləri olmuşdur. Gülşən Qurbanova bundan sonra
hələ neçə-neçə obrazlar yaratmaq arzusunda idi. Lakin
fiziki cəhətdən qeyri-sağlam olduğundan onun neçə-neçə
arzularını yarımçıq qoydu. Ürək çatışmazlığından 10 dəqiqə
ərzində həyatla vidalaşmışdır.
Onunla tərəf-müqabili olduğum ilk
tamaşa Əkrəm Əylislinin "Mənim nəğməkar
bibim", son tamaşa isə Tamella Vəliyevanın "Mənim ağ
göyərçınim" oldu.
- Respublikanın xalq artisti Azər
Mirzəyev:
- Gülşən Qurbanova ilə birgə
fəaliyyətim tam şüurlu həyatımla bağlıdır. Orta
məktəbi bitirdikdən sonra ali təhsil ocağında bir kursda
oxumuşuq. On bir nəfərdən ibarət olan kursda bir ailə
kimi yaxın olmuşuq. Tale elə gətirdi ki, institutu bitirdikdən
sonra Gənc Tamaşaçılar Teatrına birgə təyinat aldıq. Yaradıcılıq
yolundakı sevincimiz də, qastrol səfərlərindəki
boranlı-qarlı günlərimiz də birgə olmuşdur. 70-ci ildən bu
günə qədər Gülşən Qurbanova ilə çiyin-çiyinə
çalışmışıq. O, sənət alərnində, yaradıcı dostları arasında
bir katalizator rolunu oynayıb. Hansısa
bir problemlə qarşılaşdıqda, əhvali, ruhiyyəmizdə
mənfilik olduqda, arzulamışıq ki, Gülşən xanım yanımızda olsun. Ona,
həm sənət yoldaşı, həm də dost kimi mənəvi
ehtiyacımız vardı. Ondakı qeyri-adi aura insanın əhvali, ruhiyyəsinə
xoş ovqat bəxş edirdi. Deyim ki, onun üçün həyatda pis insan yox idi.
Düşmən sandığı insandakı müsbət dəyərləri axtarıb
tapmağa çalışırdı. Bəzən ona deyəndə ki, kimsə
sənin pisliyindən danışıb, Gülşən xanım buna ciddi reaksiya
vermədən "ürəyi belə istəyir qoy danışsın"
deyərdi.
Gülşən xanımın həyatla vidalaşması
çox qəfildən oldu. Mən "Lider" telekanalında onun apardığı
verilişdə son qonaq oldum. Gülşən xanım 17 noyabr Dirçəliş Günü
ilə bağlı məni verilişinə dəvət edərək,
nostalji hissləri dostları ilə bölüşmək qərarına
gəlmişdi. O illərdə biz bir yerdə olmuşduq. Hər ikimiz
çox böyük həyəcan keçirirdik ki, respublikanın həyatındakı
ictimai-siyasi proseslər necə sona yetəcək. Odur ki,
Gülşən xanım çox böyük əhvali, ruhiyyə ilə məni verilişinə
dəvət etmişdir. Son verilişinə məni dəvət
etrnəsi, görünür, taleyin hökmü imiş ki, həmin anları
mənimlə birgə yaşadı. Sonda bir-birimizə can sağlığı
arzulayıb, ayrıldıq.
Onun yoxluğunu heç cür dərk edə
bilmirəm. Gülşən Qurbanovanın simasında gözəl insanı, gözəl
dostu itirdik. Düzdür, sənət tarixində çox istedadlı insanları,
əvəzsiz şəxsləri itirmişik. Amma Gülşən Qurbanovanın
itkisi tamamilə başqadır. Onu sevənlər bu itki ilə hesablaşa
bilmirlər. Azərbaycanın, eləcə də dünyanın
müxtəlif yerlərində mənə zənglər edib,
Gülşən Qurbanovanın ölüm xəbərinin yalan və yaxud doğru olduğunu
öyrənmək istəyirlər. Bu ondan irəli gəlir ki,
aktrisanın itkisini insanlar qəbul edə bilmirlər. Hətta
Birləşmiş Ərəb Əmirliyindən bir qadın mənə
zəng edərək, Gülşən xanımın, həqiqətən
də, dünyasını dəyişdiyini sual etdi.
Gülşən Qurbanova artıq üçüncü
dəfə infakt keçirmiş, bu zərbəyə davam
gətirməyərək ürəyi dayanmişdır. Ömrünün son günlərində
çox sevincli günlərini yaşadı. Bir övladı olan qızının 7 ildən sonra,
nəhayət ki, körpəsi dünyaya gəlmişdir. Həddən
artıq sevinirdi. Bəlkə də bu sevincli dəqiqələr
onun ürəyinə təsir göstərmişdir.
Gülşən xanımın səhnədəki
plastik hərəkəti, həssaslığı məni o qədər
valeh edirdi ki, səmimiyyətlə deyirəm ki, mən onun kimi
ikinci tərəf-müqabili tanımıram. Onun kimi səhnəmizdə
görkəmi, ifası ilə cazibədar olan aktrisa yoxdur. 15 il
Gülşən xanımla "Pul dəlisi" tamaşasında
tərəf-müqabili olmuşuq. Hər tamaşadan sonra da tamaşaçılar
aktrisa ilə maraqlanmış, onunla bağlı mənə müraciət
etmişlər. Gülşən Qurbanova ilə 50-dən artıq tamaşada
oynamışıq. Hamısı da yadımda çox gözəl qalıb. Onunla
tərəf-müqabili olduğum ilk tamaşa, Əkrəm Əylislinin
"Mənim nəğməkar bibim", son tamaşa isə Tamella
Vəliyevanın "Mənim ağ göyərçinim" oldu. Hazırda yeni
bir tamaşa üzərində məşqlərə başlayacaqdıq. Bu, Loğman
Kərimovun "Dəniz sevgisi" tamaşası idi. Gülşən
Qurbanova mənim ən yaxın dostum, tərəf-müqabilim idi. Allah
rəhmət eləsin!
Gülşən Qurbanova gözəl dost, istedadlı
aktrisa kimi yaddaşlara həkk olunacaq
-
Respublikanın əməkdar artisti Rafiq Əliyev:
-
Gülşən Qurbanova haqqında danışmaq mənim üçün çox
çətindir. Gülşən xanımı itirməklə, şənliyimizi,
gözəlliyi itirdik. 1974-cü ildən onunla tanışam. Hələ
İncəsənət Universitetində öxuyarkən onu tanımışdım.
Televiziya tamaşası olan "Köhnə dülgər"də
tərəf-müqabili olmuşduq. Gülşən xanım gözəl aktrisa olmaqla
yanaşı, ən yaxşı insani cəhətləri özündə
birləşdirən xanım idi.
Bildiyiniz kimi, o, televiziya ekranlarında
apancı kimi çıxış edirdi. Bir neçə dəfə onun verilişlərinin
qonağı olmuşdum, ötən həftə məni verilişinə
dəvət etmişdi. Amma imkan olmadığından iştirak edə
bilmədim. Gülşən xanımla söhbətimiz çox uğurla alınırdı.
Xatirimdə Gülşən Qurbanova gözəl dost, istedadlı aktrisa kimi
həkk olunacaqdır. Allah rəhmət eləsin!
Səs.- 2006.- 21 noyabr.- S. 12.