Akifqızı Ş.

BMT Baş Məclisinin Sosial, humanitar və mədəniyyət məsələləri üzrə üçüncü komitəsində Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi qəbul olunmuşdur

 

Noyabrın 16-da BMT Baş Məclisinin Sosial, humanitar və mədəniyyət məsələləri üzrə üçüncü komitəsində Azərbaycanın hər iki ildən bir irəli sürdüyü “İtkin düşmüş şəxslər” (“Missing Persons”) adlı qətnamə layihəsi konsensusla — səsverməsiz qəbul olunmuşdur.
Qətnaməyə ko-sponsor (həmmüəllif) kimi qoşulan dövlətlərin sayı ildən-ilə artır və bu il onların sayı 61-ə çatmışdır. Bu ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onların arasında Ermənistan da var.
Qətnamə hərbi münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin qarşısının alınması və həllinin vacibliyini vurğulayır, bu şəxslərin axtarışı və taleyinin müəyyənləşdirilməsi üçün dövlətləri, beynəlxalq təşkilatları lazımi səylər göstərməyə çağırır, habelə itkin düşmüş şəxslərin ailələrinin öz qohumlarının taleyindən xəbər tutmaq hüququnu təsdiq edir.
Qətnamə layihəsi BMT-də Azərbaycanın təşəbbüsü ilə 2002-ci ildən etibarən irəli sürülür.

Xalq qəzeti.-2006.-19 noyabr.-S.6.