Mədəniyyət və Turizm
Nazirliyində
Noyabrın 28-də Mədəniyyət
və Turizm Naziri Əbülfəs Qarayev Azərbaycanda
Sankt-Peterburq mədəniyyət günləri ilə
əlaqədar Bakıya gələn Rusiyanın şimal paytaxtının
Mədəniyyət Komitəsinin sədri, Rusiya Federasiyasının
xalq artisti Nikolay Burovun başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşmüşdür. Qonaqları səmimi salamlayan nazir Əbülfəs Qarayev bildirmişdir ki, Sankt-Peterburqun Azərbaycanda keçirilən mədəniyyət günləri
ölkəmizin mədəni
həyatında mühüm hadisədir. Azərbaycanda Rusiya İli çərçivəsində ölkəmizdə
Rusiyanın regionlarının mədəniyyət günlərinin
uğurla keçdiyini diqqətə çatdıran Ə.Qarayev vurğulamışdır ki, gələcəkdə də
mədəni əlaqələrimiz
inkişaf etdiriləcəkdir.
Nazir muzeylərin, kitabxanaların, teatrların yeniləşdirilməsi
və binaların əsaslı təmiri ilə bağlı ölkəmizdə aparılan işlər barədə məlumat vermiş, ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmış,
Azərbaycanda milli azlıqların yaradıcılıq festivalının keçiriləcəyini diqqətə
çatdırmışdır. Azərbaycanda
qonaqpərvərliklə qarşılandıqlarından
məmnunluğunu ifadə
edən Nikolay Burov, Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etdiklərini, məzarı önünə əklil və gül-çiçək qoyduqlarını bildirmişdir. Qonaq Sankt-Peterburqda Heydər Əliyevin təhsil aldığı ali məktəbin binasına ulu öndərimizin
memorial xatirə lövhəsinin vurulduğu barədə məlumat vermişdir. Azərbaycan diasporunun Sankt-Peterburqda fəallığını vurğulayan N.Burov, orada soydaşlarımızın böyük nüfuz qazandığını demişdir. Hazırda Azərbaycan məktəbinin
yaradılması məsələsi
həll edilir. Görüşdə son illərdə Azərbaycan
ilə Rusiya arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində prezidentlər
İlham Əliyevin və Vladimir Putinin səyləri yüksək qiymətləndirilmişdir.
Xalq qəzeti.-2006.-29 noyabr.-S.2.