Mirzəbəyli İ.

 

 

Azərbaycanda Rusiya ili çərçivəsində nəşr edilmiş dəyərli kitab

 

“Dostluq telləri” (“Uzı drujbı”) kitabı Bakı-Moskva dostluq münasibətlərindən və qonşu ölkədəki Azərbaycan diasporunun fəaliyyətindən söz açır
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, uzun müddət Rusiya Federasiyasında çalışmış, dost ölkədə yaşayan soydaşlarımızın həyatı barədə qələmə alınmış 15 kitabın müəllifi Ramin Məmmədov özünün rus dilində çapdan çıxan sonuncu kitabına “Dostluq telləri” (“Uzı drujbı”) adı vermişdir. Dövlət himnimiz və ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan-Rusiya əməkdaşlığının dünəni, bu günü və sabahı barədə söylədiyi fikirlərlə başlanan kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Ramin Hüseyn oğlu Məmmədov 1957-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Hərbi xidmətdən sonra uzun müddət Nijnevartovsk şəhərində işləmiş, Sverdlovskda ali təhsil almış, Tümendə və Bakıda müxtəlif sahələrdə çalışmışdır. 35 ildir yaradıcılıqla məşğuldur. Rusiya və Azərbaycanın kütləvi informasiya vasitələrində yüzlərlə məqalə, oçerk, müsahibə və digər materialları dərc olunmuşdur. Sənədlər və faktlar əsasında yazdığı kitablar Azərbaycan-Rusiya əməkdaşlığına və dost ölkədəki soydaşlarımızın həyatına həsr edilib. “Bakıdan Moskvayadək və daha uzaqlara” (2000), “Onlar Azərbaycanda doğulmuşlar” (2002), “Rusiyanın şəhərlərinə səyahət” (2004), “Doğmaların sorağında” (2004), “Azərbaycan-qədim diyar” (2005) və digər kitablardan sonra bu yaxınlarda “Dostluq telləri” kitabını oxuculara təqdim edib. Hazırda ölkələrarası dostluq və əməkdaşlıq münasibətlərinin tarixi barədə ensiklopedik nəşr hazırlayır.
“Dostluq telləri” kitabı iki hissədən ibarətdir. Birinci hissədə Rusiya-Azərbaycan dostluq əlaqələri barədə çoxsaylı faktlar və tarixi sənədlər toplanmışdır. Müəllif həmin hissədə Moskvanın bəzi nəşriyyatlarında çıxmış kitablarda Azərbaycan tarixi barədə verilmiş həqiqətə uyğun məqamları təqdir etməklə yanaşı, eyni zamanda, bəzi qeyri-ciddi adamların yol verdiyi saxtakarlıqlar barədə də söz açır. İkinci hissədə isə Rusiya Federasiyasının silahlı qüvvələrində, hüquq-mühafizə orqanlarında və cəmiyyət həyatının digər sahələrində çalışan soydaşlarımızın həyat və yaradıcılığı barədə söz açılır. Həqiqəti qələmə alan rus müəllifləri barədə deyilən bəzi məqamlara diqqət yetirək: “1831-ci ildə Moskvada Lazerevlərin Şərq Dilləri İnstitutunun mətbəəsində Sergey Qlinkanın ”Azərbaycandakı ermənilərin Rusiya hüdudlarında köçürülməsinin təsviri" adlı kitabda qeyd edilir: “1829-cu il martın 9-da Rusiyanın sonuncu qoşunları da Təbrizi tərk etdi. Abbas Mirzə qaliblərin ona güzəştə getdiyi paytaxta qayıtdı. Türkmənçay həndəvərindəki ermənilər Qarabağa köçməyə başladılar” (Qlinkanın kitabının 48-ci səhifəsi).
Müəllif bu hissəni bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkələrarası münasibətlər, xalqlarımızın dostluğu, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılıq əlaqələri barədə söylədiyi fikirlərlə davam etdirir.
Rusiyadakı Azərbaycan diasporunun formalaşması prosesində ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri, diaspor nümayəndələrinin Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsi, Vətənə üz ağlığı və iftixar gətirən soydaşlarımızın nailiyyətləri barədə söz açan ikinci hissə də başdan-başa faktlar və sənədlər əsasında tərtib edilmişdir. “Dostluq telləri” kitabı Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin tarixi, rusiyalı tarixçilərin Azərbaycan həqiqətləri barədə söylədiyi fikirlər, eləcə də dost ölkədəki diasporumuzun həyatı ilə maraqlanan hər kəs üçün dəyərli çap məhsuludur.

 

Xalq qəzeti.- 2006.- 3 noyabr.- S. 8.