Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində görüş
Noyabrın 21-də Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev Misir Mədəniyyət
nazirinin birinci müavini Ənvər Məhəmməd İbrahimin
başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə
görüşmüşdür.
Ə.Qarayev qonaqları səmimi salamlayaraq bildirmişdir ki, Azərbaycanda Misir Ərəb Respublikasının (MƏR) mədəniyyəti günləri
ölkəmizin mədəni
həyatında mühüm hadisədir. Misir nümayəndə heyətinin
səfər proqramına bu qədim ölkənin
musiqisi, kinosu və təsviri sənəti ilə tanışlıq daxildir. Nazir demişdir: "Sevindirici haldır ki, Misirin mədəniyyət
günləri təkcə
Bakıda deyil, Şəkidə və Sumqayıtda da keçiriləcəkdir.
Azərbaycanda Misir kinosunu sevir və yaxşı xatırlayırlar.
Bizim tamaşaçı həm ötən əsrin 60-cı illərinin filmlərinə,
həm də müasir filmlərə baxa biləcəklər".
Nazir qeyd etmişdir ki, tarixi
irsin və kitabxanaların qorunub saxlanılması sahəsində Misirin təcrübəsi böyük maraq doğurur.
MƏR İncəsənət və Mədəniyyət Akademiyasının
rektoru İsmət Əli Yəhya ölkəsinin mədəniyyət
naziri Faruq Hüsninin salamlarını çatdıraraq vurğulamışdır ki, ötən il
Misirdə keçirilən
Azərbaycan mədəniyyəti
günlərini indi də xatırlayırlar. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycanda da Misir mədəniyyəti günləri belə maraqla qarşılanacaqdır.
Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsinin,
o cümlədən Azərbaycanın Misir festivallarında iştirakının, tələbə mübadiləsinin,
milli incəsənətimizin
Misirdə təbliğinin
vacibliyi vurğulanmışdır.
Sonda tərəflər
bir-birinə xatirə hədiyyələri
bağışlamışlar.
Azərbaycan.- 2006.- 22 noyabr.- S. 3.