Azərbaycanda Misir Ərəb Respublikası mədəniyyəti günlərinin açılışı

 

Noyabrın 21-də "Azərbaycan" kinoteatrında Azərbaycanda Misir Ərəb Respublikası mədəniyyəti günlərinin açılışı münasibətilə tədbir olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, mədəniyyət günlərinin proqramı Misir kinosu və təsviri sənəti ilə tanışlığı nəzərdə tutur. Misirin folklor ansamblı Azərbaycan tamaşaçısı qarşısında qədim xalq rəqslərini və mahnılarını ifa edəcəkdir. Mədəniyyət günləri Sumqayıtda və Şəkidə də keçiriləcəkdir.
Misir mədəniyyət nazirinin birinci müavini Ənvər Məhəmməd İbrahim Prezident Hüsni Mübarəkin və mədəniyyət naziri Faruq Hüsninin Azərbaycan xalqına salamlarını çatdırmışdır. Ölkələrimiz arasında əlaqələrin dərin köklərə malik olduğunu vurğulayan qonaq əmin olduğunu bildirmişdir ki, mədəniyyət sahəsində əlaqələrimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Sonra beynəlxalq festivalların mükafatlarına layiq görülmüş "Zülmət" bədii filmi nümayiş etdirilmişdir.
Mədəniyyət günlərinin açılışına həsr olunmuş tədbirdə Misirin ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi iştirak etmişdir.

 

Azərbaycan.-2006.-22 noyabr.-S.4.