Azərbaycanda Misir mədəniyyəti
günləri uğurla davam edir
Noyabrın 21-dən Bakıda
start götürən Misir mədəniyyəti günləri uğurla davam
edir. Mərasimin açılışında nitq söyləyən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Misir Ərəb
Respublikasının mədəni əlaqələrinin son vaxtlar daha
da gücləndiyini qeyd etmişdir.
Xatırladaq ki, ötən il Misirdə Azərbaycan mədəniyyəti
günləri uğurla keçmişdir. Respublikamızın mədəniyyət və
incəsənət xadimləri bu ölkədə Azərbaycan mədəniyyətini
layiqincə təmsil etmişlər. Həmin günlər ərəfəsində
hər iki ölkənin mədəni əlaqələrinin daha da
genişləndirilməsi üçün xüsusi bəyannamə imzalanmışdır.
Misir mədəniyyəti günləri çərçivəsində
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında konsert keçirildi. Misirli
incəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən
maraqla qarşılandı. Bədii sərgi salonunda nümayiş etdirilən
Misir rəssamlarının əsərləri də orijinallığı ilə
diqqət çəkirdi. Burada 9 rəssamın rəngkarlıq janrında
yaratdığı 20-dən artıq əsəri azərbaycanlı sənətsevərlərə
təqdim olunub. Bu əsərlərdə rənglərin dili
ilə Misirin tarixi, qədim mədəniyyəti, dünyanı heyrətdə
qoyan möcüzəli ehramları, İsgəndəriyyə qülləsi təsvir
olunub.
Misir mədəniyyəti günlərinin coğrafiyası da genişdir. Bu
yaxınlarda Sumqayıt tamaşaçıları Misirdən gəlmiş incəsənət
xadimlərinin konsert proqramını dinləyəcəklər.
Azərbaycan.- 2006.- 24 noyabr.- S. 8.