Mükərrəmoğlu M.

 

Misir mədəniyyəti günləri

 

Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələri günü-gündən genişlənməkdədir. Ölkəmizdə müxtəlif ölkələrin mədəniyyət günlərinin, kino festivallarının keçirilməsi, tamaşaçılarımızın dünya xalqlarının mədəniyyəti və incəsənəti ilə tanışlığı bu cəhətdən çox əhəmiyyətlidir. Noyabrın 21-dən ölkəmizdə keçiriləcək Misir mədəniyyəti günləri qədim və zəngin tarixə malik Misir mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Tədbirin açılışı Bədii Sərgi Salonundan başlayacaq. Misir rəssamlarının əsərlərindən ibarət sərginin açılışında Misirin mədəniyyət xadimləri, bu dövlətin ölkəmizdəki səfirliyinin nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbər işçiləri, Rəssamlar İttifaqının üzvləri iştirak edəcəklər.
Bakı Xoreoqrafiya Məktəbində, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında, eləcə də Azərbaycan Dövlət Filarmoniyasında görüşlər və konsertlər keçiriləcək.
Sonrakı günlər Sumqayıt şəhərində, İsmayıllı və Şəki rayonlarında Misir mədəniyyəti günlərinin iştirakçıları konsert proqramları ilə çıxış edəcəklər. Qonaqların Qobustan qoruğuna və Atəşgaha səfəri də nəzərdə tutulmuşdur.
Misir mədəniyyəti günləri çərçivəsində Bakının Nizami kinoteatrında “Misir kinosu həftəsi”də keçiriləcək. Proqrama “Fatima”, “İskəndəriyyə... nə üçün”, “Bülbülün duası”, “Vətəndaş detektiv oğru”, “Unudulmuş şəxs”, “Yuxusuz gecələr" filmləri daxildir.
Misir mədəniyyət günlərində iştirak etmək üçün ölkəmizə gələn nümayəndə heyətinə bu ölkənin mədəniyyət nazirinin müavini Ənvər Məhəmməd İbrahim və Misir İncəsənət Akademiyasının rektoru Əsmətəli Yəhya rəhbərlik edəcəklər.
Tədbirlər noyabrın 28-də başa çatacaq.
 
Xalq qəzeti.- 2006.- 21 noyabr.- S. 8.