Rüstəmli N.

 

Azərbaycanda Misir mədəniyyəti günləri

 

Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında getdikcə genişlənən və intensivləşən əlaqələr günümüzün reallığıdır.

Bu gün Misirin ali məktəblərində yüzlərlə azərbaycanlı gəncin təhsil alması, Misirdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşları üçün ixtisasartırma, orta məktəb şagirdlərinə sürətli dilöyrətmə kurslarının təşkil olunması bu iki ölkə arasında münasibətlərin geniş vüsət almasından xəbər verir.

Elə bu ilin 21-28 noyabr günlərində Bakıda, eləcə də Sumqayıt və Şəki şəhərlərində Misir mədəniyyəti günlərinin keçirilməsi də həmin silsilədən bir həlqədir.

Dünən Azərbaycan Dövlət Filarmoniyasında Əl Hürriyyə və Tannura qruplarının iştirakı ilə Misir mədəniyyəti həftəsinin təntənəli açılış mərasimi oldu. Əl Hürriyyə folklor truppası Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi və İsgəndəriyyə Qurumu nəzdində fəaliyyət göstərən xüsusi qrupdur. Dünyanın bir çox ölkələrində böyük uğur qazanmış və  Misir ictimaiyyəti arasında kifayət qədər populyar olan bu qrup Türkiyə, ərəb və Avropa ölkələrində çıxışlarına görə bir çox mükafatlara layiq görülmüş və dünyada hər il keçirilən müxtəlif beynəlxalq festivallara dəvət almışdır.

Tannura isə milli rəqs qrupudur. Hər bir rəqs nömrəsini müxtəlif rəqqaslar ifa edir. Rəqslər beynəlxalq yarışlarda çoxlu sayda mükafat qazanmışdır.

Misir mədəniyyəti həftəsi çərçivəsində Bakının Nizami kinoteatrında Misir kino həftəsinin açılışı, "Fatimə", "Niyə İsgəndəriyyə", "Bildirçinin ibadəti", "Vətəndaş, dedektiv oğru" s. filmlərin "Azərbaycan" kinoteatrında nümayişi, İçərişəhərdəki Bədii Sərgi Salonunda Misir mədəniyyəti nümunələrinə baxış keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanda Misir mədəniyyəti günlərinin keçirilməsində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin xüsusilə səfir cənab Yusif əl-Şərqavinin xidmətləri qeyd olunmalıdır.

 

Respublika.- 2006.- 22 noyabr.- S. 7.