Alim
Aylarla qapısı açılmayan kitabxanalar
Dünən Milli Məclisin
mədəniyyət məsələləri daimi komissiyasının
iclası keçirilib. İclasda 2007-ci il dövlət büdcəsindən
mədəniyyət sahəsinə ayrılan vəsaitlə bağlı
məsələ müzakirə edilib. Mədəniyyət
işçilərinin əmək haqlarının aşağı olduğunu etiraf edən
komissiyanın sədri Nizami Cəfərovun sözlərinə
görə, mədəniyyətin ayrı-ayrı sahələrində
vəziyyət ürəkaçan deyil.
Xüsusən kitabxanalarda
çalışan işçilərin əmək haqlarının aşağı olması və yeni
kitab alınması üçün ayrılan vəsaitin kifayət etməməsi bu
sahədə bərbad vəziyyətin yaranmasına gətirib
çıxarıb. Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev bildirdi
ki, gələn ilin dövlət büdcəsində
mədəniyyət, incəsənət, informasiya, bədən
tərbiyəsi və digər sahələrə 90 milyon manat vəsaitin
ayrılması proqnozlaşdırılır. Bu göstərici ötən ilin dövlət büdcəsi
ilə müqayisədə 19,4 milyon manat, yaxud 27,5 faiz çoxdur. Həmin
vəsaitin 77 milyon manatı mədəniyyət,
incəsənət və kütləvi informasiya vasitələrinin
fəaliyyətinə yönəldiləcək. Bu isə
ötən ilə nisbətən 5,8 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşən mədəniyyət
sahələrində çalışan
işçilərin əmək
haqlarının artırılmasına isə 271 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu,
630 min nəfərə şamil
ediləcək. Pekində
keçiriləcək 27-ci yay
olimpiadasında iştirak etmək üçün təlim məşqlərinə
isə 5,8 milyon manat vəsaitin
ayrılması gözlənilir. Kinostudiyanın bərbad vəziyyətdə olduğunu
diqqətə çatdıran Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin
fikrincə, mədəniyyət
sahəsinə 25 faiz artımla kinostudiyanı bərpa etmək mümkün olmayacaq. Çünki kinostudiyaya ictimai təşkilatlar kimi subsidiya ayrılmır. Mədəniyyətə münasibətdə fəlsəfənin dəyişdirilməsini
vacib sayan deputat Rəfael Hüseynovun bildirdiyinə görə, mədəniyyət
sahəsinə ayrılan vəsait onun çəkisinə uyğun olmalıdır. Mədəniyyət bazar münasibətlərinə
uyğunlaşdırıldığından bu sahəyə ayrılan vəsait gəlir gətirmir. Ona görə heykəltəraşlıq,
rəssamlıq, kitabxanaçılıq
və animasiya sahələrini yaşatmaq üçün onlara ayrılan
vəsaitin həcmini artırmaq lazımdır: "Elə kənd kitabxanaları var ki, onların qapısı
aylarla açılmır. Ölkədəki 5000-ə yaxın kitabxananın
əksəriyyəti bərbad
vəziyyətdədir. Kitabxana işçisinə, kitabxanaya münasibət millətin gələcəyinə münasibətdir.
Ona görə bu sahəyə
diqqət artırılmalıdır".
Mədəniyyət və Turizm
nazirinin müavini Ədalət Vəliyev qeyd etdi ki,
son üç ildə nazirliyin nəzdində olan bütün kitabxana
və klublar əsaslı və cari təmir edilib. Buna baxmayaraq,
indiyə kimi 30-40 kitabxana evlərdə fəaliyyət göstərir.
Hazırda həmin kitabxana və klublar üçün yeni binaların
tikilməsi planlaşdırılır.
Müzakirələrdən sonra qanun layihəsinin MM-ə göndərilməsi
tövsiyə olundu.
Olaylar.- 2006.- 2 noyabr.- S. 8.