Əhmədov E.

Elm və təhsil fədaisi

 

Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və yaradıcılarından biri, beynəlxalq nüfuzlu kitabxanaşünas alim Abuzər Alı oğlu Xələfovun anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi tamam olur. Professor A.Xələfov BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktorudur, O, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan elminin, mədəniyyətinin, təhsilin zirvəsinədək ucalmış, eyni zamanda, yüksək mənəvi dəyərlərə malik olan görkəmli ziyalı bütün fəaliyyəti dövründə daim nailiyyətlər qazanmışdır. O, ömrünün 50 ilini fədakarcasına Milli kitabxanaşünaslığın, ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşmasına həsr edib. Azərbaycanda ali kitabxanaçılıq təhsilinin universitet səviyyəsində formalaşması və bu günkü durumu fədakar alim A.Xələfovun işgüzar fəaliyyətinin nəticəsidir. A.Xələfov 25 il kitabxanaçılıq fakültəsinə dekan kimi rəhbərlik edib, fakültənin strukturunun genişlənməsinə, təhsilin təkmilləşdirilməsinə nail olub. Bu mərhələdə onun fəaliyyəti heç də asan olmayıb. Ali kitabxanaçılıq təhsilinin daim keşiyində dayanmış fədakar alim, universitetdə geniş nüfuz qazanıb. Bunu Bakı Dövlət Universitetinin hər bir əməkdaşı və A.Xələfovun 5 mindən çox tələbəsi olmuş ziyalı ordusu təsdiq edə bilər.
Milli kitabxanaşünaslıq hazırda müstəqil bir elm sahəsi kimi digər elmlərə inteqrasiya edərək dünya standartları səviyyəsinə uyğunlaşır. Müstəqillik dövründə milli dərsliklərin yaradılmasını vacib yaradıcılıq nümunəsi kimi tövsiyə edən A.Xələfov tez bir zamanda “Kitabxanaşünaslığa giriş”, “Azərbaycanda kitabxana işinin tarixi” kimi dərsliklər hazırlayıb. Onun elmi tədqiqat yaradıcılığı tək bununla bitmir. A.Xələfovun “H.Əliyev və kitabxana quruculuğu”, “H.Əliyev: biblioqrafik məlumat kitabı”, “XX əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri” adlı əsərləri fədakar alimin gərgin yaradıcılığının bariz nümunələridir.
Qeyd etmək lazımdır ki, XXI əsr informasiya əcridir. İnformasiya daşıyıcıları olan kitab və kitabxanalar informasiyalaşdırılmış cəmiyyətin yaradılmasında əhəmiyyətli rol oynamaqdadır. İnformasiyalaşdırılmış cəmiyyətə məxsus kitabxanalar dünya təcrübəsində elektron kitabxanalar formasında təzahür edir. Respublikamızın kitabxanalarının dünya təcrübəsinə uyğunlaşdırılması problemi fədakar alim A.Xələfovun müasir yaradıcılığının yeni mərhələlərinin məzmununu təşkil edir. Dünyaya inteqrasiya prosesini mütərəqqi hal sayan A.Xələfov BDU-nun elmi kitabxanasının nəzdində “kitabxana işinin kompüterləşməsi” adlı elmi tədqiqat laboratoriyasını yaradıb və hazırda həmin laboratoriyaya rəhbərlik edir. Bu laboratoriyada kitabxana proseslərinin kompüterləşməsi, həmçinin elektron kitabxanaların yaradılması xüsusiyyətləri qabaqcıl iş təcrübəsindən öyrənilir. Bütün bu proseslərə rəhbərlik edən A.Xələfov ömrünün müdrik çağında, elektron kitabxana sistemləri və elektron kitabxanaşünaslıq problemlərini elmi-tədqiqat prosesinə cəlb edərək bu sahəni informasiyalaşdırılmış cəmiyyət daşıyıcıları sırasına çıxarmağa cəhd edir.
A.Xələfovun elmi məktəbi vardır. O indiyədək 20-dək elmlər namizədi, elmlər doktoru yetişdirib. Azərbaycan kitabxanaşünaslığı və biblioqrafiyaşünaslığının elm və nəzəri kadr potensialının yaradılmasına digər nailiyyətləri ilə bərabər bu sahədə də onun fəaliyyəti öz səmərəsini verib. Onun rəhbərliyi ilə hazırlanmış dissertasiya işləri həmişə tez bir zamanda təsdiq olunaraq həyata vəsiqə qazanıb. Bu gün kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq sahəsində fəaliyyət göstərən alimlər məhz A.Xələfova minnətdardırlar.
2006-cı il dekabr ayının 25-də 75 illik yubileyi qeyd olunacaq fədakar elm xadimi A.A.Xələfovu təbrik edir, ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

Yeni Azərbaycan.-2006.-30 noyabr.-S.8.