Əsədov B.

 

Kitablarımız "İstanbul kitab sərgisinin gümüş ili"ndə nümayiş olunub

 

Kitabın bəşər övladına bəxş etdiyi yüksək mənəvi - əxlaqi, ictimai, elmi töhfələri saysız-hesabsızdır. Yüksək kulturoloji əhəmiyyət kəsb edən kitab maddi-mənəvi sərvət kimi xalqın, millətin potensialını üzə çıxarır, tariximizi yaşadır. Bu gün Azərbaycan kitabxanalarında funksional dəyərli, ciddi elmi-nəzəri əsaslara söykənən, ölkəmizin həqiqətlərini özündə əks etdirən milyonlarla kitab mövcuddur. Ümummilli liderimiz Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə qayğısını davam etdirən Prezident İlham Əliyevin sərəncamı ilə bu qəbildən olan kitabların latın qrafikası ilə nəşri, həm də təkrar nəşri deyil, işlənmiş, təshih olunmuş nəşri dövlət başçısının tarixi xidmətidir. Bu, XXI əsrin başlanğıcında Azərbaycanda intibahın yeni yüksəliş dövrüdür.
İndi respublika kitabxanaçıları qarşısında bir çox vəzifə durur. Onlardan ən vacibi Azərbaycan kitabını beynəlxalq aləmə çıxarmaq, xalqımızın çoxillik maddi-mənəvi sərvətinin daha geniş oxucu auditoriyasına çatdırmaqdır. Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da bu sahədə bir sıra işlər görür və beynəlxalq tədbirlərdə milli kitab mədəniyyətini, kitabxana işi sahəsində təcrübəni nümayiş etdirir. Təkcə bu il kitabxana üç böyük kitab sərgisində - Moskva, Frankfurt və İstanbul beynəlxalq kitab sərgilərində təmsil olunub.
Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli ənənəvi İstanbul beynəlxalq kitab səgisindən təzə qayıdıb. Sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşən kitabxana direktoru ölkəmizin bu tədbirdə ilk dəfə iştirak etdiyini bildirdi:
- İstanbul kitab sərgisi bundan az əvvəl işitirak etdiyimiz Frankfurt kitab sərgisinin bir növ davamı idi. Orada olduğu kimi, burada da Azərbaycan kitabına hədsiz maraq vardı. İlk dəfə 1982-ci ildə keçirilən və bu il 25-ci dəfə təşkil olunan sərgi "İstanbul kitab sərgisinin gümüş ili" adı altında baş tutub. TÜYAP, Türkiyə Naşirlər Assosiasiyası və "Sərgi sənayesi" Qlobal Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən sərgiyə hər il müxtəlif ölkələrdən yüz minlərlə qonaq gəlir. Bu il də dünyanın 34 ölkəsindən 330 mindən artıq insan sərgiyə təşrif buyurmuşdu.
Beynəlxalq sərgidə Azərbaycandan aparılmış minə yaxın müxtəlif kitab nümayiş olunub. Onların içərisində Azərbaycan ədəbiyyatını, tarixini və mədəniyyətini, Qarabağ həqiqətlərini, erməni vandalizmini əks etdirən kitablar üstünlük təşkil edib. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə latın qrafikasında nəşr olunmuş kitablar da maraqla qarşılanıb. Sərgidə ümumilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətini işıqlandıran kitablar, son dövrlərdə Azərbaycanın beynəlxalq arenada qazandığı iqtisadi-siyasi uğurlardan bəhs edən nəşrlər xüsusi maraq obyektinə çevrilib. Müxtəlif seriyalar üzrə latın qrafikası ilə çap olunmuş kitabların arasında "Azərbaycan dilinin orfoqrafiya lüğəti", "Atalar sözü və məsəllər", Nizami Gəncəvi, Əvhədi Marağalı, Saib Təbrizi, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Balaş Azəroğlu və başqalarının əsərləri, dünya ədəbiyyatından Ömər Xəyyamın "Rübailər", Hötenin "Faust", Dostoyevskinin "Cinayət və cəza" kitabları və sair nəşrlər vardı. Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının nəşrləri, alim və tədqiqatçılarımızın sanballı tədqiqat işləri və ümumiyyətlə nəşriyyatlarımızda çap edilmiş nəfis tərtibatlı kitablar nümayiş etdirilib. İstanbulun Bəylikdüzü adlanan hissəsində 25 min kvadratmetrlik ərazidə təşkil olunan sərgiyə 543 nəşriyyatın və kitabxananın təmsilçisi, 800 nəfərdən artıq yazıçı və şair gəlmişdi.
Sərgi çərçivəsində elmi-bədii xarakterli tədbirlərdə Aybəniz Əliyeva-Kəngərli ölkəmizdə kitabxanaların vəziyyəti, bu sahəyə dövlətin diqqət və qayğısı, kitabxana işinin perspektivləri ilə bağlı məruzə etmişdir. Günel Anarqızı kitablarını imzalayaraq paylamış, Günay Əfəndiyeva, Səlim Babullaoğlu, Osman Baymak isə Azərbaycan ədəbiyyatı ilə bağlı məruzələrlə çıxış etmiş, ədəbiyyatımızın keçdiyi tarixi yoldan, müasir vəziyyətindən danışmışlar.
İstanbula aparılmış bütün kitablar tədbirin gedişində oxuculara pulsuz paylanmışdır. Əvəzində isə sərginin eksponentləri Mərkəzi Elmi Kitabxanaya bir-birindən qiymətli 100-dən artıq kitab hədiyyə etmişlər. Tədbirin sonunda sərginin təşkilatçısı olan TÜYAP rəhbərliyi Mərkəzi Elmi Kitabxananın nümayiş etdirdiyi ədəbiyyatın elmi tutumunu, aktuallığını, poliqrafik tərtibatını və sərginin işində aktiv iştirakını nəzərə alaraq İstanbul Beynəlxalq Kitab Sərgisinin xüsusi diplomu ilə mükafatlandırılıb.
 
Azərbaycan.- 2006.- 28 noyabr.- S.5.