Həmzəoğlu K.
"Mərkəzi Kitab
Evi yaradılmalıdır"
Əkrəm Əylisli: "Məndə
olan məlumata görə, bu məsələ
yaxın zamanlarda gerçəkləşəcək"
"Oxucuların
istədikləri kitabı
əldə etmələri
və müəlliflərin
öz kitablarını sata bilmələri üçün Bakıda Mərkəzi
Kitab Evinin yaradılması zərurətə
çevrilib". Bu fikirləri
jurnalistlərlə söhbətində
Milli Məclisin mədəniyyət məsələləri
daimi komissiyasının sədri Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sözügedən məsələ
ilə bağlı ənənə olub: "Yaxın keçmişdə paytaxtda kitab passajı və Kitab Evi vardı.
Ziyalılarımız da kitab üçün ən çox
həmin ünvanlara üz tuturdular. İndi isə onların heç biri qalmadığından
bu sahədə böyük problemlər yaranıb. Ona görə də
Bakıda Mərkəzi Kitab Evinin yaradılması
üzərində düşünməyə
dəyər. Hesab edirəm
ki, bu, həm
müəlliflərin, həm
də oxucuların müvafiq problemlərinin həllinə kömək edərdi".
Komissiya sədri
ideyanın gerçəkləşməsi
üçün iki variant da irəli sürüb:
"Mərkəzi Kitab
Evi konkret olaraq müəyyən icra qurumlarının, yaxud nəşriyyatların nəzdində yaradıla bilər".
N.Cəfərov onu da bildirib
ki, təmsil olunduğu daimi komissiya məsələnin
gerçəkləşməsində maraqlıdır və
parlamentin növbəti plenar iclasında bununla bağlı konkret
təkliflə çıxış edəcək.
Komissiyanın digər
üzvü, xalq şairi Vaqif Səmədoğlu
məsələ ilə
bağlı fərqli düşünür: "Şəhərin ən yaraşıqlı yerində 10 dənə mərkəzi kitab evi yaratsan belə,
kitablar satılmayacaq. Azərbaycanda bədii ədəbiyyatı oxuyan daha çox tələbələr
olub. İndi isə 15-20 çap vərəqli kitabın qiyməti az qala tələbənin təqaüdündən 2 dəfə
çoxdur. Deməli, kitablar alınmayacaq. Mən konkret, praqmatik düşünərək bu fikirləri səsləndirirəm. Mərkəzi
Kitab Evinin açılmasının əleyhinə deyiləm. Ancaq burada çox az
kitab satılacaq. Yenə də təkrar edirəm ki, ölkədə əsas oxucu kütləsi gənclərdir.
Onların da zövqü telekanallar tərəfindən demək
olar ki, hər gün pozulur.
Onlar televiziyaya baxmaq üçün pul
vermirlər. Nəticədə
də Azərbaycan gəncliyi ədəbiyyatdan
uzaqlaşır. Tələbənin
təqaüdünü heç olmasa bir kitab
almaq gücünə çatdırmaq lazımdır. Sovet dövründə kitaba maraq böyük,
kitabların qiyməti isə çox aşağı
idi. Odur ki, mən qeyd edilən problemin Mərkəzi Kitab
Evinin açılması ilə həllinə inanmıram".
Milət vəkili, uzun
illər 'Yazıçı" nəşriyyatına rəhbərlik etmiş
Əkrəm Əylisli isə bildirir ki, bu, çox ciddi problemdir:
"1992-ci ildən bu yana kitab mağazaları bir-bir əldən
gedir. Rəhbərlik etdiyim nəşriyyatın çap etdiyi kitabları
satmağa yer tapmırdıq. Bu dolayısı ilə o demək idi ki,
nəşriyyat, sən kitab buraxma. Halbuki
azərbaycanlı kitab dükanından kitab almağa bir növ öyrəşib.
Çalışmalıyıq ki, bu hissi ölməsin".
Xalq yazıçısının dediyinə görə, bu məsələnin büdcənin müzakirəsi
zamanı qabardılmasına ehtiyac yoxdur: "Bunu büdcəyə ayrıca bənd kimi sala bilməzlər.
Amma büdcədən kitabxanalar
üçün
15 milyon manatdan çox ' vəsait ayrılıb. Bunun hesabına Bakıda Mərkəzi Kitab Evi açmaq olar.
Mədəniyyət və
Turizm Nazirliyi, Prezident Aparatının müvafiq şöbəsi və digər
əlaqədar qurumlar bununla bağlı ciddi iş görə bilərlər. Məndə olan məlumata görə, bu məsələ
yaxın zamanlarda gerçəkləşəcək".
525-ci qəzet.- 2006.- 17 noyabr.- S.10.