Elmanoğlu S.

 

İnformasiya texnologiyalarının inkişafı mühüm dövlət siyasətinə çevrilir

 

Müasir dövrdə rabitə və informasiya texnologiyalarının tətbiqi vəziyyəti dövlətlərin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən sosial, iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən mühüm meyarlardan biri kimi nəzərdən keçirilir. Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi son 10 ildə Azərbaycanda da dövlətin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilmişdir. Cəmiyyətin sosial sifarişi kimi son illər dövlət səviyyəsində internet və digər informasiya kommunikasiyaların inkişafına xüsusi diqqət yetirilir. Bu günlərdə "BAKUTEL-2006" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının keçirilməsi də bunun əyani təzahürüdür.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu sahənin ardıcıl və sistemli surətdə inkişafına xüsusi diqqət yetirmiş, ötən müddətdə rabitə və informasiya texnologiyalarının fəaliyyəti üçün zəruri hüquqi-normativ baza formalaşdırılmış, maddi-texniki təminat müasir tələblərə uyğunlaşdırılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. İnformasiya texnologiyaları sahəsində qanunvericilik bazasının inkişafı üçün bir neçə qanun - poçt haqqında, informasiya təhlükəsizliyi, elektron imza və sənəd, telekommunikasiya haqqında qanunlar Milli Məclisdə qəbul olunmuşdur. Telekommunikasiya Siyasəti Planı, İKT-nin inkişafı üçün Dövlət Proqramı, yeni lisenziya sistemi və digər normativ-hüquqi sənədlər hazırlanaraq qüvvəyə minmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək "elektron hökumət"in yaradılması da hazırda vacib məsələlərdən biri kimi nəzərdən keçirilir.
2003-cü ilin 15 oktyabrında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməsi ilə respublikamızın rabitə və informasiya texnologiyaları kompleksində yeni mərhələnin əsası qoyulmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsidir. Cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya cəmiyyəti üzrə dünya sammitində iştirakla başlamışdır. Azərbaycan Prezidenti sammitdə bəyan etmişdir ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkəmizin sosial-iqtisadi inkişafında prioritet sahələrdən biri kimi nəzərdən keçirilir. Bu sahələrin inkişafı Azərbaycanda sosial-iqtisadi inkişafın, sivil dünya dəyərlərinin, insan hüquqlarının etibarlı təminatı və demokratikləşmə prosesinin sürətləndirilməsi baxımından olduqca zəruridir. Prezident İlham Əliyevin həmin sammitdə qeyd etdiyi kimi, respublikamızın Cənubi Qafqazda bu sahədə liderlik etməsi kifayət qədər ciddi zəminə əsaslanır. Azərbaycan neftdən qazanılan gəlirləri qeyri-neft sektoruna, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafına yönəltməyi son dərəcə vacib sayır. Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Azərbaycan fiberoptik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir və bu baxımdan Şərqlə Qərb arasında əlverişli tranzit məkanına çevrilməsi imkanları kifayət qədər yüksəkdir.
Neftdən sonra iqtisadi inkişaf prosesində estafetin rabitə və informasiya texnologiyalarına keçməsi, bu sahənin prioritetə çevrilməsi niyyətini açıq bəyan etmiş dövlət başçısı cənab İlham Əliyev bu məqsədlə qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bir sıra sahələrlə yanaşı, rabitə və informasiya texnologiyalarının inkişafına da xüsusi diqqət ayrılmışdır. 2004-cü il fevralın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması isə bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Nazirliyin qarşısında duran əsas məqsəd Azərbaycanda XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatımızda əsaslı və prioritet yer tutan informasiya və kommunikasiya məhsulları sektorunun yaradılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin informasiya texnologiyalarının geniş tətbiqi sahəsində ən böyük addımlarından biri kimi 2004-cü il avqustun 21-də imzalanmış Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı haqqında" fərmanı 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyaların rolunu bir daha təsdiqləmişdir. Bu proqram ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyır.
Cənab İlham Əliyevin 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan) imzalanması isə bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan, rabitə və informasiya texnologiyalarının hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən təkmil fəaliyyət konsepsiyasıdır. Proqramda nəzərdə tutulmuş tədbirlər nəticəsində 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatacaq, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldiləcəkdir. İnformasiya texnologiyalarının geniş tətbiqinə xidmət edən Dövlət Proqramının imzalanması, şübhəsiz, ölkənin ümumi sosial-iqtisadi inkişaf tepmi ilə şərtlənir. Bütün sahələrdə inkişaf edən Azərbaycanda idarəetmənin müasir texnologiyalar əsasında qurulması ilk növbədə zamanın tələbindən irəli gəlir.
Bu günlərdə "BAKUTEL-2006" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının açılışı mərasimində çıxış edən dövlət başçısı cənab İlham Əliyev bu sahənin ölkəmiz üçün strateji əhəmiyyət kəsb etdiyini bir daha vurğulamışdır. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizdə informasiya texnologiyalarının inkişafı sahəsində də geniş potensialın mövcudluğunu diqqətə çəkmişdir: "EBizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".
Azərbaycan Prezidenti cənab İlham Əliyev İKT-nin Azərbaycanda neftdən sonra ən prioritet sahə olmasına çalışacağını bir daha bəyan etmişdir. Respublikamızın İKT sahəsində dünyanın ən tanınmış dövlətinə çevrilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək: "Eİndiki dövrdə ölkədə həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanı bir neft-qaz ölkəsi kimi tanıtdı. Azərbaycan etibarlı tərəfdaş kimi, həm iqtisadi, həm texniki, həm də siyasi baxımdan ən çətin enerji layihələrini həyata keçirmək iqtidarında olan ölkə kimi tanınır. Mən çox istərdim ki, beş-on ildən sonra Azərbaycan dünyada İKT texnologiyaları üzrə qabaqcıl ölkə kimi tanınsın. Yenə deyirəm, bunu etmək üçün bütün imkanlar mövcuddur".
Son illər informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən tədbirlər özünün uğurlu nəticələrini verir. Bütün bunlar əminliklə deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə rabitə və informasiya texnologiyaları sahəsində dünyanın qabaqcıl dövlətləri ilə rəqabətə girmək imkanlarına malik olacaqdır.

Azərbaycan.-2006.-8 noyabr.- S. 5.