Xəzər İnteqrasiya
İşgüzar Klubunda maraqlı görüş
Noyabrın 14-də
“Excelsior” hotelində Xəzər
İnteqrasiya İşgüzar Klubunun (CİBC) üzvləri Azərbaycan Prezidentinin İcra Aparatı informasiya
resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə
ilə görüşmüşlər.
Klubun prezidenti Telman Əliyev qurum haqqında toplantı iştirakçılarını məlumatlandırdıqdan
sonra sözü Elmir Vəlizadəyə vermişdir.
E.Vəlizadə qeyd etmişdir ki, belə tədbirlər
Azərbaycanda rabitə
və informasiya texnologiyaları sahəsində
fəaliyyət göstərən
şirkətlərin dövlət
qurumları, o cümlədən
dövlət təmsilçiləri
ilə görüşlərinin keçirilməsinə və onlarla fikir mübadiləsi
aparılmasına şərait yaradır. O bildirmişdir ki, 2003-cü ildən Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı sahəsində yeni dövr başlanmışdır. Həmin ilin fevralında ümummilli liderimiz Heydər Əliyev bu sahədə milli strategiyamıza imza ataraq ölkəmizdə
informasiya cəmiyyətinin
qurulmasına dair ilkin sənədi açıqlamışdır. Bu, olduqca əhəmiyyətli,
rabitə və informasiya texnologiyalarının yaxın illərdəki perspektivini, ümumilikdə isə ölkənin inkişafını müəyyənləşdirən
bir sənəd oldu. Son illərdə
isə ölkəmizin Prezidenti İlham Əliyevin atdığı addımlar bu sahənin
inkişafına yeni təkan verdi.
Natiq daha sonra 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması ilə həm rabitə, həm də informasiya texnologiyalarının uzlaşdırıldığını
qeyd etmiş, son üç ildə bu
sahədə qəbul olunan müvafiq qanunları xatırlatmış, ötən ilin oktyabrında milli strategiyanın həyata keçirilməsini təmin edən Dövlət proqramının fəaliyyətə başladığını
söyləmişdir.
E.Vəlizadə bu il Bakıda
“Bakutel–2006” XII beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisinin keçirilməsini
həmin sahədə
görülən işlərin zirvəsi kimi xarakterizə etmiş, sərginin açılışında Prezidenti İlham Əliyevin çıxışında informasiya və kommunikasiya texnologiyaları sahəsinin də neft sahəsi kimi böyük əhəmiyyət
kəsb etdiyini vurğulamasını yada salmışdır. Çıxışının sonunda o, bütün
bunların sahə ilə məşğul olanların hamısının üzərinə böyük məsuliyyət qoyduğunu qeyd etmişdir.
Sonra Elmir Vəlizadə iştirakçıların suallarına cavab vermişdir.
Axırda Xəzər İnteqrasiya İşgüzar Klubuna yeni üzv seçilən
şirkətlərin nümayəndələrinə
sertifikatlar təqdim olunmuşdur.
Xalq qəzeti.-2006.-15 noyabr.-S.6.