Məmmədov M.

 

Azərbaycan informasiya texnologiyaları sahəsində də regionun lider dövlətidir

 

Dünya təcrübəsi göstərir ki, qeyri-neft sektorunun inkişafında informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu xüsusilə əhəmiyyətlidir. Biz fəxr edirik ki, Azərbaycanda İKT sektoru inkişaf tempinə görə energetika sektorundan geri qalsa da, qeyri-neft sektorunda liderdir. Bu sektorun ölkəmizdə illik artımı 35-40 faiz təşkil edir və ümumdünya inkişaf tempini 2,7 dəfə qabaqlayır.
İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı yoxsulluğun azaldılmasına, xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə, demokratiyanın, insan haqlarının qorunmasına müsbət təsir göstərir. Buna görə də artıq bir sıra inkişaf etmiş ölkələrdə informasiya texnologiyalarının bu üstünlükləri müəyyən dərəcədə reallığa çevrilərək informasiya cəmiyyəti qurulmuşdur. Bu gün şəbəkə dünyasında zaman və məkan anlayışı “yox olmuş”, sərhədlər şəffaflaşmış, yeni iqtisadiyyat formalaşmış, kommersiya əlaqələri elektronlaşmış, virtual tədris mühiti yaranmış, məlumat azadlığı və hüquqların qorunması yeni müstəvidə inkişaf etməyə başlamışdır. Yeri gəlmişkən, Cenevrə və Tunisdə keçirilmiş informasiya cəmiyyəti üzrə dünya sammitlərinin qəbul etdiyi prinsiplər bəyannaməsi və fəaliyyət planı informasiya cəmiyyətinin yaradılması yolunda uğurlu addım olaraq, bəşəriyyətin qlobal problemlərinin həlli üçün möhkəm təməl yaratmışdır. Sevindirici haldır ki, sammitlərin işində göstərdiyi fəallığa görə Təşkilat Komitəsi tərəfindən Şərqi Avropa və MDB ölkələri sırasından yalnız Azərbaycana xüsusi təşəkkür elan olunmuşdur. Tunis Sammitində Azərbaycan İKT-nin cəmiyyətin demokratikləşdirilməsindəki xüsusi rolunun bu texnologiyaların yeni tətbiq istiqaməti kimi əsaslandırılmasında təşəbbüskar ölkələrdən biri olmuşdur. Burada, əlbəttə, dövlət başçımız möhtərəm İlham Əliyevin müstəsna xidmətləri, eyni zamanda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəhbərliyinin səyi və təşəbbüskarlığı danılmazdır.
Xatırladım ki, son illər “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Milli Strategiya, Dövlət Proqramı və digər hüquqi sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılmasını, tənzimləmə prosedurunun təkmilləşdirilməsini, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin aparılmasını sürətləndirmişdir. Burada ən mühüm cəhət ondan ibarətdir ki, iqtisadiyyatın bu sektorunda, informasiya və kommunikasiya texnologiyaları bazarında açıq rəqabət üçün əlverişli mühit yaradılmışdır.
Burada adı çəkilən Dövlət Proqramının həyata keçirilməsinin əsas istiqamətləri rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatları aparmaq, rabitə və informasiya texnologiyaları sahəsində modernləşməni və genişləndirməni təmin etmək, informasiya cəmiyyətinə keçidin reallaşdırılması üzrə layihələri hazırlamaq və tətbiq etməkdir.
Sənədin tətbiqi nəticəsində dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran, əhaliyə və özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən “elektron hökumət”in formalaşması, elektron sənəd mübadiləsi, vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi, əhalinin informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi, insan inkişafı üçün yeni imkanların yaranması və s. vacib vəzifələr reallaşacaq.
Dövlət Proqramında həmçinin nəzərdə tutulan transmissiya və kommunikasiya şəbəkələrinin tam rəqəmləşdirilməsi, kənd telefon rabitəsinin inkişaf etdirilməsi və şəhər telefon rabitəsi ilə müqayisədə geriliyin aradan qaldırılması istiqamətində də ciddi tədbirlər həyata keçirilmiş və uğurlar əldə edilmişdir. Bununla da regionlarda yeni nəsil informasiya texnologiyalarının kütləvi şəkildə tətbiqi sürətlənmiş, göstərilən rabitə xidmətlərinin keyfiyyəti yüksəlmişdir.
Prezident İlham Əliyevin İKT-nin inkişafına verdiyi önəmin nəticəsidir ki, bu mühüm sahənin sürətli inkişafını təmin etmək məqsədilə 2004-cü ilin əvvəllərində ölkəmizdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və təbii ki, nazirlik qarşısında çox mühüm vəzifələr qoyuldu. Bununla da ölkədə İKT-nin sürətlə inkişaf etdirilməsi üçün geniş imkanlar açıldı.
Ötən müddətdə nazirliyin məqsədyönlü fəaliyyəti nəticəsində etibarlı hüquqi baza yaradılıb, beynəlxalq təşkilatlarla, İKT sahəsində aparıcı şirkətlərlə əlaqələr genişləndirilib, nazirliyin əməkdaşlarının xarici ölkələrə, xarici ölkə və şirkət nümayəndələrinin isə Azərbaycana səfərləri intensivləşib, əməkdaşlıq barədə bir sıra müqavilələr imzalanıb. Bu iş hazırda da uğurla davam etdirilir.
Ölkəmizin İKT bazarına xarici şirkətlər tərəfindən ciddi maraq göstərilməsi də xüsusi qeyd edilməlidir. Son illər ərzində Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahəsi üzrə islahatlar genişləndirilmiş, liberallaşdırma və özəlləşdirmə prosesləri ilə paralel olaraq sahə üzrə tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təşkili məqsədilə Dünya Bankı və TASİS proqramının xətti ilə beynəlxalq ekspertlər cəlb edilmiş, eyni zamanda bu sahədə zəngin təcrübəyə malik Türkiyənin Telekommunikasiya Qurumu ilə sıx əməkdaşlıq edilmişdir.
Rabitə və informasiya texnologiyaları sahəsində ölkəmizin təkcə bu il ərzində xarici ölkələrin dövlət qurumları ilə, nəhəng İKT şirkətləri ilə qarşılıqlı əlaqələrinin müsbət nəticələrini əks etdirən bəzi məqamlara da toxunmağı zəruri sayıram. Cənubi Koreyanın “KT” şirkəti ölkəmizin telekommunikasiya sektoruna maraq göstərmiş və yaxın 3 ildə 150 milyon dollar məbləğində sərmayə qoymasını, “SK” şirkəti isə “soft-kredit” şərtləri daxilində ölkəmizə 30 milyon dollar həcmində kredit yönəldəcəyini qeyd etmişdir. Cənubi Koreya nümayəndə heyətinin “Bakutel-06” sərgi konfransı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Cənubi Koreyanın İnvestisiyaların Təşviqi Agentliyi (KİPA) ilə “e-hökumət” layihəsi sahəsində geniştərkibli işlərin yerinə yetiriləcəyi planlaşdırılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri Qazaxıstan tərəfi ilə mütəmadi danışıqlar aparmış və Xəzəraltı fiber-optik kabel xəttinin tikilməsi üzrə yekun razılığa gəlmişlər. Xatırladım ki, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun qazaxıstanlı həmkarı ilə görüşündə bu layihənin reallaşdırılması üçün “Azərbaycan – Türkiyə – Qazaxıstan – Gürcüstan konsorsiumu”nun yaradılması qərara alınmışdır. Bu layihə ABŞ tərəfindən də dəstəklənir və gələcəkdə Azərbaycanda “tranzit data” mərkəzlərinin yaradılması və Qərbdə yerləşən informasiya “kontent”lərinin Şərqə çatdırılmasında irimiqyaslı beynəlxalq layihə kimi qiymətləndirilir.
Xarici ölkələrin aparıcı telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin Azərbaycanda nümayəndəliklərinin açılması (Microsoft, Cisco, İBM, İntel və s.) və nüfuzlu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri respublikamızda investisiya imkanlarının artacağına əminlik yaradır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 3 il ərzində İKT sektorunun inkişafına göstərdiyi qayğı nəticəsində əldə edilmiş nailiyyətlər, Azərbaycanın informasiya texnologiyaları sahəsində regionun lider ölkəyə çevrilməsi istiqamətində görülən işlər bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəkdir.

Xalq qəzeti.- 2006.- 28 noyabr.- S. 2.