Bədəlov Ə.

 

Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərindəki tarixi-mədəni abidələrimiz vəhşicəsinə talan edilib

 

Hər bir xalq qədim tarixi-mədəni abidələri, milli adətənənələri ilə tanınır. Azərbaycanın zəngin tarixi-mədəni abidələri ölkəmizin qədim tarixə malik olmasını təsdiqləyir. Bunu uzun illərdən bəri aparılan arxeoloji qazıntılar, tədqiqat işləri də təsdiqləyir.
Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, adət-ənənəmizi, musiqimizi və incəsənətimizi mənimsəyərək özününküləşdirməyə cəhd edən işğalçı Ermənistan Böyük Ermənistan yaratmaq iddiası ilə qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışır. Ancaq tarixi faktları təkzib etməklə dövlət yaratmaq mümkün deyil. Tarixçilərə, elmi araşdırmalarla məşğul olan tədqiqatçılara da çox yaxşı məlumdur ki, ermənilər zaman-zaman Azərbaycan torpaqlarına hissə-hissə sahib çıxaraq öz çirkin niyyətlərini həyata keçirmiş və Ermənistan adlı dövlətin qədim tarixə malik olduğunu sübut etməyə çalışmışlar. Təbii ki, bu işdə onlara bəzi beynəlxalq qurumların nümayəndələri də havadarlıq etmişlər.
Son vaxtlar isə Naxçıvan torpaqlarına göz dikən ermənilər guya Naxçıvanda və Culfada erməni qəbirlərinin azərbaycanlılar tərəfindən məhv edilməsi barədə ABŞ Senatına və İngiltərə Lordlar Palatasına müraciətlər ünvanlamışlar. Ermənilər çox yaxşı bilirlər ki, bu ərazilərdə onlara məxsus qəbiristanlıq yoxdur. Lakin belə bir məsələ qaldırmaqla sübut etmək istəyirlər ki, Naxçıvan və Culfa da ermənilərin əzəli torpaqları olub. Həmin ərazilərdə “qədim erməni qəbirlərinin” olması fikrini də məhz bu məqsədlə formalaşdırmaq istəyirdilər. Hətta İngiltərə Lordlar Palatasının deputatı ermənipərəst mövqeyi ilə tanınan Baronessa Koks da “zavallı ermənilərin” müdafiəsinə qalxsa da, tarixi faktlar qarşısında aciz qaldı. Bundan əvvəl isə qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i və vokal sənətini də özününküləşdirməyə cəhd etsələr də, bu da bir nəticə vermədi.
Azərbaycan xalqı Cənubi Qafqaz xalqları arasında ən qədim tarixə malikdir. Bu gün ermənilərin Dağlıq Qarabağ ərazisinin onlara məxsus olması barədəki cəfəngiyyatları da ağlasığmazdır. Çünki Qarabağın bir hissəsi olan Dağlıq Qarabağ əhalisinin də ən qədimi məhz azərbaycanlılar olub. Tarixi faktlar da təsdiqləyir ki, ən qədim insan məskənlərindən biri Azərbaycanın Dağlıq Qarabağ ərazisində aşkar edilib. Azıx mağarasında aparılmış arxeoloji qazıntılar buranın 4,5 milyon illik tarixə malik olduğunu sübuta yetirib. Bu da bir faktdır ki, Azıx mağarasında tapılmış qadına məxsus çənə sümüyü təsdiqləyib ki, həmin qadın 450 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır. İndi ermənilər həmin qadının erməni olduğunu iddia edirlər. Ancaq tarixi faktlar təsdiqləyir ki, o vaxt erməni adda xalq, millət olmayıb. Belə faktlar saysız-hesabsızdır. Ona görə də ermənilər Azərbaycanın mədəni irsini, musiqisini, incəsənətini oğurlamaq və ya özününküləşdirməklə qədim tarixə malik olduqlarını sübut etmək istəyirlər. Onlar məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi-mədəni abidələri məscidləri, qəbiristanlıqları vəhşicəsinə yerlə-yeksan etmiş, bununla da həmin ərazilərdə azərbaycanlılara məxsus qədim mədəni abidələrin izini itirməyə çalışmışlar.
Ermənilər işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlarda, həmçinin 1988-ci ildən vəhşicəsinə başladıqları etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılara məxsus mədəni abidələrin, məscidlərin bir hissəsini milliləşdirərək özlərinə məxsus olduğunu nümayiş etdirmiş, bir çoxlarını isə məhv etmişlər. Təkcə İrəvanda və Zəngibasarda azərbaycanlılara məxsus 830 məscid, həmçinin qəbiristanlıqlar məhv edilmişdir. Ümumiyyətlə, Ermənistan dövləti tərəfindən işğal olunmuş ərazilərimizdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan kitabxana, 808 klub müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5 min 640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 123 videomaqnitafon, 5 min 920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri, 40 kiçik həcmli attraksion məhv edilmişdir. 1994-cü ilin qiymətləndirmə sənədlərinə əsasən, ermənilərin Azərbaycanın tarixi-mədəni abidələrinin, mədəniyyət obyektlərinin vəhşicəsinə dağıdılması hesabına ölkəmizə 23 trilyon 680 milyon və ya 6 milyard 71 milyon ABŞ dolları həcmində ziyan vurulmuşdur.
Ermənilərin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlarda Azərbaycan xalqının qədimliyini əks etdirən eksponatlar amansızcasına məhv edilmiş, qədim, dünya şöhrətli çox qiymətli xalçalar, xalça məmulatları mənimsənilmişdir. Həmin ərazilərdə 13 dünya, 120 ölkə və 433 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi işğaldan sonra yoxa çıxmışdır. Ermənilər nə qədər vəhşilik etsələr də, işğal etdikləri ərazilərdəki mədəniyyət müəssisələrini məhv edə bilməmişlər. Müvəqqəti işğal olunmuş 1380 mədəniyyət müəssisəsindən 467-si hazırda fəaliyyətini davam etdirir. Bu müəssisələrin normal fəaliyyət göstərməsi üçün ölkəmizdə hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 avqust 2006-cı il tarixli “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi haqqında” sərəncamı dediklərimizi bir daha təsdiqləyir.
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımız öz doğma ata-baba torpaqlarından, eveşiklərindən xüsusi qəddarlıqla, amansızlıqla didərgin salındıqdan sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrı da öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. 1988-ci ildən Bakıda məskunlaşmış teatrın normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda mədəniyyətin inkişafına dövlət başçısının göstərdiyi diqqət və qayğı öz yurdlarından didərgin salınmış İrəvan Dövlət Azərbaycan Dram Teatrından da yan keçməyib. Məcburi köçkün həyatı yaşayan teatrın 125 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə tədbirlər planının hazırlanıb həyata keçirilməsi üçün aidiyyatı orqanlara göstəriş verilib.
Avropa Şurası Parlament Assambleyasının ötən sessiyalarının birində Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan dövləti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəniyyət obyektlərinin vəhşicəsinə dağıdılması barədə məlumatdan avropalı deputatlar dəhşətə gəlmiş, hətta onlardan biri demişdir ki, yalnız mədəniyyətsiz adamlar mədəniyyətə qarşı belə düşmənçilik edə bilərlər. Ermənilərin Azərbaycanın tarixi mədəni abidələrini öz adlarına çıxaraq yaydıqları informasiyalara artıq inanan yoxdur. Çünki qədim tarixə malik olan zəngin Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə gündən-günə şöhrətlənməkdədir. Hətta Azərbaycanın Dağlıq Qarabağda və işğal olunmuş ərazilərindəki milli-mədəni və dini abidələrin tarixən erməniləşdirilməsi də heç bir fayda vermir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın qədim erməni torpağı olduğunu da sübut etmək üçün qədim tarixi abidələri erməniləşdirməklə yanaşı, orada azərbaycanlıların yaşadığını inkar edirlər. Dağlıq Qarabağ və oradakı tarixi-mədəni abidələr heç vaxt Ermənistanın olmayıb və olmayacaq da. Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ-ın “Assoşieyted Press” agentliyinə verdiyi müsahibəsində də bunu qətiyyətlə bildirib: “Əgər sülh tərəflərdən birini qane edirsə və digər tərəfin mənafelərinə ziddirsə, bu halda sülh əldə oluna bilməz. Ərazi bütövlüyümüz tanınmışdır, pozulmazdır və məsələnin dincliklə həlli yalnız bu bəndlərə əməl edilməsi şərtilə mümkündür”. Cənab Prezident bütün hallarda Dağlıq Qarabağın müstəqil olması ilə Azərbaycanın razılaşmayacağı haqda qəti fikrini belə bildirmişdir: “Əlbəttə ki, yox və yenə də yox. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dünyada ikinci erməni dövləti ola bilməz, deməli, Dağlıq Qarabağın müstəqilliyi yolverilməzdir. Ona ancaq ən yüksək muxtariyyət statusu verə bilərik”.

 
Xalq qəzeti.- 2006.- 29 noyabr.- S.4.