Quliyev İ.
Mədəniyyət
müəssisələri özləri gəlir əldə
etməyə çalışmalıdır
Maliyyə Nazirliyi bu sıradan olan bəzi təşkilatları bazar
iqtisadiyyatı prinsiplərinə uyğunlaşmağa çağırır
Noyabrın 7-də 2007-ci ilin dövlət büdcəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq. Noyabrın 3-də isə Milli Məclisin daimi komissiyalarının birgə iclasında büdcə layihəsinin ilkin müzakirəsi keçiriləcək. Dünən isə parlamentin Mədəniyyət məsələləri daimi komissiyasında gələn il mədəniyyət sahəsinə ayrılacaq vəsaitlərlə bağlı ilkin müzakirələr keçirildi.
Mədəniyyət müəssisələrinə ayrılacaq vəsaitlər barədə Maliyyə Nazirliyinin şöbə müdiri Xəqani Rzayev məlumat verdi. O qeyd etdi ki, ölkə iqtisadiyyatında müşahidə olunan inkişafdan mədəniyyət sahəsinə də pay düşəcək. Məsələn, gələn il mədəniyyət sahəsində çalışan insanların əmək haqları artırılacaq. Minimum əmək haqının artırılması üçün nəzərdə tutulan əlavə 271 milyon manat vəsaitin bir hissəsi məhz mədəniyyət işçilərinin əmək haqlarının artırılmasına sərf olunacaq. X.Rzayev qeyd etdi ki, mədəniyyət müəssisələri ilə yanaşı, büdcədən humanitar sahədə fəaliyyət göstərən ictimai təşkilatlara da subsidiyalar ayrılır. Gələn il həmin subsidiyaların məbləğinin artırılması da nəzərdə tutulur. Artımlar ölkədə minimum əmək haqqının artması ilə əlaqədar ictimai təşkilatlarda çalışanların sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb.
X.Rzayev 2007-ci ilin büdcəsi təsdiqlənərkən gələn il üçün minimum yaşayış səviyyəsinin də dəyişdiriləcəyini dedi. Onun sözlərinə görə, buna müvafiq olaraq bir sıra sosial kateqoriyaların əmək haqları və təqaüdləri minimum yaşayış səviyyəsinə yaxınlaşdırılacaq. Məsələn, gələn il tələbə və aspirantların təqaüdlərinin artırılması, bəzi güzəştli təbəqələrin kompensasiyalarının miqdarının çoxaldılması nəzərdə tutulur. Bunun üçün büdcədən lazımi vəsait ayrılacaq.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də mədəniyyət sahəsinə ayrılan vəsaitlərin artırılması ilə bağlı Maliyyə Nazirliyi ilə razılaşmanın əldə olunduğunu bildirdi. Onun sözlərinə görə, gələn il kino sahəsinə, teatrlara, kitabxanalara ayrılan vəsaitlər artırılacaq. Nazir müavini dedi ki, son vaxtlar diqqət mərkəzində olan əsas məsələ teatr işçilərinin əmək haqlarının qaldırılması ilə bağlıdır. Amma bu sahədəki maaşlar o qədər aşağıdır ki, hökumət teatr işçilərinin maaşını heç cür respublikadakı orta əmək haqqı səviyyəsinə çadıra bilmir. Ə.Vəliyev ümumilikdə gələn il mədəniyyət sahəsinə ayrılan büdcə vəsaitlərinin bu sahədəki işləri normal səviyyəyə çatdırmağa imkan verəcəyini bildirdi.
Millət vəkili Rəfael Hüseynov Azərbaycan mədəniyyətinin dünyanın əksər inkişaf etmiş ölkəsinin mədəniyyəti ilə rəqabətə davam gətirmək gücündə olduğunu bildirdi. Onun sözlərinə görə, gələn il bu sahəyə ayrılacaq vəsait builkindən çox olacaq. Amma büdcədən bu məqsədlə ayrılan vəsait Azərbaycan mədəniyyətinin səviyyəsinə görə çox azdır. "Hesab edirəm ki, mədəniyyətə münasibətdə büdcə fəlsəfəsi dəyişməlidir. Azərbaycan mədəniyyətinin inkişafı hərbi sahənin inkişafı qədər vacibdir. Təklif edərdim ki, növbəti illərdə büdcədən mədəniyyət sahəsinə ayrılan vəsaitlər ümumilikdə artırılsın" - deyə o bildirdi.
Millət vəkili Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrinin çox ağır durumda olduğunu bildirdi. Onun sözlərinə görə, kino sahəsi ölkəyə xeyli gəlir gətirə bilər. Amma bu sahəyə lazımi miqdarda vəsait ayrılmır. Eyni zamanda, son illər uşaqlar üçün cizgi filmlərinin çəkilməsi də demək olar ki, dayandırılıb. Bu sahənin mütəxəssisləri başqa işlərdə çalışırlar.
R.Hüseynov Azərbaycanda kitab çapına və kitabxanaların inkişafına da diqqətin artırılmasının vacibliyini vurğuladı. Onun sözlərinə görə, son vaxtlar bu sahədə vəziyyət pisləşib. "İndi Azərbaycan insanı sanki oxumur. Bunun bir səbəbi də odur ki, sayı 5 minə yaxın olan kitabxanalarımızın vəziyyəti çox bərbaddır. Mədəniyyət işçilərinin əmək haqlarının minimum əmək haqqı səviyyəsində olması da yalnız kədər doğura bilər" - deyə millət vəkili vurğuladı.
Yenidən söz alan mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev son 3 ildə rayon mədəniyyət şöbələrinin tabeliyində olan bütün kitabxanaların əsaslı və cari təmir olunduğunu bildirdi. Onun sözlərinə görə, indi daha çox kənd yerlərində fəaliyyət göstərən kitabxanalar bərbad vəziyyətdədir. Hətta respublika üzrə 40-a yaxın kitabxana və klub kəndlərdəki evlərdə yerləşir. Nazir müavini dedi ki, yaxın gələcəkdə həmin kitabxana və klublar üçün yer ayrılması və binaların tikilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən imzalanmış və hazırda icra olunan Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında rayonlarda bir sıra sosial obyektlərin tikilməsi nəzərdə tutulur. Bu baxımdan gələcəkdə bu sahədə vəziyyət daha da yaxşılaşacaq. Nazir müavini onu da qeyd etdi ki, hazırda Azərbaycanda mərkəzləşdirilmiş kitab çapı yoxdur. Hazırda ölkə üzrə 150 nəşriyyat kitab çapı ilə məşğuldur. Kitabların əksəriyyəti müəlliflərin öz hesabına çap olunur. Çap olunmuş kitabların mərkəzləşdirilmiş qaydada paylaşdırılması da aparılmır. Bir qrup insanlar bundan gəlir əldə etmək məqsədi ilə istifadə edirlər. Onlar müxtəlif kitablar çap etdirib rayon icra hakimiyyətlərində, məktəblərdə satdırırlar. "Bəzən icra hakimiyyətlərinin rəhbərləri həmin kitabların içində nə yazıldığına da diqqət yetirmir" - deyə nazirlik rəsmisi qeyd etdi.
Ə.Vəliyev hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 16 308 tarixi abidənin olduğunu bildirdi. Onun sözlərinə görə, bu, yalnız ölkə daxilində rəsmi qeydiyyata alınmış abidələrin sayıdır. Əslində isə tarixi abidələrin sayı daha çoxdur. Nazir müavini Mədəniyyət və Turizm Nazirliyinin balansında olan tarixi abidələrin 98 faizinin təmirə ehtiyacı olduğunu bildirdi. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi əsasən dünya və ölkə əhəmiyyətli abidələri nəzarətdə saxlayır. Yerli əhəmiyyətli abidələr isə yerli büdcələrin hesabına saxlanılır. Hazırda daha çox yerli büdcələrin balansında olan tarixi abidələrin təmirə ehtiyacı var.
Maliyyə Nazirliyinin şöbə müdiri X.Rzayev isə mədəniyyət sahəsində fəaliyyət göstərən bəzi təşkilatların bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmasına ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, mədəniyyət müəssisələri büdcədən ayrılacaq dotasiyaların artırılmasını gözləməkdənsə, özləri gəlir əldə etməyə çalışmalıdırlar. Nazirlik rəsmisi yaxın vaxtlara qədər Heydər Əliyev adına Sarayın dövlət büdcəsindən dotasiya aldığını bildirdi. Onun sözlərinə görə, sonradan müəyyənləşdirilib ki, bu müəssisə xeyli miqdarda gəlir əldə edir. Ona görə də onun büdcədən maliyyələşdirilməsinə ehtiyac yoxdur. "İndi belə çıxır ki, saray rəhbərliyi bir neçə il dövləti aldadıb" - deyə X.Rzayev bildirdi.
Parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov hökumət rəsmilərini sakitləşdirməyə çalışdı. O qeyd etdi ki, deputatlar büdcədəki artımları yüksək qiymətləndirirlər. Müzakirələrin əsas məqsədi isə mədəniyyət sahəsinə ayrılan vəsaitlərin daha da artırılması üçün əlavə hansı addımlara ehtiyac olmasını müəyyənləşdirməkdir. "Əlbəttə ki, biz sizə deməyəcəyik ki, filan sahəyə ayırdığınız vəsaiti azaldın... Buradakı fikirlərin əsas məğzi mədəniyyət sahəsinə ayrılan vəsaitlərin imkan daxilində artırılması ilə bağlı olacaq" - deyə komissiya sədri bildirdi.
Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev hazırda respublikada il ərzində 4 filmin çəkilişlərinin maliyyələşdirildiyini bildirdi. Onun sözlərinə görə, bu filmlərin də yalnız 2-si tammetraylı olur. İttifaqın katibi son illər bu sahədə irəliləyişlərin olduğunu bildirdi. Onun sözlərinə görə, bir qədər əvvəl il ərzində cəmi 2 film çəkilirdi. Amma indiki göstərici sovet dövründəkidən xeyli geri qalır. A.Əliyev bildirdi ki, həmin vaxtlarda Azərbaycanda bir ilə 8 film çəkilirdi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ildə 12 filmi təhvil vermək üçün texniki imkanları var idi. İndi isə kinostudiya çox bərbad vəziyyətə düşüb. A.Əliyevin fikrincə, hətta dövlət büdcəsindən əlavə vəsait ayrılsa da, hazırda "Azərbaycanfilm" kinostudiyasında 4-dən artıq film çəkmək çox çətin olacaq. O təklif etdi ki, gələn il kinostudiyanın əsaslı təmir edilməsi üçün büdcədən ünvanlı vəsait ayrılsın. Çünki büdcədən bu sahəyə ayrılan vəsaitlə kinostudiyada lazımi təmir işlərini aparmaq mümkün olmayacaq.
A.Əliyevin başqa bir təklifi ictimai əsaslarla fəaliyyət göstərən yaradıcı təşkilatların dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi ilə bağlı oldu. O qeyd etdi ki, hazırda Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqından başqa heç bir yaradıcı birlik dövlət büdcəsi tərəfindən maliyyələşdirilmir. Nəticədə digər yaradıcı təşkilatlarda çox acınacaqlı vəziyyət yaranıb. "Təsəvvür edin ki, hazırda Kinematoqrafçılar İttifaqının birinci katibinin vəzifə maaşı cəmi 40 AZN-dir. Həmin pulu da biz şəxsi kanallarımızla müxtəlif mənbələrdən əldə edirik" - deyə A.Əliyev qeyd etdi.
Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov da rəhbərlik etdiyi yaradıcı təşkilatın büdcədən maliyyələşməyə böyük ehtiyacı olduğunu bildirdi. Onun sözlərinə görə, büdcədən teatrlara ayrılan vəsait də artırılmalıdır. "Bir tamaşanın hazırlanması üçün 3-5 min manat pul ayırıb keyfiyyətli iş tələb etmək mümkün deyil. Axı, pendir-çörək yeyib işləyən aktyordan hansı işi tələb etmək olar" - deyə o sual etdi. A.Nemətov Rusiyadan ən sadə teatrlara tamaşa hazırlamaq üçün minimum 1-1,5 milyon dollar vəsait ayrıldığını bildirdi.
Müzakirələrdən sonra komissiya məsələnin Milli Məclisin müzakirəsinə tövsiyə edilməsi barədə qərar qəbul etdi.
Kaspi.-2006.-2 noyabr.-S.4.