Eldəniz Elgün
İçərişəhərə doğru
irəliləyən fəlakət...
Günlərin
birində “Qız qala”sını yerində görməsəniz,
təəccüblənməyin. “Bakı ruhlar şəhəridir”. “Bakı çox dəyişdi”. Son
illər Bakı ilə bağlı ən çox eşitdiyim sözlərdi. Amma
doğrudan da, Bakı dəyişdi
Bir qismin “erməni, yəhudi fərqi
yoxuydu, Bakının öz dili varıydı” - deyənlərin Bakısının dəyişib
özünə, keçmişinə qayıdaraq milliləşməsini alqışlayıramAmma
ruhlar şəhərinin dəyişib ölülər şəhərinə
çevrilməsini qəbul etmirəm. Bu gün Bakıda Şirvan şahının
ruhu yoxdu, onun ruhunu bu gün şah sarayına əjdaha kimi baxan
çoxmərtəbəli binalarda əyləşən əcnəbi
iş adamlarının qoxusu əvəzləyir. Bu gün illər boyu
türbəsində ruhu ilə baş-başa qalan Bakuvi əxlaqı görünmür.
Onu türbənin üzərində kölgə kimi görünən
əcnəbi ölkənin bayraqları asılmış binalarda
əyləşən kəslərin ona zidd əxlaqı
əvəzləyir. Ruhlar diyarı kimi tanıdığımız
İçərişəhərdə sevgi simvoluna çevrilən Qız qalasını da
yəqin ki, nə zamansa görməyəcəyik. Amma dərd
etməyə dəyməz. İçərişəhərdəki sevgi
simvolunu da əvəz edənlər tapılıb. Az qala çınqılı
belə qorunmalı olan qala divarına boya ilə yazılıb- “H+S=sevgi”.
Bakını Hacıbala Abutalıbovun “sev”diyini bilirdim. Amma o, “S” hərfinin
mənasını başa düşmədim. İçərişəhərdə
gəzərkən aldığım təəssürat kimi. Dar yolları,
əlini sürtəndə az qala gördüyü dəhşətləri özünün
də yaşadığın divarlar indi soyuyub. İndi orada doğrudan da, heç kim
qalmayıb. Addımbaşı inşa edilən yönsüz binaların arasında köhnə
divarlar nədənsə hansısa qocalar evinin hasarına oxşadı.
Mədəniyyətin, əxlaqın tarixli olması yox, qocalması
dəhşətdir. Ən azı bir millətin, dövlətin məhv
olması qədər. Yəqin ki, bir zaman İçərişəhərin
yeriylə gəzişəndə “göydələnlər”dən
birinin üzərinə yazılmış lövhəyə də rast
gələcəyik - “Burada Qız qalası yerləşirdi”. Nə isə...
Görünür, bütün bunları nəzərə alan prezident İlham Əliyev
sərəncam da imzaladı. “İçərişəhərin qorunması və
bu ərazidə tikintilərin aparılmasına yasaqların qoyulması
ilə bağlı”. İnsafən, bir neçə ay tikintilər dayandırıldı.
Amma sonra yenə hər şey qayıtdı köhnə halına. Yerli
sakinlərdən biri deyir - “bala, qabaq sənəd çıxartdılar ki,
yarımçıq qalan işləri görürlər. Sonra sənəd çıxartdılar ki,
guya qabaqcadan razılıq alıblar. Bir qismi isə evinin yararsız olduğunu
iddia edərək balkonunu, nə bilim, divarını artırdı. İndi də
bu işi görürlər”. Həqiqətən də, “BP” şirkətinin
arxasındakı küçələrdə bir neçə dəqiqə
gəzmək kifayət edər-indiki durumu anlamaq üçün. Bu
günlərdə Bakıya yağan yağışdan sonra küçələri sel basmışdı.
Köhnə Bakının sel-su ilə davranmağı ilə də maraqlandıq.
Yerli sakinlərdən birinin dediyi - “Ay bala, qabaq yağış-sel olanda
küçələr boyu qoyulmuş xətlə axıb kanalizasiya borularına
dolurdu. Amma indi gördüyün təzə tikililərin hamısı bu xəttə
qoşulub. Bu xəttin də o səviyyədə imkanı yoxdu.
Elə buna görə də sel küçələrdə yox, elə
evimizin içində axırdı”. Doğrudan, dayaqlar yerdən qazma köhnə
evlərin pəncərələri yolun asfalt qatı ilə
bərabər səviyyədədir. Və az səviyyəli
su belə istənilən an evə daxil ola bilər. Bu da qoca
Bakımızın bugünkü günü. Yeni Bakımızın da bu sahədə heç bəxti
xoş deyil. Bərpaetmə adı ilə memarlıq dəyəri olan
binaların iki gündən bir qaşınıb pis günə qoyulması,
bəzənsə yerli-dibli uçuldularaq yenisi ilə
əvəzlənməsi adi hala çevrilib. Məlum
zəlzələdən sonra bu hal daha da inkişaf etməyə
başladı. Bildiyiniz kimi, Bakı şəhər İcra Hakimiyyətinin,
Memarlar İttifaqının, Nazirlər Kabinetinin, Mədəniyyət
və Turizm Nazirliyinin də iştirak etdiyi bir komissiya var. Bu
komissiya isə ilbəil Bakıda və bölgələrdə
memarlıq incisi kimi qəbul edilən binaları, abidələri müəyyənləşdirərək,
onların satılmasını, dəyişdirilməsini yasaqlayır. Bir sözlə,
memarlıq və tarixi keyfiyyətləri olan binaların və
abidələrin qorunmasına birbaşa dövlət məsuliyyət
daşıyır və dövlətin nəzarətində olan bu binalar
hətta siyahıya alınıb. Bütün bunlara baxmayaraq, “bərpa”,
“yenidənqurma” adı ilə bu binalara əllər uzanmaqdadır. O
cümlədən Xalçaçılıq muzeyinin arxasındakı binalara. Ən maraqlı
məqamlardan biri də “Köhnə İnturist” mehmanxanasının başına
gətirilən oldu. Gözəl memarlıq zövqüylə inşa edilən
binanın gözəlliklərindən biri də bu binanın üst
mərtəbələrində duraraq İçərişəhərdə
Xəzərin ucqarlarına tamaşa etmək fürsətiydi. Görünür, indi
sektorlara bölünən Xəzərlə, bərbad
vəziyyətə salınan İçərişəhərə baxmağın
mənası yoxdu. Binanın sökülməsi ilə maraqlandıq. Məlum oldu
ki, bu bina da siyahıda olan binalardanıydı. Bu binanın yenidən
qurulmasına ilk cəhd isə illər öncə olubmuş. Amma komissiya
buna icazə verməyib. Müəyyən müddət keçəndən
sonra hətta binanın adının bu siyahıdan çıxarılmasına da cəhd
göstərilib. Bu da alınmayıb. İstənilən
vəziyyətdən çıxmağın yolunu bilən başbilənlər
riskli də olsa, başqa bir yol da tapdılar. Və bu yol “Köhnə
İnturist” mehmanxanasının yer üzündən silinməsi ilə
nəticələndi. “Təsadüfən” binada yanğın baş verir.
Beləliklə də, binanın statusu itir. Mehmanxananın yenidən
bərpasının isə mümkünsüzlüyü iddia edilir. Beləliklə bina
satılır, sökülür və yerində yenisi tikilir. Yadıma İtaliyadakı
məşhur Pizza qülləsi düşdü. Ekspertlər rəy çıxardı ki,
qüllə əyilir və müəyyən müddətdən sonra
tamamilə çökəcək. Dünya ekspertlərini bir araya yığıb qısa
müddətdə qüllənin uçmasının qarşısı alındı. Çünki orada
şəhərin memarlıq idarəsi var. Və bu idarə 4-5 min
dollara ona buna tikinti aparmaq üçün arayış verməklə yox,
şəhərin, abidələrin, binaların memarlıq incisini qorumaqla
məşğuldur. Bizdə də belə olsaydı, yandırılan “İnturist”
mehmanxanası qısa müddətdə bərpa olunardı. Bəlkə heç
onda yanğın da olmazdı. Səhv salmıramsa, bir neçə il öncə
“Naxçıvan” mehmanxanasının da başına belə bir iş gətirilmişdi. Amma
Heydər Əliyevin birbaşa müdaxiləsindən sonra bina qorundu.
Hətta dünyada eyni ada məxsus olan mehmanxanalardan yalnız
Bakıdakında mehmanxananın öz adı ilə yanaşı “Naxçıvan” adı da qorunub
saxlandı. Amma “Köhnə İnturist”i qorumaq mümkün olmadı. Yazını
hazırlayarkən bunu da eşitdim ki, “Moskva” mehmanxanası da uğurla sökülür.
Bu binanın inşasını və gözəlliyini Heydər Əliyev
həmişə xatırlayırdı.
Olaylar.-2006.-1 noyabr.- S.11.