Mehdixanlı T.

 

İçərişəhər tarixin yadigarıdır

 

Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Cəfər Qiyasidır

 

Respublikamızın Dövlət Tarix-Memarlıq Qoruğu statusu daşıyan Bakı - İçərişəhər bu gün ictimaiyyətin diqqətini daha çox cəlb edir, onun qorunması problemi son illər müxtəlif səviyyələrdə müzakirə olunur. Öncə bu nadir şəhərsalma abidəsinin əsas inkişaf mərhələləri haqqında məlumat verməniz maraqlı olardı.
- Bakını başqa tarixi şəhərlərimizdən fərqləndirən onun ilk çağlarda dini mərkəz, müqəddəs şəhər kimi yaranmasıdır. Bakı toponiminin mənası haqqında araşdırıcılar müxtəlif mülahizələr söyləsələr də, onların arasında görkəmli tarixçi S.Aşurbəylinin "Allah şəhəri", "Allah yeri" seçimi daha məqsədəuyğundur. Özündə və ətrafında yerdən çıxan təbii yanar qaz qaynaqları üzərində tikilən çoxlu od məbədləri olmuş Bakı yalnız Qafqazın deyil, İran, Orta Asiya və Hindistan atəşpərəstlərinin də nüfuzlu dini mərkəzi sayılmışdır.
Qədim şəhərlərimizin çoxu kimi, Bakının da dəqiq salınma tarixi bilinmir. Üçüncü minilliyin sonlarına aid edilən "Ölülər kitabı" adlı Misir mifologiyasındakı "Bakhau" toponimi ilə eyniləşdirmək hələlik fərziyyə olaraq qalır. İndiyəcən bu fərziyyəni təsdiqləyəcək heç bir dəlil və əlavə məlumat əldə edilməmişdir. Bakı ərazisində sistemli qazıntılar aparılmadığından onun erkən inkişaf mərhələsini aydınlaşdırmaq mümkün olmamışdır... Bakı Elxanilər dövründə, XIII əsrin sonları və XIV əsrdə inkişaf mərhələsi keçmişdir. Həmin dövrdə Bibiheybət məscidi və minarəsi ucaldılıb. İçərişəhərin indiyə qədər qalmış məhəllə məscidlərinin çoxu (Xıdır, Gileyli, Mirzə Əhməd, Keyqubad, Cin) Elxanilərin hakimiyyəti illərində tikilmiş, qədim Cümə məscidi XIV əsrdə yenidən qurulmuşdur.
Orta əsr Bakısının ən yüksək şəhərsalma və memarlıq inkişafı XV əsrdə baş vermişdir. Həmin yüz ildə Şirvanşahların paytaxtı olan Bakıda Azərbaycanın orta əsr memarlığının şah əsərlərindən biri - Şirvanşahlar sarayı kompleksi formalaşmışdır.
XV əsr yüksəlişindən sonra şəhərsalma baxımından xeyli müddət tənəzzül dövrü başlayır. Səfəvilər 1501-ci ildə Bakını tutduqdan sonra o, paytaxt statusunu itirir və 34 kəndin inzibati mərkəzi olan kiçik bir əyalət şəhərinə çevrilir. Bu zaman təpə zirvəsində ucalan Şirvanşahlar sarayı tərk edilir və Bakı hakimləri şəhər qala divarlarından kənarda, indiki Natəvan meydanına yaxın yerdə divarlarla dövrələnmiş iqamətgah tikdirirlər. İndiki İçərişəhərdə Şirvanşahlar sarayının Şərq (Sultan Murad) qapısı XVI əsrdə, Qız qalası önündəki bazar meydanı və məscid binası XVII əsrdə tikilmişdir. Bakı hakimi Zülfüqar xan 1608-ci ildə savaşlarda xeyli zədələnmiş Bakı qalasını möhkəmlədir və Dərbənd (Şamaxı) qapısını yenidən qurur. Lakin bütövlükdə XVI-XVII əsrlər Bakının təkcə siyasi deyil, şəhərsalma və memarlıq baxımından da tənəzzül dövrü olmuşdur.
Xanlıqlar dövründə Bakı xanlığı 39 kənddən ibarət idi və cəmi 500 nəfərlik qoşunu vardı. Həm də XVIII əsrdə rus ordusu 1723, 1781, 1791 və 1800-cü illərdə şəhəri ağır top atəşlərinə tutmuşdu. Şəhərdəki məscid minarələri, günbəzlər zədələnmiş, Şirvanşahlar sarayı kompleksində və məhəllələrdə dağıntılar törənmişdi.
Çarizmin işğalı qədim Bakının - İçərişəhərin gələcək taleyinə böyük təsir göstərdi. Orta əsr müsəlman şəhəri işğalçıların şəhərsalma və hərbi tələbləri ilə uzlaşmırdı. Bu səbəbdən rus administrasiyası ilk illərdən Bakıda dayanıqlı, Avropa tələblərinə uyğun müdafiə sistemi yaratmağa cəhd edirdi. Qala divarlarına yeni bastionlar artırıldı, Qız qalasının uçulmuş üst qatı təmir edilərək mayaka çevrildi. Quberniya mərkəzi Şamaxı 1859-cu ildə zəlzələdən dağıldıqdan sonra Bakı quberniya statusu aldı. O vaxtdan Bakı dəyişir və sürətlə böyüməyə başlayırdı. 1883-cü ildə bayır qala divarı, indiki "Azneft"dən Natəvan meydanınadək uzanan Sahil qala divarı uçurulur, Qoşa qala qapısı yaradılır. Hətta Bakı duması "daş yığını" olan Qız qalasını uçurmaq qərarı verir. Ancaq yaxşı ki, bəd niyyətini gerçəkləşdirə bilmir. Uçurulmuş sahil divarının yerində çoxmərtəbəli evlər tikilir.
Qədim Cümə məscidi sökülüb yerində yenisi ucaldılır, Gileyli məscidi genişləndirilir, Bəylər, Hacı Qaib və Xanlar məscidləri tikilir. Qız qalası önündəki məscid uçurularaq özülləri üstündə Pravoslav kilsəsi, qədim Atəşgah qalıqları üstündə isə Qriqorian kilsəsi inşa edilir. Yaşayış evləri də sürətlə avropalaşır və çoxu 1806-1920-ci illərdə dəyişdirilərək "Avropa zövqünə" uyğunlaşdırılır. Ona görə də indi İçərişəhərdə ilkin plan-məkan quruluşunu və memarlıq özəlliyini saxlamış müsəlman yaşayış evi yox dərəcəsindədir. Son siyahıyaalmada İçərişəhərdəki 450-yə yaxın yaşayış binasının demək olar hamısı XIX əsr və XX əsrin əvvəlinin tikililəridir.
Sovet dövründə, 1920-1991-ci illər arasında İçərişəhərdə yeni tikinti işləri nisbətən az aparılmışdır. Ötən əsrin ortalarında Sahil prospektində tikilmiş altımərtəbəli 2 yaşayış binası (memar M.Hüseynov) hündür həcmləri ilə İçərişəhərin dəniz panoramının önünü xeyli qapadı. 1980-ci illərdə Qoşa qala qapısı yaxınlığında geniş ərazini tutan Azərbaycan Ensiklopediyası baş redaksiyasının binası (memar Z.Quliyeva) inşa edildi. Böyük həcmi, iri elementli uzun fasadı ilə bu bina İçərişəhərin tarixi mühitinə dağıdıcı təsir göstərdi.
Bakı Dövlət Layihə İnstitutunda hazırlanmış, 1964-cü ildə respublika Nazirlər Sovetində təsdiq olunmuş Baş plana əsasən, İçərişəhərin yalnız az bir hissəsində monumental abidələri saxlanmalı və bütün məhəllələri sökülüb ərazisi parka çevrilməli idi. İctimaiyyətin etirazlarına baxmayaraq, layihə ilə bağlı təkcə Şirvanşahlar sarayı ətrafında 97 ev uçuruldu. O zaman İçərişəhərin altından çəkilən metro tuneli də bəzi evlərin yıxılmasına səbəb oldu. Bütün bu binalar araşdırılmadan, onların tarixi və memarlıq dəyəri öyrənilmədən uçurulmuşdu. Beləcə, qədim şəhərin həm bir neçə məhəlləsi dağıdıldı, həm də bu məhəllələrin altında olan zəngin tarixi qatlar ekskovator və buldozerlərlə məhv edildi. Ötən əsrin 60-cı illəri İçərişəhərin çağdaş tarixində çox ağır itkilərə məruz qaldığı dövr oldu. İnsaf xatirinə deyək ki, sovet hakimiyyəti illərində İçərişəhərin və abidələrinin öyrənilməsi sahəsində müəyyən işlər görülmüşdü. 1924-cü ildən başlayaraq arxeoloji araşdırmalar aparıldı. Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məhəllə məscidləri, karvansaralar, hamamlar, yeraltı abidələr üzərində bir çox təmizləmə və bərpa işləri görülmışdır. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verildi.
- İçərişəhərdə son 15 ildə ciddi dəyişikliklər baş verib. 2000-ci ildə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilsə də, onun tarixi simasını pozan yeni tikintilərin aparılması dayandırılmadı. Yeni tikintilərin doğurduğu fəsadların qarşısının alınması məqsədilə 2003-cü ildə ümummilli liderimiz Heydər Əliyev xüsusi sərəncam verdi. Bundan sonra hansı işlər görülübdür?
- İçərişəhər çalışdığım institutda hazırlanan sənədlər əsasında Dünya İrsi Siyahısına salınıb. Respublika üçün bu önəmli tarixi hadisə baş verəndə biz mütəxəssislər ümid edirdik ki, orada 1996-cı ildən geniş vüsət almış yeni tikintilərin qarşısı alınacaq. Ancaq əksinə oldu. Yeni tikinti daha sürətlə və iri miqyasda davam etdirildi. Bu ünvan tarix-memarlıq qoruğu elan edilsə də, uzun müddət ona münasibət qoruq statusuna uyğun olmayıb və qorunması tələb olan səviyyədə təşkil edilməyib. Qoruq ərazisində son illərdə bərpa, təmir, abadlıq və yeni inşaat işləri sistemsiz, baş plansız, elmi metodik əsaslar olmadan aparılmışdır. Bunun nəticəsində qısa müddətdə nadir abidəmiz böyük itkilərə məruz qalmışdı.
Dünya əhəmiyyətli memarlıq əsəri olduğuna görə təsdiq olunmuş regenerasiya layihəsi və ciddi nəzarət olmadan Şirvanşahlar sarayı ətrafında yeni tikinti aparılması yolverilməzdir. Bura İçərişəhərin ən həssas şəhərsalma qovşağıdır. Ancaq saray kompleksinin üstün şəhərsalma mövqeyini, miqyasını, emosional xarakteristikasını, panoramını, görünüş və kompozisiya təsiri zonalarını nəzərə almadan burada son illərdə bir-birinin ardınca iri ölçülü və əcaib üslublu hündür binalar ucaldılmışdır. Saray kompleksinin dominantı olan minarənin önündə, saray ovdanı ilə üz-üzə uçurulmuş birmərtəbəli evin yerində dördmərtəbəli, kobud daş üzlüklü mülk tikilib. Şirvanşahlar türbəsi və saray hamamı önündə tikilən üç şəxsi mülkün mərtəbələri şimal yöndən kompleksin panoramını qapayır, həm də bu mülklərin mərtəbələrindən saray kompleksinin iç həyətləri əl içində olduğu kimi görünür. Saray həyətlərinin belə "ictimai tamaşaya" qoyulması nə bizim əski şəhərsalma ənənələrimizə, nə də orta əsr etikasına uyğundur. Divanxananın şimal-şərq küncündə tikintisi bu yaxınlarda başa çatmış üçmərtəbəli mülkün iddialı tutumunda da memarlığımızın nadir əsəri olan Divanxanaya hörmətdən əsər-əlamət yoxdur.
Saray kompleksinin lap yaxınlığında tikilmiş "italyan üslublu" yeni bina - İtaliya səfirliyinin binasının dördmərtəbəli tutumu ondan xeyli yuxarıda - təpə başında ucaldılmış saray binası ilə bəhsə girir. Kompleksin şərq - Murad darvazası önündə inşa edilmiş ofis binası yalnız iri ölçüləri ilə deyil, həm də inşaat texnikası və memarlığına görə saray kompleksinə yaddır. Bu yeni binalar Şirvanşahlar sarayı kompleksi çevrəsində böyük miqyas pozuntusu yaratmaqla şəhərsalma aksenti kimi sarayın kompozisiya təsiri zonalarını xeyli azaltmışdır.
Qız qalası çevrəsində çoxlu qədim və dəyərli memarlıq abidələri qalmışdır. Bu abidələrin arasındakı məkanlarda aparılan yeni tikintilərdə ən kiçik detalın da ümumi struktur ilə ölçü uyğunluğunda olması zəruri tələbdir. Ancaq burada da tarixi mühitə kobud, ölçü-biçimsiz müdaxilə göz qabağındadır. Qız qalasından qərbdə, birmərtəbəli Moltanı karvansarayı (XV əsr) ilə kiçik həcmli Mollaxana binası (XIII əsr) arasındakı ərazidə on ilə yaxındır ki, funksiyası dəqiq bilinməyən bir "kompleks" tikilir. Bu yer üçün verilmiş ilk və təsdiq olunmuş layihədə ərazinin enişli relyefi boyunca pillə-pillə aşağı enən ikimərtəbəli binalar qrupu nəzərdə tutulmuşdu. Layihədə mövcud məkanın və İçərişəhərin miqyası, memarlıq ruhu gözlənilmişdi. "Kompleksin" ilk tikintisi olan Mollaxanaya bitişik ikimərtəbəli binanın peşəkarlıqla işlənmiş memarlığından bunu aydın görmək olur. Bu, indiki İçərişəhərin pilləvari ənənəvi həcm-məkan sisteminə, bütövlükdə relyef memarlığına da ziddir, həm də mərtəbələri hündür olduğundan bu beşmərtəbəli bina altımərtəbəlidən yüksəkdir. Öz iri ölçüləri ilə yanındakı birmərtəbəli, XV əsr karvansarasını "əzən" və Qız qalası ilə az qala "mübahisəyə" girən bu bina İçərişəhərdə tarixi şəhər mühitinin miqyaslığını pozmağın ən "parlaq" nümunəsidir.
Qədim Bakının atəşgah qalıqları üzərində tikildiyi güman edilən Cümə məscidi bənzərsiz həcm-məkan həlli ilə seçilirdi. Dövrünün incə üslublu binalarından olan Cümə məscidinin önündə tikilən bina (bir müddət Gürcüstan səfirliyi binası oldu) onunla ahəngdarlıqda deyil. Buna səbəb yeni binanın həcminin iri bölgüləri, xüsusilə İçərişəhər üçün səciyyəvi olmayan çox iri və kobud görüntülü künc erkerləridir. Cümə məscidinin XIV əsr minarəsinin yaxınlığında tikilmiş bina isə öz hündürlüyü ilə minarənin əzəmətini zəiflədir.
Sınıq qala - Məhəmməd məscidi Bakının ən qədim abidələrindən biri olmaqla yanaşı, bitkin, bənzərsiz kompozisiyası ilə çox dəyərlidir. XVII əsrdən başlayaraq çəkilən bütün rəsmlərində Sınıq qala minarəsi Bakının panoramının aksentlərindən biri kimi təsvir edilib. Vaxtilə 1-2 mərtəbəli evlər arasında monument kimi yüksələn Sınıq qala indi onu dövrələyən yeni çoxmərtəbəli ofis binalarının iri ölçülərindən yazıq görkəm alıb. Sınıq qala məscidi açıqlıqda tikilən - hər tərəfdən baxılan abidə olub və bərpa layihəsində də məhəllə içində onun ilkin heykəlvari vəziyyətini dirçəltmək nəzərdə tutulmuşdu. Ancaq çağdaş biznesin İçərişəhərə basqını bu planı da gerçəkləşdirməyə imkan verməyib. Yerləşdiyi məhəllənin dominantı olmaq funksiyasını itirən minarə İçərişəhərin müasir panoramında görünməz olub.
Qədim Bakının - İçərişəhərin mərkəzi küçəsi şimalda Şamaxı darvazasından başlayıb cənubda Dağ (Salyan) darvazasınacan uzanan A.Zeynallı küçəsidir. Onun dənizsahili mərkəzi hissəsi şəhərin ticarət mərkəzi idi. İçərişəhərin yeni tikililəri həmin ünvanda son illərdə ciddi dəyişikliklər yaratmışdır. Salyan darvazası önündə, gözəl quruluşlu Qasım bəy hamamı (XVIII əsr) ilə üz-üzə 4 mərtəbəli ofis binası, onun iri ölçülü portalı tarixi mühitlə miqyas uyğunluğunda deyil. A.Zeynallı küçəsi, 39 saylı ünvanda inşa edilən mehmanxana binası bakılılar arasında "Məmmədəlinin kababxanası" adı ilə tanınan tarixi-etnoqrafik bir abidənin məhv edilməsi hesabına meydana gəlmişdir. Sökülmüş ikimərtəbəli bina beşmərtəbəli mehmanxana ilə əvəz edilib. Yan fasadları çox darısqal küçələrə, baş fasadı sahil xiyabanına yönələn bu binada qazanc hərisliyinin memar peşəkarlığını üstələməsinin hansı ağır nəticələr törətdiyi qabarıq görünür. Binanın baş, yan fasadlarından çıxarılan kobud erker tutumları bəs deyilmiş kimi, giriş hissəsi üç metr irəli çıxan həcm şəklində həll edilmişdir. Bu da onsuz da ensiz olan yan küçəni daha da daraltmışdır. Darısqal bir məkanda üç fasadın üçünə də konsol şəklində tutumlar çıxarılması Azərbaycan şəhərsalma ənələrinə biganəlik, İçərişəhərə hörmətsizlikdir.
İçərişəhərin başqa hissələrində, məhəllələrində də belə hallar çoxdur. Məhz bu zərərli prosesin qarşısının alınması məqsədi ilə ulu öndər Heydər Əliyev 2003-cü il 17 fevral tarixli "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam verdi. Sərəncamda göstərilmişdi ki, "Bakı Şəhər İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpası qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin". Təəssüf ki, Prezidentin sərəncamına əməl olunmadı. İçərişəhərdə tikinti işləri bu günəcən davam edir.
Ümummilli liderin ənənələrinin sadiq davamçısı Prezident cənab İlham Əliyevin 10 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam vermişdir. Sərəncama əsasən, göstərilən idarənin ikili tabeçiliyi ləğv edildi. İçərişəhərin qorunması, bərpa edilməsi prosesində yaxşılığa doğru dönüş yaratmaq yolu göstərildi. Cənab Prezidentin 18 avqust 2006-cı il tarixli sərəncamı isə paytaxt Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqındadır. İnanırıq ki, bu sərəncam İçərişəhər ərazisindəki abidələrimizin bərpa və qorunması problemini yüksək səviyyədə, respublikanın müasir iqtisadi imkanlarına, beynəlxalq standartlara uyğun qurmağa imkan verəcəkdir.
- Son vaxtlar İçərişəhərin nadir şəhərsalma abidəsi kimi qorunmasına ölkə rəhbərliyi qayğı göstərir. Bu vacib vəzifənin yerinə yetirilməsi üçün hansı işlər görülməlidir?
- İçərişəhər öz xarakterinə görə zəngin memarlıq - şəhərsalma irsi olan şəhər tipinə aiddir. Onun planlaşma quruluşu, məkan kompozisiyası və memarlıq görkəmi böyük önəm daşıyır. İçərişəhərdə yetkin orta əsr müsəlman şəhərinin planlaşma quruluşunun əsas elementləri, yüksək memarlığı olan ansambl və komplekslər, memarlıq, şəhərsalma dəyərli sıravi tikililər qalmışdır. Ərazidə olan çoxsaylı abidələr arasında Qız qalası və Şirvanşahlar sarayı ansamblı memarlıq-bədii keyfiyyətinə görə daha üstündür. Ona görə də YUNESKO-nun Dünya İrsi Siyahısına Azərbaycan memarlıq irsinin ilk obyekti "Bakıda Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər" adı ilə salınmışdır. Dünyanın seçmə abidələri sırasına daxil edilmiş İçərişəhərin mühafizəsi Azərbaycan Respublikası mədəniyyətinin mühüm milli problemlərindən biridir. Bu nadir şəhərsalma abidəsinin mühafizə edilib gələcək nəsillərə çatdırılması üçün uzunmüdddətli proqram və elmi konsepsiyanın hazırlanması zəruridir.
İçərişəhərin qorunması və nadir şəhərsalma abidəsi kimi gələcək taleyi onun ərazisində bütün işlərin mükəmməl bərpa-regenerasiya baş planı əsasında aparılmasından asılıdır. Bu məqsədlə ilk növbədə İçərişəhərin baş planı işlənib hazırlanmalı və kompleks regenerasiyasının başlıca istiqamətləri müəyyən olunana qədər onun ərazisində tikinti-abadlıq işləri mütləq dayandırılmalıdır. Burada yaşayış fondu qorunmalıdır. Mövcud qədim yaşayış evlərinin konservasiya edilib möhkəmləndirilməsi, ilkin vəziyyətinə qaytarılması zəruridir. Son illər ərzində çoxlu ofis (əsasən xarici neft şirkətlərinin) və səfirlik binaları tikildiyindən qoruq şəhər iri avtoparka çevrilib. İçərişəhərin tarixi quruluşu, fiziki durumu və mikroiqliminə böyük təhlükə törədən bu tendensiyanın qarşısı təcili alınmalı, qoruq tələblərinə cavab verən nəqliyyat rejimi yaratmaqla törədilmiş fəsadlar aradan qaldırılmalıdır. İçərişəhərin altından çəkilmiş metro tunelinin dağıdıcı vibrasiyalarının yox edilməsi üçün tədbirlər görülməlidir.
Funksional quruluşunun həddindən artıq yüklənməsinin qarşısı alınmalı, abidələrdən istifadə edərkən memarlıq tipinə və ilkin yaranışına hörmətlə yanaşılmalıdır. Təəssüf ki, hazırda orada memarlıq abidələrindən, xüsusilə hamam və karvansara binalarından istifadə edilərkən özbaşınalıq, anarxiya hökm sürür.
Qoruq ərazisində geniş, planlı arxeoloji qazıntı işlərinin aparılması təmin edilməlidir. Qız qalası ətrafında qazıntılar tamamlanmalı, Şirvanşahlar sarayı kompleksi, Cəbbəxana qülləsi ətrafında, Bakı xan evləri kompleksində, Vahid bağı ərazisində arxeoloji tədqiqatlara vəsait ayrılmalıdır. Arxeoloq, memar və başqa mütəxəssislərin birgə fəaliyyəti ilə İçərişəhərin mühəndis-kommunikasiya sistemi, yeraltı yollar tədqiq edilib bərpa olunmalıdır. Belə olarsa, indi İçərişəhərin fiziki durumuna böyük ziyan vuran susızmaların, rütubətin də qarşısı alınar. Bu gün İçərişəhərin qiymətli memarlıq abidələrinin əksəriyyətinin bərpa və konservasiya işlərinə ehtiyacı var. Keçmişdə bu ünvana qarşı çox amansızlıqlar olub. Qənim kəsilənlərin də əksəriyyəti gəlmələr, əcnəbilər idi. Bəs indi? Necə deyərlər, hazırda öz əlimiz, öz başımızdır. Müstəqilliyimizin vacib şərtlərindən biri də ulularımızdan qalan yadigarları qorumaqdır. İçərişəhər memarlıq abidələri tarixin sınaqlarından çıxıb. Onların qədrini bilmək hər birimizin borcudur.

Bakının bugünkü görkəmi özünəməxsus relyefi ilə nadir memarlıq incilərinin harmonik vəhdətini əks etdirir. Lakin uzun illərdən bəri Azərbaycanın nadir tarixi-memarlıq abidələri lazımınca qorunmamış, onlardan bir çoxu baxımsızlıq üzündən yararsız hala düşmüş, səriştəsizlik nəticəsində bəzilərinin bərpası tikililərin heyrətamiz tarixi görünüşünə və çoxəsrlik memarlıq irsi ənənələrinə ciddi xələl gətirilərək aparılmışdır.
"
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2006-cı il tarixli Sərəncamından

 

Azərbaycan.- 2006.- 7 noyabr.- S.6.