Kəbutər

Kompüterin köməyi ilə çəkiləcək ilk film: “Cavad xan”

Filmin başından buludlar dağılır
Rejissor Rövşən Almuradlı tərəfindən ekranlaşdırılacaq “Cavad xan” filminin rejissor ssenarisi başa çatdıqdan dərhal sonra, yəni texniki heyət hələ “bismillah” eləməyə macal tapmamış qalmaqal qopdu. Ssenarisinin plagiatlıq olduğu deyilən filmin mövzusu ətrafında müzakirələrə başlandı. Bu günlərdə isə artıq filmin ilkin hazırlıq işlərinin başa çatdığını, çəkilişə lazım olacaq işlərə başlandığını eşitdik.

Filmin proddüsseri Heydər Dadaşovun dediklərinə görə “Cavad xan” Azərbaycanda kompüter sisteminin köməyi ilə ekranlaşdırılacaq ilk əsər olacaq. Kompüter texnologiyasından yararlanmaq üçün xaricə üz tutan rejissor və proddüsser Rusiya, Türkiyə, Çexoslovakiyaya baş vurduqdan sonra rusların peşəkarlığının və texnikalarının gücünü görüb Moskvanın üstündə dayanıblar: “ Birdən-birə 10 min əsgərin döyüş səhnəsini yaratmaq olduqca çətin bir şeydi. Ona görə də Hollivudda və başqa ölkələrdə olduğu kimi biz də bu filmin çəklişində kompüterlərin köməyindən istifadə edəcəyik.
Filmin çəkilişlərində kinostudiyanın pavilyonlarından da istifadə ediləcək. 7 dekorasiya qurulub. Çox sevindirici bir haldır ki, Azərbaycan kinostudiyası bizim üçün əlindən gələn şəraiti yaradıb. Kinostudiyanın paltar sexindən və digər obyektlərdən istifadədən ötrü çox gözəl bir şərait yaradılıb. Bu film Mədəniyyət Nazirliyinin xüsusi diqqətindədi. Maliyyə məsələlərinə gəlincə isə, ilkin olaraq nəzərdə tutulmuş pul ayrılır, ona uyğun ssenari qurulur və çəkiliş dövründə məbləğ dəyişir. Yəni, pul filmə mərhələlərlə ayrılır. “
Məlumat üçün qeyd edək ki, “Cavadxan” filminin rejissoru olan Rövşən Almuradlı 20-dək sənədli filmin (“Qobustan”, “İsmayıl Şıxlı”, “Molla Cuma”, “Qax abidələri”, “Padarçöl”, “Qudyalçay”, “Etnoqrafik etüdlər” və s.), “Anamın kitabı”, “Kleopatra”, “Qayalarda qalan səs”, “Şəkilçi və şəkilçi” televiziya tamaşalarının, “Bəsdir, ağlama”, “Yük”, “Yaz yuxusunun işığı” bədii televiziya filmlərinin, “Abbas və Gülgəz”, “Koroğlu” film dastanlarının müəllifidir. Xatırladaq ki, Berlin kinofestivalında yüksək mükafata layiq görülən, Azərbaycan milyonçusu Ağamusa Nağıyevin həyatından bəhs edən fəlsəfi-psixoloji “Yük” filmi İrlandiya, Yaponiya, Fransa, Kanada da daxil olmaqla 10-dan çox ölkələrdə keçirilən beynəlxalq kino festivallara dəvət alıb. Teatr fəaliyyətində Nazim Hikmət, Mövlud Süleymanlı, Şekspir, Dostoyevski, Qoqol, Anar, Əkrəm Əylisli, Cəlil Məmmədquluzadə yaradıcılığına imza atıb. Və son işi olan İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” tamaşası kifayət qədər rezonans doğurub. Rövşən Almuradlı film haqqında danışarkən rejissor ssenarisinin artıq hazır olduğunu dedi. “Bundan sonra hazırlıq dövrü gəlir ki, həmin dövrdə sınaq çəkilişləri həyata keçirilir, çəkiliş yerləri seçilir. Mən hələ də baş rolları oynayacaq aktyorların adını açıqlamaq istəmirəm. Yalnız onu deyim ki, filmin çəkilişləri təxminən yanvar ayında başlayacaq. Təbii ki, onlar seçiliblər, ancaq Cavad xan kimi tarixi şəxsiyyətin ekran həyatını yaratmaq üçün özümdə elə bir məsuliyyət hiss edirəm ki, bu işi dönə-dönə nəzərdən keçirtmək fikrindəyəm. Sınaq çəkilişləri başlamadığı üçün mən rollar barədə danışmaq istəməzdim. Burda aktyorları çox həssaslıqla seçməliyik. Bu, səhnə deyil ki, beşinci sıradan sonra aktyorun üzünün ifadəsi yox, plastikası görünsün. Ekranda aktyorun gözünün içi birdən-birə üç metrlik pərdədə görünür. Elə aktyor seçilməlidi ki, Cavad xanı oynamasın, sevsin, özününküləşdirsin.” Bəstəkarı Sərdar Fərəcoğlu olan “Cavad xan” filminin əsas səhnələri Gəncədə, kütləvi səhnələr isə respublikadan kənarda çəkiləcək. Çünki döyüş səhnələri üçün böyük sayda at ilxıları gətirmək bir qədər çətinlik yaradır:”Şəhərətrafı döyüş səhnələrini çəkməkdən ötrü iri çöllüklər lazımdı. Bu tarixi bir film olduğundan türk ordu sistemini öyrənmək, onu tətbiq etmək böyük məsuliyyət və bacarıq tələb edir. Biz mütəxəssislər dəvət etmişik. Türk ordusunu Metexan necə qurmuşdusa, birinci dünya müharibəsinə qədər elə də gəldi. Sadəcə olaraq, texnika inkişaf edəndən və toplar meydana çıxandan sonra müəyyən korrektələr olmuşdu. Artilleriya döyüşə gələndə süvari öz üstünlüyünü müəyyən dərəcədə itirdi. Bununla bərabər Avropanın və Şərqin özünün döyüş taktikaları vardı. Son döyüşdə Cavad xanın 25 min nəfərlik ordusu vardı. Onun 5 mini şəhid oldu. 10 mini əsir düşdü, 10 mini də dağılıb getdi. 120 min nəfərlik mükəmməl rus ordusuna qarşı döyüşüb Cavad xan. O rus ordusuna ki, Napoleon kimi nəhəngi məhv etdi. Bütün bunları biz canlandırmalıyıq və milli kimliyimizi göstərməliyik dünyaya.” Bizim döyüş tariximizdə qadınlarımızın döyüşə getməsi faktı məlum olsa da, indiyə qədər çəkilən tarixi filmlərimizdə bu fakt öz əksini tapmayıb. Rövşən Almuradlı da bu faktı təsdiqlədi: “Cavad xanın xanımları da döyüş vaxtı Gəncədə olublar. O döyüşdə bütün Gəncə iştirak edib, qadınlar da o cümlədən və mən bu faktı öz filmimdə göstərəcəm. Amma elə tarixi faktlar var ki, biz onu olduğu kimi filmə daxil edə bilmirik. Bu çox seriyalı televiziya filmi olsaydı, mümkün olardı. Azərbaycanın birləşməsi üçün atılan addımlardan biri Cavad xana məxsus olub. Azərbaycan xanlıqları ayrı-ayrı mərkəzlər idi. Onların birləşməsinə sadəcə imkan, vaxt olmadı. Ona qalsa Avropa hersoqluqlara, knyazlıqlara bölünmüşdü. Amma onların dini rəhbərləri olan Vatikan bu bölünmüş torpaqları birləşdirməyi bacardı. Bizimsə xilafətimiz yox idi. Din ikinci plana çəkilmişdi. Baxın, İran şahlığının taxtına çıxan Nadir şah qaçaq idi, oldu sərkərdə, sonra şah. Məhz onun şahlıq təfəkkürü olmadığına görəydi ki, o gəlib Borçalı torpağını gürcülərə bağışladı. Gəncə xanı Qacar nəslindən olduğuna görə Nadir şah bu addımı atdı. 500 il idi ki, Qacarın nəsli Gəncədə xanlıq edirdi. Bütün Şəmsəddin sultanlığı, Göyçə mahalının yarıdan çoxu, Borçalı mahalı bütünlükdə Gəncənin tərkibinə daxil idi. Gəncə xanlığı ərazisinə görə bütöv Gürcüstandan böyük idi. Cavad xan şah olmalıydı. Bu tarixi faktdır ki, onu sağ saxlamaqdan ötrü Qacar nəsli və dərviş təkhiyələri hansı yollara əl atmayıblar. Biz bu məlumatlara qədər gedib çıxmışıq. Cavad xanın o odu-alovu, qızğınlığı buna imkan verməyib. Döyüş başlamazdan bir az əvvəl əhli-əyalı ilə birlikdə şəhərdən çıxmalı olan xan döyüş başlayanda isə görürlər ki, qoşunun başındadı, cihad deyib qışqırır. Cavad xan, həm də böyük diplomat olub. Xanlığının daimi idarəetmə strukturu fəaliyyət göstərib. Qoşunun xüsusi geyim növü vardı. Və bütün bunların hamısının filmdə öz əksini tapmaq üçün böyük işlərə başlamışıq.” Filmdə Cavad xanı tək qoyan Azərbaycan xanları, bu xanlıqlar haqqında materiallar öz əksini tapacaqmı sualına quruluşçu rejissor belə məqamların ən vacibini, birbaşa məğlubiyyətə dəxli olan məqamları işıqlandıracağını söylədi:” Bunlar bir yerdə döyüşə bilmirdilər. Bir yerə yığılıb bir qüvvə, bir yumruq kimi düşmənə qarşı gedə bilmirdilər. Hərə öz evini, öz torpağını və öz yurdunu qoruyurdu ki, bu günə qədər yaşayan belə feodal düşüncəsi bizim faciələrmizi törədib. Mən istəyirəm ki, millətimə məğlub olmağımızın səbəbini açıb göstərim, dünya isə bizi Cavad xan kimi qəhrəmanın timsalında tanısın. Ən müsair texnologiyaların xidmətindən və yaradıcı heyətin peşəkarlığından yararlanaraq bu işi, inşallah, bacaracağam.
Bundan başqa bizdə imkan olacaq ki, səhnədə birdən-birə 50-60 minlik qoşun göstərə bilək. Çəkilişlər bir neçə kamera ilə müxtəlif yerlərdən aparılacaq.”
Hələ bismillah eləməmiş, artıq “Cavadxan” filmi haqqında söz-söhbət başlamasına, Nüşabə Məmmədlinin ssenarinin oğurluq olduğunu söyləməsinə isə rejissor münasibət bildirmək istəmədi: “Bu, o qədər absurd bir iddiadır ki, heç bu məsələni müzakirə etmək belə istəmirəm.”
Yeri gəlmişkən, Rövşən Almuradlının “Koroğlu” filminin də yarımçıq qalmış iki seriyası çəkilib və hazırda montaj işləri gedir. Bir neçə həftədən sonra film ekranlarda nümayiş olunacaq.


Yeni
Azərbaycan.- 2006.-13oktyabr.- S. 8.