Hacıbaba Ağarza oğlu Bağırov

 

Azərbaycan teatr sənətinə ağır itki üz vermişdir. Milli mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov 2006-cı il oktyabr ayının 4-də ömrünün 75-ci ilində vəfat etmişdir.
Hacıbaba Bağırov 1932-ci il iyunun 12-də Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarından teatra olan həvəs onu 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdindəki aktyorluq studiyasına gətirmişdir. Müstəqil yaradıcılıq fəaliyyətinə 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayan Hacıbaba Bağırov 1960-cı ildə Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunmuş, 1962-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır. Hacıbaba Bağırov 1989—1996-cı illərdə özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrının bədii rəhbəri işləmiş, 1996-cı ildən taleyini yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlayaraq, burada bədii rəhbər və direktor vəzifəsini tutmuşdur.
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarını təşkil edən obrazlar komik çalarları sayəsində qısa müddət ərzində tanınıb sevilməyə başlamışdır. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar musiqili komediya teatrımızın tarixinə həmişəlik daxil olmuşdur.
Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Hər bir çıxışını teatrsevərlər üçün əsil bayrama çevirməyi bacaran aktyor insanları gülərək öz çatışmazlıqlarından ayrılmağa çağırırdı. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirmişdir. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarmışdır.
Səhnədə göstərdiyi fəaliyyəti ilə yanaşı, Hacıbaba Bağırov Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini vermişdir. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunmuş və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilmişdir.
Hacıbaba Bağırovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni aktyor nəslinin yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də təqdirəlayiqdir.
Azərbaycan mədəniyyətinin zənginləşməsi üçün qüvvə və bacarığını əsirgəməyən sənətkar bütün ömrünü milli teatr fədaisi kimi yaşamışdır. Hamını güldürərək düşündürən Hacıbaba Bağırov müasir tariximizin ən ağır anlarında belə həqiqi vətəndaş mövqeyi nümayiş etdirmişdir.
Hacıbaba Bağırovun mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, müxtəlif fəxri ad və mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan səhnəsinin böyük gülüş ustası, qayğıkeş və səmimi insan Hacıbaba Bağırovun işıqlı xatirəsi bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV,
Fatma ABDULLAZADƏ, Əbülfəs QARAYEV, Anar RZAYEV, Rüstəm İBRAHİMBƏYOV, Azər Paşa NEYMƏTOV, Tofiq BAKIXANOV, Şəfiqə AXUNDOVA, Cənnət SƏLİMOVA, Siyavuş ASLAN, Yaşar NURİYEV,
Afaq BƏŞİRQIZI, Cavanşir CƏFƏROV
Mərhumun cənazəsi vidalaşmaq üçün 2006-cı il oktyabrın 5-də saat 13:00-dan 15:00-a qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında (Azərbaycan prospekti, 8) qoyulacaqdır.


                   Xalq qəzeti.- 2006.- 5 oktyabr.- S. 5
.