Mehdixanlı Telman

 

O, istedadlı memar idi

 

 

Yaxın günlərdə 2500 yaşı qeyd edilən Gəncə şəhərinin abadlığına, tarixi abidələrinin bərpasına, yeni yaşayış massivlərinin salınmasına əmək sərf edənlərdən biri də Fərman Həsənqulu oğlu İmamquliyev olmuşdur.
F.İmamquliyev 80 il əvvəl Gəncə şəhərində dünyaya göz açmışdı. Çətinliklərə, ehtiyaclara baxmayaraq orta təhsilini başa vurub Tbilisi şəhərində Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə daxil olmuş, bir il orada oxumuş, müəllimlərinin hörmətini qazanmış, əlaçı tələbə kimi tanınmışdı. Amma gözü yolda, qulağı səsdə qalmışdı. Doğma vətəndən ayrılıq ona zillət verirdi. Nəhayət, o, 1944-cü ildə köçürmə yolu ilə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə keçmiş, təhsilini burada davam etdirmişdi. İkinci kursda oxuyarkən "Sumqayıt şəhərinin giriş darvazası" layihəsi müsabiqəsində üçüncü mükafata layiq görülmüşdü.
Gənc Fərman haqqında eşitdiyi bir çox tarixi-memarlıq abidələrini Bakıda gördü. Boş vaxtlarında saatlarla İçərişəhəri gəzib-dolaşardı. Möhtəşəm "Qız qalası"nın qənşərində dayanıb, bu sənət nümunəsinə baxardı. Ürəyi qurmaq, yaratmaq, tarixi ənənələri yaşatmaq, yeni memarlıq elementləri tapmaq həvəsi ilə döyünərdi. Tədris vəsaitləri ilə kifayətlənməz, əlavə ədəbiyyatlar oxuyar, dünya memarlıq nümunələri ilə məlumatlanardı. 1949-cu ildə ali təhsilini başa vurub doğma Gəncəyə qayıtdı. Memarlıq-Layihə İdarəsində əmək fəaliyyətinə başladı. Dəmiryol idarəsinin, musiqi məktəbinin, Gəncə Dram Teatrının və başqa binaların yenidənqurma, memarlıq işlərini ona tapşırdılar. O da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi.
1951-ci ildə Gəncə şəhərinə baş memar təyin olundu. Bu vəzifədə işlədiyi illər ərzində baş plana əsasən şəhərin sənaye müəssisələrinin tikilməsi, Yeni Gəncə, Xarabayeri, Gülüstan, Mahrasabağı, Sadıllı, ümumiyyətlə, Gəncənin görünüşünü dəyişdirən digər binaların yaranmasında bilavasitə iştirak edib. Şəhərin şimal-şərq qovşağına əsasən Aliminium zavodu, 3 saylı tikinti tresti daxildir. Qərb sənaye qovşağı isə Maşınqayırma, Çini qablar, Sənaye-rabitə, "Billur" zavodları və Qənnadı fabriki müəssisələrini cəmləşdirir. Şəhərdə hər hansı mühəndis qurğularının tikilməsi, eləcə də küçələrin abadlaşması, yaşıllaşması, bədii tərtibat işlərinin görülməsi memar əməyinin, nəzarətinin bəhrəsidir.
Nizami məqbərəsi, Hacı Vaqifin türbəsi, inzibati meydanın və Şah Abbas məscidi ətrafının abadlaşdırılması, Xatirə parkının salınması, bulaqların tikilməsi, Mirzə Şəfi Vazehin, Füzulinin heykəlləri, İkinci Dünya müharibəsində həlak olan gəncəlilərin şərəfinə xatirə kompleksi, şəhər körpülərinin məhəccərləri onun layihələri əsasında yaradılıb. 1961-70-ci illərdə Şah Abbas məscidi ətrafında, şəhər istirahət parkında, inzibati meydanın yenidən qurulması, abadlaşdırılmasında, Univermaq, "Bakı" kinoteatrı, "Kəpəz" mehmanxanası binalarının, Qənnadı fabrikinin, Çini qablar, Əlvan metal və çörək məmulatları zavodlarının, ət kombinatının, "Nizami", "28 May" küçələri və körpülərin şəhərin baş planına uyğun tikilməsinə nail ola bilib. Qatır Məmmədin, Fərhadın heykəllərini, Məhəmməd Hadinin, Qənbər Hüseynlinin qəbirüstü abidələrini də elə o illərdə yaradıb.
Gəncənin inkişafı 1970-ci illərdə daha da uğurlu olmuşdu. Layihə İnstitutunun köməyilə şəhərin su-kanalizasiya planı hazırlandı, geniş tikinti işləri aparıldı. Gəncəçayın sağ sahilində bulvar - sağlamlıq zonası salındı, Çiragidzor körpüsü, eləcə də çayın dayaq divarlarının qorunması, yatağın nizamlanmasına dair dəyərli layihə hazırlandı. Həmin vaxtlar şəhərdə qədim memarlıq və tarixi abidələrin bərpası ilə əlaqədar geniş bədii tərtibat işlərinə başlandı. Onların çoxu bərbad vəziyyətə düşmüş, dağılmaq həddinə çatmışdı. Xüsusən məscidlər yaman gündə idi. O yadigarların az müddət ərzində bərpa edilməsində gücünü, bacarığını əsirgəmədi. Gəncə şəhərində illərlə apardığı şəhərsalma, əsaslı tikinti, yenidənqurma, abadlıq, bədii tərtibat işləri öz bəhrəsini vermişdi.
...Fərman müəllim işgüzar, qabiliyyətli, dünya memarlıq, xüsusən Şərqdə mövcud olan sənət ənənələrini yaşadan dərin bilgili yaradıcı olmaqla, həm də son dərəcə sadə, təvazökar insan idi.
...Gəncə şəhərinin 2500 yaşı tamam oldu. Əlamətdar yubileydə çoxlarının qayğısı, əməyi xatırlandı. İllər boyu bu məkanın inkişafı üçün can yandıranlar unudulmadılar. Onlardan biri də 45 il Gəncə şəhərinin daha da gözəlləşməsinə can yandıran, quran, yaradan, bərpa edən, işi daim urvatlı tutulan Fərman Həsənqulu oğlu İmamquliyevdir. Bu günlər onun da adı Gəncəmizin şöhrəti, tarixi, yubileyi ilə birlikdə çəkilir.

 
Azərbaycan.- 2006.- 12 oktyabr.- S. 8.