Nüşabə

 

Muğam üçlüyündə xanım tarzən

Humay Qədimova hesab edir ki, muğamı ifa etmək üçün gərək

məhz azərbaycanlı olasan

 

Xalq musiqimizin gənclər arasında sevilməsi, təbliği sevindirici haldır. Çünki, bu janrın ifaçıları arasında gənclərin günü-gündən artması tamaşaçı zövqünün düzgün istiqamətdə formalaşacağından xəbər verir. İndi sənət aləmində yeknəsək ifaçıların çoxluğu hökm sürsə belə, istənilən anda zövqlü Azərbaycan tamaşaçısı layiqli musiqini dinləməyi bacarır. Zövqlər müxtəlif olsa belə professional ifa da tamaşaçının diqqətini cəlb etməli, onda əsil sənət haqqında müəyyən təəssürat yaratmalıdır. "Palitra" xalq musiqimizi sevən, bu istiqamətdə yaradıcılığını davam etdirən gənclərin sənətdə ilk addımla izləyir, onların yaradıcılıqla ilə sizləri yaxından tanış edir. Bu dəfə ənənəmizə sadiq qaldıq. Həmsöhbətimiz isə gənc istedadlı tarzən Humay Qədimovadır. H.Qədimova 1986-cı ildə Bakıda anadan olub. Orta təhsilini Nizami rayonunda yerləşən 272 saylı orta məktəbdə, ilk musiqi təhsilini isə 1 saylı musiqi-incəsənət məktəbində alıb. Musiqi məktəbində o, həm tar, həm də fortepiano siniflərində oxuyub. Asəf Zeynallı adına Musiqi Kollecinin məzunu olan Humay hazırda Azərbaycan Milli Konservatoriyasının 1-ci kursunu bitirib. Humayı tarzən olmağa isə qardaşı həvəsləndirib: "Musiqi məktəbində qardaşım tar sinfində, mən isə fortepiano üzrə musiqi təhsili alırdıq. Yeddi il musiqi təhsili alırdıq. Yeddi il fortepiano üzrə təhsil almışam. Tara marağımın yaranmasında qardaşım səbəb oldu. O, tar ifa edəndə, ona maraqla qulaq asardım. Tar milli musiqimizi təbliğ edir. Milli ruhda olduğu üçün məni bu alət cəlb etdi. Elə demək olar ki, ilk tar müəllimim qardaşım olub. Sonra tar sinfinə qəbul olmuşam".

      - Bəs yaxınlarınız bu addımınızı necə qiymətləndirdi?

     -Evdə narazılıqla qarşıladılar. Çünki, bu alətlə hər gün dərsə sərbəst gedib-gəlmək çətinlik törədirdi. Məni bu yoldan döndərmək üçün onlar mənə tar almaq istəmədilər. Lakin bunun da çarəsi tapıldı. Belə ki, musiqi məktəbində Xuraman adlı müəlliməm mənə  məktəbi  bitirənə qədər dərslər üçün özü tar verdi. Daha sonra təhsilimi başa vurduqdan sonra mən aləti Xuraman müəlliməyə qaytardım. Yalnız Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul otduqdan sonra tar ala biidim.

- Muğamlarımızı, milli musiqimizi tarın müşayiəti olmadan təsəvvür etmək mümkün deyil. Bir gənc ifaçı kimi xalq musiqimizin,  muğamlarımızın təbliği sənin fikrincə hansı səviyyədə aparılır?

      - Bilirsiniz, bizim xalq musiqimiz doğrudan da zəngindir. Bu janrda ifa edən neçə-neçə sənətkarlarımız var ki, onların sənət yolunu davam etdirmək bizim mənəvi borcumuzdur. Onların bizə qoyub getdikləri bu irsi unutmaq məncə, böyük bir qəbahət olardı. Dörd-beş il öncə muğamın təbliği bizdə zəif idi. Amma son zamanlar bu sahəyə diqqət artırılıb. Muğamı gənclər sevir, öyrənir. Hətta son zamanlar estrada janrında oxuyan müğənnilər muğam oxumağa başlayırlar. Mən bu hala yaxşı baxıram. Bilirsiniz, bir çox janrların, o cümlədən, repin, pop musiqisinin vətəni Qərb ölkələri olsa da, orada da muğamı sevirlər. Müqayisə üçün türklər muğam ifa etməyə çalışsalar da alınmır. Çünki, muğamı ifa etmək üçün gərək məhz azərbaycanlı olasan. Yoxsa, musiqidə o avaz eşidilməyəcək.

       - Qardaşının   sənətdə   ilk müəllimin olduğunu vurğuladın. Bu sənəti öyrənməkdə daha kimlərin əməyi olub?

-Xuraman xanım musiqi məktəbində ilk müəllimim olub. Daha sonra sənətin sirlərini Elxan Müzəffərov, Malik Mansurov, Hacı Rasim kimi sənətkarlardan öyrənmişəm.

- Yəqin ki, qastrol səfərlərində tez-tez olursuz?

- İran, Türkiyə, Moldova, Rusiya başqa ölkələrdə qastrol səfərlərində olmuşam. Bu yaxınlarda muğamımızın gözəl ifaçılarından Səkinə İsmayılova ilə birlikdə

Azərbaycan Ziyalılarının Qurultayı ilə bağlı Antalyada səfərdə olmuşduq.

-Adətən əcnəbi tamaşaçı muğam üclüvündə tar kamançanın kişi ifaçılar tərəfindən müşayiətini görüb. Sizin tarda ifanız onlara yəqin ki, təəccüblü gəldi?

- Səkinə xanımı konsert proqramlarında mən tarda, digər bir xanım isə kamançada müşayiət edib. Doğrudur, muğam ifaçısını qızların müşayiət etməsi onları təəccübləndirdi. Onlar mənə yaxınlaşıb minnətdarlıqlarını bildirirdilər. Hətta bizə bəzi ölkələrə çıxış etmək üçün dəvət edənlər muğam üçlüyündə məhz bizi görmək istədiklərini vurğuladılar.

- Estradamızda çox sevilən Röyanın konsertində çıxışın tamaşaçıların yadında qalıb.

- Necə oldu ki, konsertdə çıxış etmək üçün təklif aldın?

- Bizi Röya xanımla Cabir Abdullayev tanış etdi. Təbii ki, muğam ifa etmək onun öz arzusu zövqü çərçivəsində baş tutdu. Layihənin yaradıcıları fikirləşdilər

ki, yalnız qızlardan ibarət trio tamaşaçı üçün maraqlı olacaq. Röya "Dilkeş" muğamını ifa etdi, bizdə müşayiət edik. Konsertdən sonra bizi təbrik edənlər çox idi. Yəqin tamaşaçı tərəfindən bəyənildi.

- Son zamanlar xalq artisti Səkinə İsmayılova ilə birgə bir çox televiziya proqramlarına da qatılırsan. Yəqin ki, kənardan dinləyici kimi ifanı nəzərdən

keçirirsən.  Maraqlıdır,   özün ifanda hansı qüsurları görürsən?

- Təbii ki, qüsurlar olur. Ona görə çox çalışıram ki, ifam mükəmməlləşsin. Həm , sənətdə   sağlam   rəqabət   aparmaq üçün öz üzərində çalışmaq vacibdir. Sənətinə çox dəyər verdiyim Möhlət Müslümovun bu barədə danışdıqlarını yada salmaq istərdim: "Mən 25 yaşında ifa etdiyimi 30 yaşında, 30 yaşında ifa etdiyimi 35 yaşında bəyənmirəm." Yəni, yaş keçdikcə insanın kamilləşməsi onun sənətinə təsir edir.  Hardasa onun daxili aləmi sənətini zənginləşdirir.

H.Qədimova bu günə qədər müxtəlif festivallarda, müsabiqələrdə sənətini nümayiş etdirib. Moldovada keçirilən festivalın fəxri diplomuna layiq görülüb. Azərbaycanda 2001-ci ildə keçirilən müsabiqələrin birində Humay yaxşı nəticə əldə edib növbəti diplomun sahibinə çevrilib. İndiyədək onun iştirakı ilə iki klip işıq üzü görüb. Lakin maliyyə imkanlarına görə televiziya kanalları bu klipləri çox nadir hallarda efirə verirlər. Hazırda isə Humay təhsil aldığı incəsənət ocağından tələbə yoldaşları ilə birgə yaratdıqları "Azəri qızlar" muğam üçlüyü ilə məşqləri davam edir.

 

Palitra.- 2006.- 28  iyun.- S. 12.